Diplomatik söhbət diplomatiyada ən mürəkkəb, vacib və məsuliyyətli fəaliyyət növüdür. Təcrübə göstərir ki, söhbət o vaxt uğurlu olur ki, ondan öncə qəbul edən ölkə ilə müzakirə edilən bütün problemlər və konkret əməliyyat işləri, həmçinin göstərilən məsələnin müzakirə mərhələsi nəzərə alınır.
_____________________________________
Söhbət vaxtı həmsöhbəti yaxşı başa düşmək və nəsə aydın deyilsə, mütləq izahat tələb etmək vacibdir. Əgər söhbət zamanı hər hansı sənəd, məsələn, nota, yaxud yaddaş qeydi təqdim edilirsə, onu diqqətlə oxumaq lazımdır.
_____________________________________
Bununla əlaqədar hərdən çox ciddi sual yaranır: notanı qəbul etmədən qaytarmaq olarmı? Notanı ancaq ən son halda, onda diplomatın təmsil etdiyi dövlətə, onun rəhbərləri və rəsmi nümayəndələrinə qarşı kobud və təhqiredici çıxışlar olduqda qaytarmaq olar və qaytarmaq lazımdır. Notanı sadəcə onun məzmununu bəyənmədiyin üçün geri qaytarmaq olmaz. Yadda saxlamaq lazımdır ki, diplomat ölkəni təmsil edir və onun vəzifəsi akkreditə olduğu ölkənin hakimiyyət orqanları ilə əlaqələri saxlamaqdır.
Qeyd olunduğu kimi, beynəlxalq nəzakət prinsipinə müvafiq olaraq, diplomatik söhbət hətta mövzu xoşagəlməzdirsə belə, sakit tonda aparılmalıdır. Diplomatiyanın funksiyalarından biri əlaqələri saxlamaq, diskussiyadan işə aid olmayan hər şeyi uzaqlaşdırmaqdır. Buna görə «zati-aliləri, dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm» ifadəsi hətta həmsöhbəti görmək istəmədiyin halda belə deyilir.
Istənilən söhbətdə qəbul edən ölkənin adət-ənənələrini, hökumətinin daxili və xarici siyasətini tənqid etmək yaxud ayrı-ayrı şəxslər barədə xoşagəlməz çıxışlar etmək olmaz. Nəticədə persona non qrata olmaq olar. Ölkənin hökumətinin diplomatik əlaqələr saxladığı üçüncü ölkənin hökumətini də tənqid etmək tövsiyə edilmir. Diplomatın hökuməti tənqid edən müxalifət partiyalarının nümayəndləri ilə də görüşləri az olmur. Sonuncular hərdən diplomatın deyilənlərə fikrini soruşurlar. Hansısa cavabdan yayınmaq lazımdır, hərçənd bu cür həmsöhbəti dinləmək xeyirlidir. Jurnalistlərlə söhbətlərdə xüsusi ehtiyatlılığa və hətta sayıqlığa riayət etmək lazımdır. Onların bəziləri öz məqsədləri naminə diplomatla söhbət faktının özünü belə istifadə edə bilərlər.
Bəzən diplomatdan qeyri-rəsmi cavab verməyi xahiş edirlər. Lakin mülahizəni, söylənən fikri rəsmi və qeyri-rəsmiyə bölmək mümkün deyil. Diplomat heç vaxt yalan söyləməməlidir. Əgər o nəyisə bilmir, yaxud məsələ açıqlanmayan işlərə aiddirsə, cavabdan yayınmaq yaxud məlumatsız olduğununa istinad etmək daha düzgündür.
Diplomat, həmçinin hər bir məsuliyyətli şəxs sözün çəkisinin nə qədər əhəmiyyətli olduğunu yaddan çıxartmamalıdır.
_____________________________________
Hələ Demosfen «Cinayətkar səfirlik haqqında» nitqində deyirdi ki, səfirlərin sərəncamında nə döyüş gəmiləri, nə ağır piyada qoşunu, nə qalalar var. Onların silahı sözlər və əlverişli imkanlardır. Vacib danışıqlar gedərkən bu imkanlar ötəridir. Onlar qaçırıldısa, həmişəlik qaçırıldı. Ləng tərpənən və vəziyyətin uğurlu axarından istifadə etməyən diplomat sadəcə əlverişli imkanları əldən qaçırmır, hadisələrə nəzarəti itirir.
