Siz də " Qoy hələ doğulsun, sonra bir ad taparıq" ,-deyənlərdənsinizmi? Təbii ki,sizə də, fikirlərinizə də böyük hörmətimiz var. Ancaq bunu unutmaq olmaz ki, uşağınıza verəcəyiniz ad həm mənası, həm də deyilişi ilə insanların qəbul edəcəyi, uşağınızın bu adı daşımaqdan qürur duyacağı bir ad olmalıdır. Çünki ad uşaq tərbiyəsində çox mühüm rolu olan, ruha birbaşa təsir edən bir amildir. Həm də ad qoymaq ata-ananın ilk və ən mühüm vəzifəsidir. Ona qoyacağınız ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostları, yoldaşları arasında istehza doğurmamalıdır.
O gün balaca bir qız mənə adını deməkdən çəkindi. Çoxlu adamlar var idi. Yeni tanış olurduq. Yanındakı yoldaşları söylədilər adını. Sən demə, Pərişan imiş. Yəni adı " pərişan " olanda, özünü təqdim etməyə belə çəkinir insan.
Bəzi adlar da mədəniyyətimizə və mənəvi dəyərlərimizə uyğun gəlmir.
Sonra Bəsti, Yetər, Dursun kimi adlar da valideynlə uşaq arasındakı sevgi uçurumunu göstərir məncə. Yəni adı Yetər, Bəsti olan bir uşaq özünü evdə həmişə artıq hiss etməyəcəkmi? Bu cür adları daşıyan qız uşaqları ata-analarının içindəki " oğlan həsrətini " hiss edib bütün bunları nə ilə və ya necə izah edəcəklər görəsən? Ya da qızına Yetər adını, qoyduqdan sonra neçə ailənin oğlu olub, kimin taleyi dəyişib, bilən varmı?
Hələ heç İlahə adını demirəm. Bir uşağa İlahə adı qoymaq nə qədər doğrudur? Bizdə, yunan mifologiyasında olduğu kimi, eşq ilahəsi, xeyirxahlıq ilahəsi varmı? O adla yaşayacaq körpəyə bu nə cür sürprizdir belə?
Ad çox vacibdir, dostlar və insanın xarakterinə birbaşa təsiri var. Məsələn, məsum bir körpəyə Qahirə, Zalimə kimi adlar qoymaq olarmı? Siz onu Zalimə çağırsanız, sabah və ya o biri gün o da adı kimi " zalım " olsa, günah kimdə olacaq, deyə bilərsinizmi?
Babalar və nənələr yeni doğulan nəvələrinə adlarını vermək üçün təkid edirlər bəzən. Əgər doğrudan da gözəl bir addırsa, qoymaq olar. Ancaq deyilsə, o adın uşağa göstərəcəyi təsirləri unutmamalı və onları münasib bir dillə razı salmalısınız. Çünki ad vermək ilk növbədə ata-ananın vəzifəsidir. Həm də artıq bilməliyik ki, bizi adımız yox, gözəl əməllərimiz əbədi yaşatmalıdır.
Bir də uşağımıza elə ad qoymalıyıq ki, ondan hər yaşında, bütün ömrü boyu razı olsun. Hər yaşa yaraşsın o ad. Məsələn, bizim Türkiyədə Necla, Tijen, Jalə kimi elə adlar var ki, bir qız uşağına yaraşsa da, bir xanıma, bir nənəyə yaraşmır. Tijen nənə, Necla xala… Doğrusu, heç qulağa da xoş gəlmir...
Bizim Aişə, Fatimə, Xədicə, Zeynəb, Mehriban, Zəhra kimi çox gözəl adlarımız var. Hamı həm millətimizə, həm də mənəviyyatımıza uyğun olan bu adları yaxşı bilir. Sadəcə olaraq, ad qoyarkən bir az diqqətli olmaq lazımdır.
Türkiyədə istifadə edilən adlardan da danışmaq olardı, ancaq yazımız burda işıq üzü gördüyü üçün bu adları üstün tutduq. Bizdə də Qaya, Torpaq, Yarpaq, Damla kimi ətrafımızda nə görürüksə, uşağa ad qoymaq kimi xəstəliyimiz var. Məsələn, bizdə Aslan bir qız adıdır. Və ya biri götürüb Üfüq, Tan kimi adlar qoyub oğlanlarına. Ya da İzel nə deməkdir, Sertap nə mənaya gəlir, bilən yoxdur, ancaq istifadə olunur. Serkanın oğru, Kezbanın yalançı demək olduğunu, görəsən neçə adam bilir?
Yəni, gərək övladlarımıza elə ad qoyaq ki, onları o adla çağıranda bizə rəhmət oxusunlar.
PS: Yazıda göstərilən bəyənilməyən adların daşıyıcıları varsa, müəllifin subyektiv fikirlərini qeyd etdiyini nəzərə alsınlar.
Müəllif:Sumeyra Irmak
Xoşbəxt bir yuva üçün