Fransanın cənubunda geniş ərazidə yerləşən Kamarq qoruğu atlar üçün bir o qədər də münasib yer deyil. Bu rütubətli bataqlıq yerdə adalar dayaz su hövzələri və biçənəklərlə əvəzlənir. Qışda bu yerlərdə yeyəcək tapmaq çətindir, yayda isə çox istidir, ağcaqanad və milçək “buludunun” əlindən tərpənmək olmur.
Amma bu yerlərdə məskunlaşan vəhşi Kamarq atları çox dözümlüdür. Onlar zəhlətökən həşəratları uzun quyruqlarının köməyi ilə qovur. Kamarqda təqribən 30 vəhşi at ilxısı yaşayır. Kim bilir, bəlkə də Kamarq atlarının əcdadları 17 min il əvvəl yaşamış cütdırnaqlılardır.
Kamarq atları azadlıqda olsalar da, yerli sakinlərə məxsusdur. Kamarqda məskunlaşan hər bir ailənin başçısı ildə bir dəfə öz atlarını bir yerə toplayır, cavan atların sağlamlıq durumunu yoxlayır, onlara ad və soyadlarının baş hərfləri həkk olunmuş damğa vururlar. Vəhşi atı ram etmək hər adamın hünəri deyil. Axı onlar çox harındır. Amma yerli kovboyların çoxu bunun öhdəsindən məharətlə gəlir və onlardan minik atları kimi istifadə edirlər.
Kamarq atları madyan və ayğırlardan ibarət ilxı şəklində yaşayır. Ən güclü ayğır sürüyə başçılıq edir. Dayçalar yazda doğulur və heç bir saat keçməmiş ilxıya qoşulub ora-bura qaçışır. Dayçaların hamısı ya qəhvəyi, ya da qara rəngdə olur, amma böyüdükcə onların xəzinin və yalının rəngi açılaraq ağappaq olur.
İti qabaq və iri arxa dişləri bu atlara hətta ən cod otu və onun köklərini çeynəməyə imkan verir. Atların dişləri yeyilməyə macal tapmır, çünki daim yeni diş çıxarır. Kamarq atları dişlərinin köməyi ilə xəzlərindəki birə və gənələri təmizləyir.
Qışda bu atlar qida axtarışında gündə 22 saat bataqlıqda dolaşır. Vəhşi atlar Kamarqın dayaz su hövzələrində və bataqlıqlarında çapmağı sevir.
Azadlıqda və canlı təbiətdə yaşadığına görə vəhşi atlar ev atlarına nisbətən daha uzun və dolğun həyat yaşayır. At üçün 30 yaş ahıl yaşdır. Atın bu yaşa çatması insanın 90 yaşına qədər ömür sürməsinə bərabərdir. Dünyada atların ucsuz-bucaqsız yaşıl otlaqlarda azad yaşadığı yerlər çox az qalıb. Kamarq qoruğu belə yerlərdən biridir.
azertag.az