Dövlət xadimləri arasında iki və çoxtərəfli görüşlər – ali səviyyədə dövlət vizitləri diplomatiyada həmişə mühüm yer tutmuş, son illər isə geniş tətbiq olunurlar. Ali qonaqların qəbul protokolu bütün diplomatiya tarixinin inkişafı prosesində işlənib hazırlanmışdır.
Rəsmi nümayəndə heyətlərinə nümayiş etdirilən ehtiramlar onların səviyyəsindən və başçılıq edən şəxsin tutduğu mövqeyindən asılıdır. Nümayəndə heyətləri və dövlət xadimlərinin vizitləri adətən rəsmi, işgüzar (iş), qeyri-rəsmi, yolüstü (tranzit) vizit növlərinə bölünür. Bundan başqa, diplomatik protokol sahəsindəki bəzi mütəxəssislər, məsələn, A.F.Borunkov dövlət viziti anlayışının bu növ fəaliyyətin ən ali forması kimi daxil olunmasını qeyd edirlər.
Dövlət viziti rəsmi vizitdən ehtiramların nümayiş etdirilməsinin daha yüksək səviyyəsi ilə fərqlənir.
Rəsmi vizit yüksək səviyyə və böyük siyasi əhəmiyyət kəsb edir. O, həm görüş, həm vida, həm də digər tədbirlər zamanı bütün seremonial ehtiramların göstərilməsi ilə həyata keçirilir. Rəsmi vizitin diqqət mərkəzində siyasi danışıqlar, o cümlədən «təkbətək» söhbətlər daxildir. Rəsmi vizit aşağıdakı seremonial tədbirləri nəzərdə tutur: gül əklillərinin qoyuluşu, rəsmi nahar, yaxud səhər yeməyi, teatr, yaxud konsertin (istəyə görə) ziyarəti. Vizit bir qayda olaraq, yekun sənədin imzalanması ilə tamamlanır.
Işguzar, yaxud iş viziti konkret məqsədli təyinata tabedir. Onun iştirakçıları – dövlət, hökumət başçıları, dövlət xadimi, yaxud nümayəndə heyəti, məsləhətləşmələr, yaxud fikir mübadiləsi, milli sərgilərin yaxud hər hansı obyektin açılışı, beynəlxalq müşavirələr və konfranslarda iştirak, müqavilə və razılaşmaların imzalanması, yubiley tarixlərinin qeyd edilməsi üçün toplaşırlar.
Təşrifat elementi bu cür vizit zamanı çox az yer tutur. Adətən bu bir protokol tədbiri – nahar, yaxud səhər yeməyindən ibarət olur. Vizit və onun təşkili danışıqların keçirilməsinə hesablanıb, buna görə gül əklillərinin qoyuluşu və teatrın rəsmi ziyarətini nəzərdə tutmur. Işgüzar vizit zaman etibarilə uzunmüddətli olmur.
Qeyri-rəsmi, yaxud şəxsi vizit. Bu cür vizitlərə xarici dövlət nümayəndə heyətlərinin istirahət və müalicə, şəxsi işlər üçün, öz ölkəsinin səfirinin qonağı və hətta turist qismində gəlişini aid edirlər. Bir qayda olaraq, protokol tədbirləri nəzərdə tutulmur.
Yolüstü (tranzit) vizit tranzitlə gedən ali qonaqların (dövlət, hökumət başçısının, yaxud xarici işlər nazirinin) ölkədə qısamüddətli qalmalarına deyilir. Təşrifat elementi minimuma endirilib. Dayanacaq nöqtələrində sadəcə diqqət əlamətləri göstərilir. Istisna hallarda qonaqların xahişi ilə və müvafiq razılığın əldə edilməsi halında dövlət xadimləri ilə görüşlər və söhbətlər təşkil edilə bilər. Bu zaman vizitin siyasi çəkisi artır.
Diplomatik kanallar vasitəsilə vizit barədə razılıq əldə ediləndən, onun müddəti və səviyyəsi razılaşdırılıqdıqdan sonra tərəflər eyni zamanda mətbuatda bu barədə xəbərlər çap edirlər.