Hərdən sözlər bumeranqa bənzər. Sözün diplomatiyanın arsenalında nə demək olduğunun klassik nümunəsi A.Kovalyovun təsvir edilən Bismarkın «eyms depeşası» ilə bağlı əhvalatdır.
Başqa klassik bir əhvalat 1967-ci il 24 iyul tarixində axşam baş vermişdi. Rəsmi səfərlə Kanadada olan prezident Ş. de Qoll Monrealda ratuşanın (bələdiyyə binasının) eyvanından şəhər sakinlərini «Qəlbim hisslərlə doludur! Eşq olsun Monreala! Eşq olsun Kvebekə! Azad Kvebek!» — deyə salamladı. Ertəsi gün Kanadanın baş naziri kanadalıların azad olunmaq ehtiyacının olmadığını bəyan etdi. Səfər yarımçıq kəsildi.
_____________________________________
Görüşün keçirilməsi yeri və zamanı onun iştirakçılarının qarşılıqlı razılığı əsasında müəyyən edilir və bu zaman tərəflərin heç biri təklifinin qəbuluna vadar etməməlidir. Bu xüsusən görüşün təşəbbüskarına aiddir ki, o, özü üçün rahat olan vaxtı və yeri blldirsə də, son qərarı dəvət olunan tərəfdə saxlamaq lazımdır.
_____________________________________
Görüşün tarixi və vaxtını adətən telefon vasitəsilə razılaşdırırlar. Bir qayda olaraq, görüş onun keçirilməsi xahişi ilə müraciətdən sonrakı ikinci yaxud üçüncü günə 10-16 radələrinə (görüşün axşam vaxtı keçirilməsi də istisna edilmir) təyin edilir. Görüş yeri iştirakçıların birinin çalışdığı yer yaxud neytral ərazi (restoran, kafe, klub) ola bilər.
Qeyri-rəsmi, özəl xarakterli görüşlər iştirakçıların mənzillərində keçirilə bilər. Tərəflərin iştirakçıların sayının bərabər olması arzuolunandır. Görüşün dili tərəflərin razılığı əsasında müəyyən edilir.
Rəsmi nümayəndələrlə görüşləri xüsusi hazırlanmış məkanlarda keçirmək arzuolunandır. Masalar üzərində artıq sənədlər olmamalıdır. Peçenye, meyvə, konfet də qoymaq lazım deyil; buterbrod və çay danışıqlar uzun müddət davam edirsə, tənəffüs zamanı verilə bilər. Masa arxasında yerləşdirmə ümumən qəbul edilmiş qaydalar əsasında, iştirak edən şəxslərin ranqları (dərəcələri) və xidməti mövqeyi nəzərə alınmaqla həyata keçirilir. Qonağı yazı masası arxasında, yaxud masanın başında əyləşərək qəbul etmək tövsiyə edilmir. Bu tərəflərin qeyri-bərabərliyi təsəvvürü yaradır və təhqir kimi qiymətləndirilə bilər.
_____________________________________
Baş vermiş söhbət haqqında dərhal, yaxud növbəti gün müzakirə olunan məsələlər sadalanan, qeyd olunan məsələ üzrə tərəflərin hər birinin fikirləri obyektiv olaraq yazılmış, əldə olunmuş razılıq və ya fikir ayrılıqları üzrə tərəflərin mövqeləri, digər xeyirli informasiyalı qeydlər edilir.
_________________________________________
Telefonla danışıq söhbətə bərabər tutulur və ən vacib məsələlərlə bağlı qeydlər aparılır. Danışıqdan dərhal sonra həmsöhbətə telefonla əldə olunan razılığı təsdiqləyən, yaxud tərəflərin söylədiyi fikirlər əks olunan məktub göndərmək lazımdır.
___________________________________
Diplomatik söhbət apararkən, yaxud danışıqlarda iştirak edərkən unutmaq olmaz ki, partnyor həmişə öz məqsədlərinə, qarşısında qoyulan məsələlərə nail olmağa can atır və istənilən dönüşə, hətta təzyiqə hazır olmaq lazımdır.