Dərdimi kimə deyim...

Dərdimi kimə deyim...

Zərifə son günlər çox fikirli idi. Xalidlə yaşadığı problemlərin get-gedə artması onu əməlli-başlı narahat edirdi. Halbuki, nişanlı olanda hansı xəyallarla yaşayırdı. Xalidin evləndikdən sonra dəyişdiyini, onu əvvəlki kimi sevmədiyini düşünürdü. Bu fikir beynini gəmirir və heç cür çıxış yolu tapa bilmirdi.
Bu narahatlığı məktəbdə müəllimə yoldaşlarının da gözündən qaçmırdı. Bir gün tarix müəlliməsi Sevil xanım ona yaxınlaşdı. Köhnə bir dost kimi:
- Sənə nə olub, Zərifə? Nədənsə çox narahatsan. Yoxsa bir problem var? Dərdini mənimlə bölüşə bilərsən, - dedi.
Sevil müəllimə hələ ailə qurmamışdı. Həm də aralarında elə bir səmimiyyət yox idi. Ancaq Zərifə dərdini demək üçün bir adam axtarırdı və o adam qarşısına çıxmışdı. Ürəyində nə var, nə yox hamısını danışdı. Xalidin hərəkətlərindən, kobudluğundan, ailə daxilində sirr olan məsələlərdən danışdılar baş-başa verib. Sevil müəllimə yenə də sanki köhnə bir dost kimi davam etdi:
- Zərifə, əgər düzünü bilmək istəyirsənsə, sən çox sadəlövhsən. Yoldaşına çox üz vermisən. Mən sənin yerində olsaydım, çoxdan anamın evinə getmişdim. Onda qədrini yaxşı bilərdi. İstəyirsən, sına. Gör geri qayıtmağın üçün necə yalvaracaq sənə. Ondan sonra bir də səni incitməyə cəsarət etməyəcək...
Zərifə bir anlıq duruxdu və " Bəlkə, doğrudan da anamın evinə gedim", - deyə öz-özünə düşündü, - Yox , olmaz. Anamın heç bir şeydən xəbəri yoxdur. Onları da narahat etmiş olaram. Bəs mən? Mən ki, hər gün narahat oluram. Heç kimin də bundan xəbəri yoxdur. Xalid isə istədiyi vaxt istədiyini edir...
Görəsən, bir dəfə sınasam necə olar? Bəlkə də, Xalid hərəkətlərinə sərhəd qoyar...
Bu qarmaqarışıq hisslərlə havanın necə qaraldığını da bilmədi. Evə gələndə hələ də bir qərar qəbul edə bilməmişdi. Elə bu vaxt qapı döyüldü. Zərifə kefsiz qapını açdı. Xalidin isə kefi yerində idi:
- Dondurma aldım, -dedi, - bunları soyuducuya qoy, əriməsin. Yeməkdən sonra yeyərik.
Zərifə yüksək bir səslə:
- Özün qoy,- deyib otağa keçdi.
Xalid yanına gəlib:
- Nə olub sənə, Zərifə? Bəlkə, bir dərdin var? İstəyirsən, yemək yeyəndən sonra bir az çıxıb gəzək.
Zərifə yavaş-yavaş Sevilin hazırladığı " zəhəri " içirdi. Odur ki:
- Dərdim olsa da, bunun sənə dəxli yoxdur,- dedi.
Zərifə araya söz düşsün deyə, az qala əlindən gələni edirdi. Nəhayət, Xalid dözə bilməyib:
- Zərifə, bir dərdin varsa, de, biz də bilək. Yoxsa sənin nazını çəkmək fikrində deyiləm,-dedi.
Bu, elə Zərifənin istədiyi söz idi. Tez paltarını geyib qapıdan çıxdı. Arxasınca da qapını çırpdı. Öz aləmində anasıgilə gedib Xalidə dərs vermək istəyirdi, ancaq nə qədər səhv etdiyini başa düşmürdü...
Bir də insan bir qapını çırpanda, o qapıya qayıdacağı günü də düşünməlidir. Həm də Zərifənin dərs aldığı Sevil evli deyildi ki, ailənin nə olduğunu bilsin...
Əgər insan dərdini danışmaq istəyirsə, ona doğru yolu göstərə biləcək birinə danışmalıdır. İşləri yoluna qoymağa çalışmalı, daha da çətinə salmamalıdır.
Hə, sonra nələr oldu?...
Zərifənin anası çox ağıllı, dünyagörmüş bir qadın idi. Qızına nəsihət etdi və ertəsi gün heç bir şey olmamış kimi, evinə göndərdi. Xalidə də zəng edib hər şeyi başa saldı. Beləliklə, məsələni çox da böyütməyə ehtiyac qalmadı... 
Bəli, naşı gənclərimiz barışdılar. Ertəsi gün Zərifə məktəbə gedəndə Sevil bütün müəllimə yoldaşlarının yanında ona:
- Hə nə oldu, dediklərimbir işə yaradımı? Daha dalaşmırsınız ki?- deyib ürəkdən gülməyə başladı. Sevil bunu zarafat üçün desə də, artıq Zərifə öz payını götürmüşdü...
Top