Feldmarşal Paulyus

Feldmarşal Paulyus

Düz 60 il əvvəl — 1943-cü ilin yanvarında sovet qoşunları Stalinqrad (indiki Volqoqrad) şəhəri ətrafında alman faşistlərinin 6-cı səhra ordusunu mühasirəyə almışdılar. Orduya general-polkovnik Fridrix Paulyus komandanlıq edirdi.
Yanvarın 30-da Hitler mühasirəyə düşmüş komandanın əhvalını yüksəltmək üçün ona feldmarşal rütbəsi vermişdi. Çünki hələ dekabrın əvvəllərində köməyə göndərilən xüsusi birləşmələr mühasirəni yarıb ordunu və onun komandanını xilas etməyə cəhd göstərsələr də, bu cəhdlər nəticəsiz qalmışdı.
General M.Şumilovun başçılığı ilə sovet qoşunlarının 64-cü ordusu Stalinqradın cənubundan şəhərə tərəf irəliləyərkən müəyyən edilmişdi ki, Paulyusun qərargahı şəhər univermağının zirzəmisində yerləşir.
General-leytenant İ.Laskinin xatirələrindən: «Yanvarın 31-də saat 7.40-da general M.Şumilov bizi yanına çağırıb bildirdi ki, ölkə rəhbərliyi mühasirədəki alman ordu birləşməsinin təslim olmasına xüsusi əhəmiyyət verir. Alınan son məlumatlara görə, alman komandanlığı təslim olmağa hazırlaşır. Paulyusun özünün isə sağ-salamat götürülməsi barədə xüsusi göstəriş var».

Podpolkovnik B.Mutovinin xatirələrindən: «Saat 8.15-də biz univermağın binasına girdik. Paulyusun yavəri polkovnik Adam bizi qərargah rəisi general Şmidtin otağına apardı. Biz general Şmidtdən tələb etdik ki, hamı silahlarını təhvil versin və Paulyusla görüşümüz təşkil olunsun. Otaqdakı generallar tapançalarını stolun üstünə qoydular. Lakin Şmidt bildirdi ki, Paulyus xəstədir və orduya rəhbərlik etmir, ona görə də danışıqlar aparmağı general Rosskeyə həvalə edib».
Şmidt həmçinin bildirir ki, rəsmi danışıq yalnız sovetlərin cəbhə komandanı Rokossovskinin general rütbəli nümayəndəsi ilə aparıla bilər. Sovet zabitləri generalın bir neçə dəqiqədən sonra zirzəmidə olacağını bildirirlər.
Az sonra general Laskin gəlir. Şmidt feldmarşalın otağına keçir və bir neçə dəqiqədən sonra qayıdıb deyir:
— Feldmarşal özünü qaydaya salmaq üçün 20 dəqiqə vaxt istəyir...
Deyilən müddət ötəndən sonra bir də məlumat verilir ki, Paulyus özünü pis hiss edir, ona görə də daha 20 dəqiqə gözləmək lazımdır. Şmidtin sözlərinə məhəl qoyulmur və general Laskin Paulyusun otağına keçir.
Generalın yazdığına görə, feldmarşal otaqda var-gəl edirmiş. Laskin otağa girəndə ona tərəf çevrilib dayanır. General özünü təqdim edir və Paulyusun əsir alındığını bildirir. O, Laskinə yaxınlaşıb, sağ əlini yuxarı qaldıraraq sözlərin «qol-qabırğasını» sındıraraq rus dilində deyir:
— Alman ordusunun feldmarşalı Paulyus Qızıl Orduya təslim olur.
Sonra Paulyus paqonlarına işarə edərək alman dilində deyir ki, feldmarşal rütbəsi ona dünən verilib, ona görə də hələ general-polkovnik formasını dəyişməyə macal tapmayıb və əlavə edir:
— Təzə forma yəqin ki, daha gərəyim olmayacaq...
