Müşk qədim tarixə malik ətriyyat maddəsidir. Onu bir çox cütdırnaqlı heyvanların, xüsusilə maral və ceyranın göbəyindəki vəzlərdən əldə edirlər. Ədəbi mənbələrə nəzər salsaq, görərik ki, qədim və orta əsrlərdə bu maddə Şərqdə çox geniş yayılıb.
AMEA-nın Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, Tibb Tarixçiləri İctimai Birliyinin rəhbəri Fərid Ələkbərlinin sözlərinə görə, bir sıra Şərq ölkələrində müşk indi də istifadə olunmaqdadır: «Azərbaycana gəlincə, ölkəmizdə müşk o qədər də geniş yayılmayıb. Çünki sovet hakimiyyəti qurulandan sonra xalq təbabətinə qarşı təzyiqlər artdığından Şərqdə istifadə olunan təbabətə aid maddələr yığışdırılaraq müasir dərman preparatları ilə əvəz edildi. Hətta təzyiqlər nəticəsində Şərq kosmetikası da öz yerini Qərb kosmetikasına verməli oldu. Amma ərəb ölkələrində, İranda, Pakistanda, Hindistanda, Çində bu gün də müşk tapmaq mümkündür».
Mütəxəssisin bildirdiyinə görə, heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətrinə, keyfiyyətinə görə fərqlənirlər. F.Ələkbərli müşkün iki cür təsir qüvvəsinə malik olduğunu deyir: «Bunlardan biri, əsasən, kosmetika vasitəsidir. Amma müşkdən tibbdə də istifadə edirlər. Bu maddəni keçmişdə Azərbaycana və digər Şərq ölkələrinə Çindən, daha doğrusu, Çinin şimalında uyğurların yaşadığı Xotan və Uyğurustan vilayətlərindən gətirirdilər. Təsadüfi deyil ki, Şərq poeziyası nümunələrində «Xotan müşkü» ifadəsinə rast gəlmək olur. Bura Qaşqar şəhərinə yaxın bir yerdir. Bildiyimiz kimi, böyük türk alimi Mahmud Kaşqarlı həmin şəhərdə yaşayıb. Demək istəyirəm ki, həmin ərazilər türklərin olub. Deməli, bu qiymətli maddənin alınmasında türklər böyük rol oynayıb».
Qızıla bərabər qiymətli ətir və dərman
Maraqlıdır, bəs görəsən, müşk necə əldə edilirdi? Mənbələrdə bildirilir ki, müşk xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5-2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri «bərpa olunur». Xalis müşk parçaya hopmamalıdır.
Alimin sözlərinə görə, maralın ayrıca növü olan «müşk maralı»ndan əldə olunan müşk xüsusilə qiymətlidir: «Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər».
Heyvanlardan müşkün daha ziyansız üsullarla alınması mümkündür. Mütəxəssislərin bildirdiyinə görə, heyvanların müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz.
Bundan başqa, müşkü maye halında olduğu yaz və payız fəsillərində də əldə etmək mümkündür. Müasir şprislər bunu daha ziyansız formada etməyə imkan verir. Heyvanları ovlamaq yolu ilə müşk almaq isə brakonyerlərin vərdiş etdiyi vəhşi bir üsuldur.
Fərid müəllim qədim Şərq təbiblərinin müşkdən müxtəlif xəstəlikləri sağaltmaq (daxili qanaxma, qanazlığı, əsəb pozuntusu, ürəkkeçmə) məqsədilə istifadə etdiklərini də bildirdi. «Hətta bu maddədən qıcolma zamanı və ürək əzələsi tonusuna tez təsir göstərən dərman kimi də istifadə ediblər. Məsələn, müşkü az miqdarda içdikdə insanın ürəyində olan ciddi döyüntülər azalırdı. Məşhur həkim və filosof İbn Sina öz dövrünün əksər dərmanlarının hazırlanmasında müşkdən istifadə edildiyini yazır. Bir sözlə, qiymətli ətir və dərman kimi istifadə edilən bu maddə qızıla bərabər tutulurdu».
