Həyat yoldaşı seçimi

Həyat yoldaşı seçimi

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.

Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirməlidir ki, məqsəd varlanmaq  və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani  və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan  bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək  və bu əsasda seçim aparsaq  ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri  həmin bu növə aiddir. Yəni bu ailələrin dəyəri gerçək dəyərlər üzərində qurulmamışdır.

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlamaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Mənbə: «GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR» kitabı.
Top