Feldmarşal xahiş edir ki, əsir götürülən bütün general və zabitlərin hamısı əsgərlərdən ayrı saxlansın və onların hərbi forması alınmasın. Bundan sonra feldmarşalı general M.Şumilovun yanına aparırlar. Paulyusa təklif olunur ki, qoşunlarına təslim olmaq barədə əmr versin. Feldmarşal orduya komandanlıq etmədiyi üçün belə bir əmr verə bilməyəcəyini deyir. Bu mövzuda sonradan general Rokossovskinin təkidləri də nəticəsiz qalır: 90 min nəfərdən çox şəxsi heyəti olan ordu birləşməsi əsir düşsə də, təslim olmaq barədə rəsmi sənəd imzalanmır.
Əsir generallara xüsusi nəzarət
Alman generalları xüsusi əsir düşərgələrində yerləşdirilir. Generalların əhvalındakı dəyişiklik barədə xalq daxili işlər komissarı L.Beriyaya hər gün məruzə olunur, daha mühüm məlumatlar isə İ.Stalinə çatdırılır. Bu məqsədlə əsirlərin arasına xüsusi xidmət orqanlarının əməkdaşları salınır.
Xalq Daxili İşlər Komissarlığının Don cəbhəsindəki xüsusi şöbəsindən L.Beriyaya: «Sizin göstərişinizə əsasən alman generallarının saxlandığı yerlərdə xüsusi əməliyyatçılar yerləşdirilib. Paulyus və Şmidtin ətrafında alman dilini təmiz bilən kiçik leytenant Tarabrin işləyir. Ona tapşırılıb ki, alman dilini bildiyini hiss etdirmədən əsirlərin öz aralarında olan bütün danışıqlarını gündəlik şəklində qeydə alsın». Tarabrinin gündəliyindən məlum olur ki, qərargahın komendantı polkovnik Yakimoviç alman generallarından cib bıçaqlarını və digər kəsici alətləri təhvil verməyi tələb edib. Paulyus bir söz demədən stolun üstünə iki bıçaq qoyub, Şmidt isə əsəbiləşib:
— Elə düşünməyin ki, biz adi əsgərlərik. Qarşınızda feldmarşal dayanıb! Ayıb olsun! Biz burada general-polkovnik Rokossovskinin qonağıyıq.
— Sakit ol, Şmidt, görünür, qayda belədir — deyə Paulyus qərargah rəisini sakitləşdirib. Kiçik leytenantın gündəliyində fevralın 3-ü səhərinə aid belə bir qeyd var:
"Şmidt:
— Yuxuda nə görmüsünüz?
Paulyus:
— Əsir feldmarşalın nə yuxusu ola bilər?"
Həmin gün əsirlikdə olan bütün generalları Paulyusun yanına gətirirlər. Feldmarşal növbə ilə hamısının əlini sıxıb deyir: «Dostlar, gümrah və ləyaqətli olun». Görüşün kinoxronika üçün çəkilməsi Paulyusu əsəbiləşdirir:
— Biabırçılıqdır! Yəqin Rokossovskinin xəbəri yoxdur ki, ləyaqətimizi bu cür alçaldırlar! Mən alman jurnalistlərini görmək istəmirəm, o ki ruslar ola!
Şmidt:
— Məncə bu müharibənin sonu hərbi yox, siyasi sonluq olacaq.
Paulyus:
— Siyasət bizim işimiz deyil. Biz əsgərik. Dünən general məndən soruşur ki, niyə siz silahsız, ərzaqsız müqavimət göstərirdiniz? Mən cavab verdim ki, biz əmri yerinə yetirirdik. Biz əsgərik. İntizam, əmrə tabe olmaq ordunun əsasıdır. Bir qədər susandan sonra Paulyus əlavə edir:
— Adamın öz taleyini qabaqcadan bilməməsi çox yaxşıdır. Feldmarşal olub, sonra əsir düşəcəyimi əvvəlcədən bilsəydim… Teatrda bu mövzuda tamaşa qoysaydılar, mən onu cəfəngiyyat adlandırardım.
Paulyus Moskvadakı xüsusi villada
1943-cü ilin iyulunda, Paulyus da daxil olmaqla, 22 alman generalını İvanovo şəhəri yaxınlığındakı Çernsı kəndindəki əsir düşərgəsinə aparırlar. Paulyus bir il bu düşərgədə saxlanılır və sonra Moskvaya köçürülür.
