İnsanlar balinanın nəhəng balıq olması barədə hələ qədim zamanlarda düşünmüşlər. Onların mühakimələri balina və balıqların zahiri oxşarlığına, eləcə də yalnız suda yaşamalarına əsaslanırdı. Eyni zamanda hələ Aristotel balina və delfinlərin məməli canlı olduqları fikrini irəli sürmüşdü. Lakin onun mülahizələrinin tutarlı sübutu olmadığından şübhə ilə qarşılanmışdı.
Sonralar insanlarda balinaların həyat tərzini tədqiq etmək üçün yeni-yeni imkanlar açılıb. Balinaların niyə məməli olması haqqında danışmazdan öncə, gəlin, məməlilərin, prinsipcə, nə olduğunu müəyyən edək. Adından da məlum olduğu kimi, məməlilər süd ilə qidalanan, daha dəqiqi süd ilə bəslənənlərdir. Beləliklə, balinaları müşahidə edərkən dişilərin balanı doğduqları və onları süd ilə bəslədikləri aydınlaşıb. Balıqlar isə kürü tökür və bunun da nəticəsində nəsilləri artır. Əlbəttə ki, balıqların balalarını süd ilə bəsləməsindən söhbət gedə bilməz.
Balinaların balıqdan digər bir mühüm fərqi onların hava ilə tənəffüs etməsindədir. Yəni onlar suyun altında daim qala bilmir, minimum iki saatdan bir suyun səthinə qalxırlar ki, ağ ciyərlərinə hava yığsınlar. Balina nəfəs verərkən suyun səthində 15 metrədək hündürlükdə «su fəvvarəsi» yarandığını görmək olar.
Yer kürəsinin bu ən nəhəng məməlisi təkcə ən böyük beyinə deyil, həm də intellektin yüksək səviyyəsinə malikdir. Balinalar günlərlə deyil, saatlarla böyüyür, bir saatda təxminən 3 kiloqram artırlar, çünki balinanın südü çox qidalıdır, yağlılı 50 faizə çatır.
Göy balina Yer üzündə indiyədək yaşamış ən böyük canlıdır. Onun ölçüləri hətta çoxdan ölmüş dinozavrları da üstləyir. Orta ölçülü balinanın kütləsi 2 min insanın çəkisi qədərdir. Balinanın daxili orqanları da bütün canlılarınkından böyüyüdür. Balinalar əsasən balıqla qidalanırlar. Şimal xalqları arasında yayılmış əfsanəyə görə balinalar insanın qohumu, əcdadıdır. Bunun elmi təsdiqi olmadığından əsatirə inanıb-inanmamaq hər kəsin şəxsi işidir. Amma balina yeganə məməlidir ki, insan kimi oxumağı bacarır. Onların çıxardığı səslər melodikdir, sanki hansısa adlı-sanlı bəstəkarın qələmindən çıxan əsl mahnıdır.
Əgər əvvəllər sizdə balinanın balıq, yaxud məməli olması barədə sual yaranmışsa, indi siz bu suala elmi faktlarla əsaslanaraq cavab verə bilərsiniz.