Ev heyvanlarına qulluq texnologiyası

Ev heyvanlarına qulluq texnologiyası

Şəxsi ev və həyət sahibləri bəzən təkcə ev quşları deyil, hətta kənd təsərrüfatı heyvanlarının da bəslənməsi və çoxaldılması ilə məşğul olurlar.
İribuynuzlu (inək, camış) və xırdabuynuzlu (qoyun, keçi) mal-qaranın saxlanması heyvandarlıq məhsullarına ehtiyacı təmin edir.
Bazar iqtisadiyyatının əsas qanununda deyilir: «Əgər məhsula ehtiyac artırsa, onun qiyməti qalxır, deməli, onun istehsalı böyük gəlir vəd edir».
İnsan kənd təsərrüfatı heyvanlarının saxlanmasından yeyinti məhsulları (ət, süd, yağ) və istehlak xammalı (yun, cod tük, dəri, sümük) əldə edir. Ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatlar üçün gəlirli sahədir. Bu heyvanlar yemə tələbkar deyil və sürü halında yaşaya bilir. Ona görə də qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Az pul sərf etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləmək yaxşı gəlir gətirə bilər.
Qoyun və keçi saxlamağın hansı faydaları var?\Qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida hesab edilir. Çünki qoyun müxtəlifhormonal əlavələr qatılmış yemi qəbul etmir. Alman alimləri belə hesab edirlər ki, qoyun əti insanlardaxərçəng toxumalarının inkişafını ləngidirvə hətta onları məhv edir.
Qoyun əti iki növə ayrılır: bir yaşına qədər heyvanın əti quzu əti, bir yaşından yuxarı heyvanın əti qoyun əti adlanır.
Qoyun əti çox gözəl dad keyfiyyətlərinə malikdir. Tərkibində zülalın, amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən bir qədər geri qalır. Qoyun ətinin ən gözəl xüsusiyyəti daha az xolesterinə (290 mq/kq qoyun ətində, 750 mq/kq mal ətində) malik olmasıdır. Bütün qoyun cinslərinin əti yeməli hesab edilir. Amma, əsasən, ətlik, yunluq və ətlik-yağlıq qoyun cinslərinə üstünlük verilir.
Ortayaşlı qoyun cəmdəyi yaşından, cinsindən və köklüyündən asılı olaraq 18-30 kq, 1 yaşa qədər quzu cəmdəyi isə 15-18 kq olur.
Qoyun və keçi südü çox qiymətli qidaməhsulu hesab edilir.
Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Qoyun südündən bahalı və ləziz pendir növlərinin hazırlanmasında istifadə edilir. Ondan «Rokfor », «Pekarino», «Qafqaz», «Brınza» kimi bir çox qiymətli pendir növləri hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlənir. Qoyun südünün tərkibində 6-8% yağlar, 4,5-6% zülal, 4,6% süd şəkəri və 0,8% mineral duzlar və vitaminlər var.
Quru maddələrə gəlincə isə qoyun südündə onlar inək südünə nisbətən 1,4 dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. 1 litr qoyun südünün ümumi qidalılığı 1060 kilokaloridir.
Keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol miqdarda immunoqlobulinə* görə keçi südü lap qədim zamanlardan bir çox xəstəliklərin müalicəsi üçün istifadə edilir. Sübut edilib ki, bu qida məhsulu bədəndən radionuklidləri* çıxardır və allergiyanı aradan qaldırır.
Bu heyvanlardan alınan dəri, yun və cod tük də çox qiymətli xammal hesab edilir. Bu təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq üçün yararlı hesab edilir.
Qoyunların ev təsərrüfatında bəslənmə texnologiyası necədir?
Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Onların saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb olunmur. Adətən, yayda qoyunlar sürü halında otlamağa çıxarılır. Bu, payıza qədər davam edir.tövləOn baş qoyun-quzu üçün 30-40 m2 ağıl lazımdır. Ağıl qoyunların açıq havada saxlandığı yerdir. Müasir texnologiya və materiallar ilə tövlə tikmək o qədər də çətin iş deyil (şəkil 1). İsti olması üçün onun hündürlüyü az olmalıdır. Tövlənin özülü olduqca sadə üsulla qoyulur və bu da tikintini asanlaşdırır.
Tövlənin istilik sistemi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Tövlə işıqlı olmalıdır. Təzəyin çıxarılması və yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyulmalıdır. Döşəmə lövhələri duru tullantıların rahat axıb tökülməsi üçün məsamələrlə vurulur. Qışda qoyunları təmiz havada yemləmək lazımdır. Kombinə edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyunların həvəslə yediyi qidaməhsuludur. Yemləmə zamanı boş ağıllardan peyin təmizlənib atılır.
Qoyun ağılında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərində asılır ki, qoyunlar onları tapdamasın. Bütün qoyunların bir arada su və yem qəbul etməsi üçün təknələr hesablanmış ölçüdə quraşdırılır (təxminən, bir baş qoyun üçün 0,25 m ölçüsündə).
Döşəməyə saman döşənir. Qışda qoyun az olarsa, tövlənin peyini təmizlənmir. Çünki peyinin üzərində qoyunlar üçün rahat və isti olur. Yazda isə bütün tövlənin peyini təmizlənib dirriyə tökülür.
Qalın yun örtükləri olduğu üçün qoyunlar soyuğa davamlı olur. Küləksiz havada bütün günü bayırda qala bilirlər. Elə buməqsədlə də tövlənin yanında yem və su təknələri ilə təchiz edilmiş çardaqlar quraşdırılır.
Tövlədə rütubət olmamalıdır. Elə ona görə də havatəmizləyici qurğulardan istifadə edilməlidir. Rütubətli tövlədə saxlanan qoyunlar zəifləyir, immunitetini itirir və xəstəliklərə qarşı davamsız olurlar.
Quzuların bəslənməsi və yemlənməsi. Quzular xüsusi otlaqlarda otarılır. Amma təkcə otarılma ilə inkişaf etməkdə olan quzu orqanizmi lazım olan qidalı maddələri ala bilmir. Ona görə də quzular əlavə qidalı yemlə yemlənməlidir. Bu məqsədlə dənli bitkilərdən ibarət qarışıqlardan və jımıxdan istifadə edilir.
Qışda quzular yüksəkkeyfiyyətli yemlə qidalanmalıdırlar. Azkalorili yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün olmur. Hər quzu gündə ən azı 1,0-1,5 kq keyfiyyətli otla yanaşı, meyvə-köklülər və konsentratlar qəbul etməlidir.

Müəllif: Natiq Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya — 8 Ümumtəhsil məktəblərinin 8 — ci sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top