Admiral

Admiral

Bu admiralın dənizlə heç bir əlaqəsi yoxdur. Meşə kənarları, çəmənliklər, bağçalar və günəşin bol olduğu çay sahilləri onların sevdiyi məkanlardır. Bəs nəyə görə quruda yaşamağı sevən kəpənəyin adını admiral qoyublar? Əlvan xarici görünüşünə görə, daha doğrusu — geniş qırmızı zolaqlı qara qanadına görə. Arxa qanadların aşağısından, ön qanadların isə ortasından keçən və üzərinə ulduz kimi ağ xalların səpələndiyi qırmızı zolaqlar admiral lampasını xatırladır.

Admiralın açıq qanadları 6 santimetrə çatır. Onlar kəpənəyi uzaq məsafələrə apara bilir. Axı admiral – köçəri kəpənəkdir. Onlar böyük sürülərlə Afrikadan gələrək yumurta qoyur və sonradan bu yumurtalardan sarı nöqtəli, xətli və tikanlı ağımtıl tırtıllar doğulur.

Yay fəslinin ikinci yarısında anadan olan admiralların əksəriyyəti payızda cənuba yollanır. Onlar orada nəsillərini artıraraq həlak olur. Gənc kəpənəklər isə nəsillərini artırmaq üçün geri qayıdır. Bizdə qalan admirallar payıza qədər, bəzən isə şaxtalar başlayana qədər uçur. Bu kəpənəklər ağacların qabığı altında, dərin yarğanlarda və şaxtaların zərər vurmayacağı başqa yerlərdə qışdan qorunur. Baharda, hələ meşələrdə qar əriməmiş günəşin isitdiyi kəpənəklər sığınacaqlardan çıxaraq küləkdən qorunan meşə kənarlarında uçuşurlar.

Admiralların tırtılları yalnız gicitkənlə və qanqalla qidalanır, admiral-kəpənəklər isə çiçəklərin şirin nektarını, ağacların və meyvələrin şirəsini içir. Onlar spirala bənzər uzun xortumları ilə çiçəklərdəki bir çox həşəratın əldə edə bilmədikləri qidanı sovurur.
Top