Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar.
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər...
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular...
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Qurtum-qurtum çay, dilim-dilim qızarmış çörək, yağ, pendir, dadından doyula bilməyən çiyələk mürəbbəsi...
Səhər yeməyi bitər və hər kəs yola çıxar. İşə gedən kim, məktəbə gedən kim...
Hər birinin arxasından dualar oxuyaraq örtər qapını ana. Gözü axşama qədər yollarda qalar.
Evin səliqə-sahmanı, biş-düşü onun çiynindədir. Elə isə çox gecikmək də olmaz. Hələ bir bu oğlana bax! şalvarı bir tərəfdə, köynəyi bir yanda... Bəs bu qıza nə deyəsən?.. Riyaziyyat dəftəri evdə qalıb yenə... Müəllimi danlayacaq...
İndi də balacalar oyandı... Ən balacası, axşam qapının arasında qalıb əzilən barmağını göstərir. Görünür, ağrısı keçməyib hələ. Əyilib öpür ana sevgi ilə. Balacanın üzündə dəcəl bir təbəssüm: “Bir də” deyir. Yenə öpür ana. Bəs necə? Övladın ağrılarına şəfadır ananın öpüşü!..
Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit bir limandir ana ürəyi...
Kədərinizə ortaq, dərdinizə çarədir ana...
Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursunuzsa, olun, onun gözündə həmişə uşaqsınız.
Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən, incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz.
Bəli, belədir ana. İndi onu daha hansı sözlərlə təsvir edək, bilmirəm...
Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə sığmaz ana. Yalnız hiss edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilməzsiniz. Gözlə görə bilməzsiniz.
Ona görə də cənnət ayaqlarının altındadır. Ona görə də ən uca məqamlarda çəkilir adı...
Anaya “of!” belə demək günahdır. Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs bir əmanətdir...
Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan övladlar.
Həmçinin bax: Ana ürəyinin gücü