Uşaq və oyun

Uşaq və oyun

Uşaqlara oynayarkən tamaşa etmək çox maraqlıdır. Bir də görürsünüz ki, oxlovunuzun ucuna dəsmal bağlayıb özünə bayraq düzəltdi. Ya da plastik qılıncı əlində, balaca qazandan " dəbilqəsi " başında, uzaqlara baxarkən görürsünüz oğlunuzu. Halbuki balaca qəhramanınız uzaq dənizlərə yelkən açmış və gəmisini quldurlardan qorumağa hazır igid bir kapitandır öz xəyalında... Bəs qızlar? Hərəsi özünə bir ev qurub bir-birinə qonaq gedir. Oyuncaq gəlinciklərini elə əzizləyirlər, onlara elə qulluq edirlər ki, sanki əsl anadırlar.
Uşaqlar oyun oynamağa başlayanda həqiqi həyatda görüb bəyəndikləri rolları canlandırırlar.Ən çox da valideynlərini təqlid edirlər. Əgər onlara qarşı yol verdiyiniz  səhvləri görmək istəyirsinizsə, gizlicə oyunlarına tamaşa edin. Qızların gəlinciklərinə analarının istifadə etdiyi sözlərlə " hirsləndiyini ", oğlanların eynilə ataları kimi bir " ailə başçısı " olduqlarını görəcəksiniz.

Onlarla necə davranırıq, onlara necə nümunə oluruq, bütün bunlar bir-bir bu oyunlarda ortaya çıxır. Ona görə də uşaqlarımızın oyunlarını müşahidə edərək yol verdiyiniz səhvləri elə oyun vasitəsi ilə də aradan qaldıra bilərsiniz. Məsələn, tutaq ki, uşağınız çubuq krakerini atasının siqareti tutduğu kimi tutur. Siz atasının siqaret çəkməsinə mane ola bilməsəniz də, bir dost kimi onun oyununa " müdaxilə edə ", siqaret çəkən, sonra öskürməyə başlayan, ən axırda isə siqaretdən xəstəliyə tutulan bir xarakteri canlandıraraq, onun siqaretə olan " marağının " qarşısını ala bilərsiniz. Əks halda, evdə siqaret çəkən varsa, uşağınıza siqaretin zərərlərindən danışmağın heç bir mənası olmayacaq.

Oyun uşağın gördüyü ən ciddi bir işdir. Uşaq böyüdükcə xarakterini oyun vasitəsi ilə qazanır. Bu dövrdə olan uşaqların birlikdə oynaya biləcəkləri bir dosta da ehtiyacları var. Bəzi valideynlər  bu məsələdə çox həssas davranırlar. Tərbiyəsi pozular, xəstəlik düşər və s. kimi bəhanələrlə uşaqlarının yoldaşları ilə oynamasına mane olurlar.

İndiki valideynlərlə müqayisədə öz uşaqlıq dövrümüzü daha " uğurlu " hesab edirik həmişə. Çünki insanların bir - birini sevdiyi, inandığı bir dövrdə yaşayırdıq. Oynamaq üçün həyətlərimiz və sevdiyimiz dostlarımız var idi. Palçığa, suya " toxuna bilirdik ". Soyuqda üşüməyi, yağışda islanmağı yaşayaraq öyrənmişdik. İndikilər isə hər şeyi televizordan öyrənirlər. Bina evlərində həyətə düşməyən, anasının " min bir əziyyətlə " səliqəyə saldığı qiymətli otaqlara bir şey olmasın deyə, qarşısındakı oyuncaqlarla saatlarla oynamaq məcburiyyətində qalan uşaqları düşünün.

Dostlarını evimizə buraxmamaq bir tərəfə dursun, " zaman dəyişdi " deyib onları dostlarının yanına da buraxmırıq. Elə isə, bu uşaqlar uşaqlıqlarını nə vaxt yaşayacaqlar? Necə təcrübə qazanacaqlar? Qabiliyyətlərini necə inkişaf etdirəcəklər? Küsüb - barışmadan, oyuncaqlarını bölüşmədən, yıxılıb ağlamadan həyatı necə öyrənəcəklər?

Əziz ata - analar!

Gələcəyimiz olan uşaqlarımızın mənəvi inkişafına mane olmaq istəmirsinizsə, dostları ilə birlikdə oyun oynamalarına şərait hazırlayın. Qoy otağınızın səliqəsi pozulsun, qoy " təmizlik xəstəliyiniz " kəllə - çarxa vursun, ancaq uşaqlarınız rahat nəfəs alsın.

Onlar biz böyüklər kimi, əllərini - qollarını bağlayıb otura bilməzlər. Onlar enerji ilə doludurlar. Öyrənəcəkləri çox şey var onların. Kollektiv oyunlar bölüşməyi, gözləməyi, qaydalara riayət etməyi öyrədir. Bütün oyunlar həyata hazırlayan kiçik səhnəciklərdir onlar üçün. Öz uşaqlarınızı, etdiyiniz dəcəllikləri, ağacdan yıxılmağınızı xatırlayın. Hər dəfə yada salanda təbəssüm qonur dodaqlarınıza. Bəs bizim uşaqlarımızın xatirələrini nə bəzəyəcək? Servantın başına qoyulmuş, qutusu açılmamış bahalı bir oyuncaq, pəncərədən tamaşa edilən küçələr və ən əhəmiyyətlisi evimizin baş tərəfinə qoyduğumuz televizordakı cizgi filmləri...

Sizin uşağınıza yazığınız gəlmirmi?
Top