Sovet rəhbərliyi Paulyusu antifaşist hərəkatına cəlb etməyə xüsusi əhəmiyyət verirdi. Lakin feldmarşal uzun müddət belə təklifləri rədd edib. O, Hitlerin fəaliyyətini pisləyib, amma bildirib ki, əsgər şərəfi ona öz ordusunun əleyhinə danışmağa imkan vermir.
Paulyus sovet hökumətinin Alman Zabitləri İttifaqı yaratmaq ideyasını qəbul etmir və ittifaqa sədr olmaq təklifindən də imtina edir. Paulyusun mövqeyi digər hərbi əsirlərdə də antifaşist hərəkatına şübhə yaradır. Feldmarşalı fikrindən döndərmək üçün onu Sovet İttifaqında mühacirətdə olan Almaniya Kommunist Partiyasının sədri, Şərqi Almaniyanın gələcək rəhbəri Vilhelm Piklə görüşdürürlər. Lakin bu görüş də nəticə vermir.
1944-cü ilin yayında əsir generalların alman ordusuna və alman xalqına müraciəti hazırlanır ki, mənasız müqaviməti dayandırsınlar. Lakin feldmarşalın bu sənədə imza atmaması problem yaradırdı. Ona görə də Paulyusla hər gün iş aparılır və o, iyul ayında Moskva yaxınlığındakı xüsusi villaya köçürülür…
Feldmarşalın fikrinin dəyişməsində bu danışıqlardan daha çox müharibənin gedişi, daha doğrusu, Hitler qoşunlarının uğursuzluqları həlledici rol oynayır: 1944-cü ilin aprelində Paulyusun oğlu Fridrix İtaliyada həlak olur; sovet qoşunları Almaniya sərhədlərinə yaxınlaşır, yayda isə Hitlerə sui-qəsd cəhdi olur.
Bütün bunlardan sonra, axır ki, Paulyus avqustun 8-də Hitler əleyhinə açıq çıxış etməyə razılıq verir və həmin gün Moskva radiosu ilə onun antifaşist çağırışlı müraciəti səsləndirilir.
Gestapo feldmarşalın bu çağırışına operativ reaksiya verir: dərhal Paulyusun Almaniyada yaşayan ailə üzvlərini həbs edirlər. Arvadına təklif olunur ki, familiyasından imtina etsin. Qadın buna razılaşmadığı üçün onu konslagerə göndərirlər.
Feldmarşalın ömrünün son illəri
Uzun illər Sovet İttifaqında yaşayan F.Paulyus sovet qanunları ilə mühakimə olunmur. 1949-cu ildən isə Almaniyaya təhvil verilməsi məsələsi ortaya çıxsa da, ekstradisiya müxtəlif bəhanələrlə təxirə salınır.
1953-cü ildə Stalinin vəfatından sonra hərbi əsirlərin saxlandığı həbs düşərgələri idarəsi ləğv olunur, ikinci dünya müharibəsində Sovet İttifaqına qarşı vuruşmuş əsgər və zabitlər Almaniyaya qaytarılır. Paulyus da öz razılığı ilə 1953-cü ilin oktyabrında Almaniya Demokratik Respublikasına təhvil verilir. Ailəsinin yaşadığı AFR-ə getməyə razı olmayan feldmarşal Drezden şəhərinin cah-cəlallı rayonunda onun üçün ayrılmış villada məskən salır. Ona burada ailə üzvləri ilə vaxtaşırı görüşməyə də icazə verilir.
ADR Xalq Ordusunun Hərbi Akademiyasında mühazirələr oxuyan Paulyus 1957-ci il fevralın 1-də 67 yaşında xərçəng xəstəliyindən vəfat edir. On üç il sonra Paulyusun ikinci oğlu dünyasını dəyişir — atasının kommunistlər tərəfinə keçməsinə bu illər ərzində heç cür haqq qazandıra bilməyən Ernst intihar edir…
Top