Kəpənəkdən çox insanın xoşu gəlir. Lakin bu sözləri tırtıllar barədə deyə bilmərik. Ancaq bilməliyik ki, tırtıllar uçan gözəl varlıqların dünyaya göz açmasına şərait yaradır.
Mahiyyətcə tırtıl, pup, kəpənək eyni canlıdır, lakin ayrı-ayrı inkişaf mərhələlərində. Düzdür, tırtılın taleyi daha qibtəedicidir, axı o, düz 3 il yaşaya bilir! Kəpənəklərin həyatı isə belə davamlı deyil: bəziləri cəmi bir neçə saat yaşayır. Çünki bu müddət ərzində özlərinə uyğun tay axtarıb tapmalı və sürfə qoymalıdırlar. Bəzi kəpənəklərdə hətta ağız dəliyi də yoxdur. Çünki onlar həyata bir məqsədlə — nəsli artırmağa gəlirlər.
Kəpənəklər sürfələrini müəyyən yerlərə qoyurlar. Bir qayda olaraq, söhbət yarpağın iç tərəfindən gedir. Bu yolla zərif sürfələrin toxunulmazlığı, həmçinin yeni əmələ gələn tırtıllar üçün yem təmin olunur. Həşəratlar bir neçə dəfəyə qabıqlarını dəyişirlər.
Onlar həddən artıq qidalanırlar, çünki özlərinin kəpənəyə “sehrli çevrilmələrini” başa çatdırmaq üçün güc yığmalıdırlar. Özünə münasib vaxtı hiss etdiyi gün tırtıl yarpağa yapışır və xüsusi ipək sapdan asılır. Məhz bu sapla o, özünü sarımaqla möhkəm barama düzəldir. Maraqlıdır ki, barama yarpaq formasında olur və bu da özlüyündə maskalanma olmaqla, düşmənlərdən qorumağa şərait yaradır. Baramanın içində baş verənləri görmək qeyri-mümkündür. Bu proses çox bağlı şəraitdə gedir.
Fotoqraflar yalnız kəpənəyin əmələ gəlməsi anını çəkə bilirlər. Bu zaman o, ipək geyiminin içərisindən çıxmağa başlayır. Təzə çıxan kəpənək dərhal uçmur, axı onun qanadları çox zəifdir. Bir müddət hərəkətsiz dayandıqdan sonra pərvaz etməyə və sehrli gözəlliyi ilə bizi sevindirməyə başlayır.