Qeyd edək ki, müasir təbabətdə və ətriyyat sənayesində müşkdən istifadə edilir. Mütəxəssislərin dediyinə görə, ən bahalı fransız ətirlərinin tərkibində bu maddənin kiçik dozaları var. Müşkün bahalığı təkcə onun xoş ətrinə və tibbi keyfiyyətinə görə deyil. Deyilənlərə görə, bir kiloqram müşk əldə etmək üçün 200 erkək karqa (ən yaxşı müşk verən Hindistan maralı) ovlanır. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkündür.
Azərbaycanda müşk resursları kifayət qədərdirmi?
Qızıla bərabər tutulan müşkü Azərbaycanda da əldə etmək mümkündürmü? Alim bildirir ki, ölkədə müşk maralı olmadığından, bu maddəni almaq üçün qunduzlardan istifadə etmək lazımdır: «Müşk maralı ilə müqayisədə qunduzdan alınan bu maddə o qədər də güclü deyil. Amma orta əsr müsəlman Şərqində ondan istifadə edirdilər və buna cünd deyirdilər. Bu maddə orta əsr apteklərində, əttar dükanlarında satılırdı. Bu gün Avropada hazırlanan bir sıra ətirlərin, hətta «Kristian Dior» kimi bahalı ətirlərin tərkibinə cünd qatırlar. Bu maddə tərkibinə görə kamforaya bənzəyir. Cündün hazırlanma texnologiyası da maraqlıdır. Onu tətbiq edəndə qurudur, sonra hisə verirdilər».
Göründüyü kimi, qunduzların müşkü də maraldan alınan müşk qədər qiymətləndirilir. Bu baxımdan heyvan növləri ölkəmizdə təkcə dərisinə görə deyil, həm də qiymətli dərman və ətriyyat xammalı kimi qorunub istifadə edilsə, bunun iqtisadi yöndən də faydası olar. F.Ələkbərlinin sözlərinə görə, qunduz ölkəmizdə yox olmaq dərəcəsindədir: «Bu heyvanlar vaxtilə Araz çayı vadisində çox imiş. Bu gün Azərbaycanda təbii-coğrafi ehtiyatları imkan verir ki, onların sayını çoxaldaq. Amma əvvəlcədən götür-qoy etmək lazımdır ki, müşkün respublikada istehsalı sərfəlidir, yoxsa onu xaricdən almaq».
Şahlara layiq ətriyyat — ənbər
Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən «ənbər» də qiymətli maddələrdən hesab olunur. Mütəxəssisin bildirdiyinə görə,
onu Hind okeanında yaşayan balinadan almaq olar: «Bu, balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər».
Azərbaycanda da, müşkdən fərqli olaraq, ənbər vaxtilə geniş yayılıb. Özü də onu güllərdən əldə edibər.
F.Ələkbərli: «Vaxtilə Azərbaycanda ənbər satılan əttar dükanları olub. Sovet hakimiyyəti qurulandan sonra bu dükanlar ləğv edilib. Biz bu gün Şərq təbabətinə əsaslanan belə dükanları bərpa edə bilərik. Təəssüf ki, bizdə çox sahədə ifrat qərbləşmə, avropalaşma gedir. Əgər desəm ki, bu gün ətirlə də xəstəni müalicə edirlər, bunu geridəqalmışlıq əlaməti kimi qiymətləndirəcəklər. Amma nəzərə almaq lazımdır ki, hazırda Avropa Şərqə meyil edir. Lakin nəzərə almalıyıq ki, bu gün Qərbdə müasir texnologiyalar varsa, Şərqdə də qədim və zəngin mədəniyyət var. O halda Şərq təbabətindən yararlanıb daha faydalı uğurlar əldə edə bilərik».
Hazırladı: Mehparə
Mənbə: Mədəniyyət qəzeti