Bizə əsla bənzəməyən məxluqlarda insanınkına çox oxşayan və təqribən eyni cür işləyən orqanların olmasını bəzən təsəvvürə gətirmək çox çətindir. Çoxları düşünür ki, balıq suda yaşayırsa və qanı soyuqdursa, deməli, onun daxili orqanları və ya hər hansı hissi yoxdur.
Əslində isə balığın daxili quruluşu istiqanlı ali heyvanların daxili quruluşuna çox oxşayır. Bir çox alimlərin fikrincə, bu oxşarlıq quruda həyatın dənizdən başlandığını isbat edir. Balıqlar nəfəs alır və qidanı həzm edir. Onların sinir sistemi var. Buna görə də ağrı hiss edir, fiziki narahatlıq keçirir. Onlar çox həssasdır. Dad bilir. Ən həssas yeri dərisidir. Baş hissəsində yerləşən burun deşiklərində iki kiçik iybilmə orqanı var. Balığın xarici eşitmə orqanı yoxdur. Gözləri onurğalıların başqa növlərində olduğu kimi olsa da, daha sadə quruluşa malikdir.
Gördüyünüz kimi, balığın insan orqanizminin funksiyalarına oxşayan funksiyalarının işləməsinə imkan verən “sistemləri” var. Gəlin, bu sistemlərdən ancaq ikisini – həzm və qan dövranı sistemlərini ötəri gözdən keçirək. Balığın yeməyi qida borusundan qarın boşluğuna keçir. Qarın boşluğunda mədə vəzi yerləşir. Həzm prosesi də burada başlayır. Həzm olunmuş qida bağırsağa keçir və sovrulur, yəni qan tərəfindən udulur. Müxtəlif növ balıqların həzm sistemləri də müxtəlifdir və bitki tərkiblidən tutmuş digər balığa kimi müxtəlif növ yemək tiplərinə uyğunlaşıb.
İnsan kimi balıq da qidadan eyni məqsədlə — həyat, inkişaf və hərəkət üçün enerji mənbəyi kimi istifadə edir. Balığın qan dövranı sistemi qidanı və oksigeni bütün daxili orqanlara daşıyır. Onun qan dövranını tənzimləyən nasos da insanda olduğu kimi ürəkdir. Balığın ürəyi qəlsəmələrin arxasında, azacıq aşağıda yerləşir. Üç-dörd kamerası olan balıq ürəyi insan ürəyi kimi yığılıb-açılır.
Minlərlə balıq növü var. Onların hər biri müxtəlif həyat şəraitinə uyğunlaşıb, amma daxili orqanları, hiss və sistemləri bizimkinə oxşayır.
azertag.az