(Vyana, 18 aprel 1961-ci il)
Bu Konvensiyanın Tərəfləri olan dövlətlər bütün ölkələrin xalqlarının lap qədim zamanlardan diplomatik agentlik statusunu tanıdığını qeyd edərək:
Birləşmiş Millətlər Təşkilatının dövlətlərin suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında Nizamnaməsinin məqsəd və prinsiplərini nəzərə alaraq;
Diplomatik əlaqələr, imtiyazlar və immunitetlər haqqında beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq;
Bu cür imtiyaz və immunitetlərin ayrı-ayrı adamların mənfəəti üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli surətdə həyata keçirilməsini təmin etmək üçün verildiyini dərk edərək;
Bu Konvensiyanın maddələri ilə nəzərdə tutulmayan məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam edəcəyini təsdiq edərək, aşağıdakılar haqqında razılığa gəldilər:
Bu Konvensiyada göstərilən aşağıdakı terminlərin mənaları belədir:
a) – «nümayəndəlik başçısı» — akkreditə edən dövlətin bu keyfiyyətdə hərəkət etmək vəzifəsini həvalə etdiyi şəxsdir;
b) «nümayəndəlik əməkdaşları» — nümayəndəliyin başçısı və nümayəndəlik personalının üzvləridirlər;
c) – «nümayəndəlik personalının üzvləri» — diplomatik personalın, inzibati-texniki personalın və xidməti personalın və xidməti personalın üzvləridirlər;
ç) – «diplomatik personalın üzvləri» — nümayəndəlik personalının diplomatik rütbəli üzvləridirlər;
d) – «diplomatik agent» — nümayəndəliyin başçısı və ya nümayəndəliyə inzibatı-texniki xidmət göstərən nümayəndəlik personalının üzvləridirlər;
e) «inzibati-texniki personal üzvləri» — nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəliyin personal üzvləridir;
ə) «xidməti personal üzvləri» — nümayəndəliyin xidməti üzrə vəzifələri yerinə yetirən nümayəndəlik personalının üzvləridirlər;
f) – «xüsusi ev işçisi» — nümayəndəlik əməkdaşının ev işlərini yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan şəxsdir;
g) – «nümayəndəliyin binası» — nümayəndəlik, o cümlədən nümayəndəlik başçısının iqamətgahı məqsədilə istifadə edilən binalar və ya binaların bir hissəsi və onlara mülkiyyət hüququnun kimdə olmasından asılı olmayaraq bu binaya, yaxud onun hissəsinə xidmət edən torpaq sahəsi deməkdir.
Dövlətlər arasında diplomatik münasibətlərin yaranması və daimi diplomatik nümayəndəliyin təsis edilməsi qarşılıqlı razılıq əsasında həyata keçirilir.
1. Diplomatik nümayəndəliyin funksiyaları bunlardan ibarətdir:
a) – yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək;
b) – yerləşmə dövlətində beynəlxalq hüquqla yol verilən hüdudlarda akkreditə edən dövlətin və onun vətəndaşlarının mənafelərini müdafiə etmək;
c) – yerləşmə dövlətinin hökuməti ilə danışıqlar aparmaq;
ç) – yerləşmə dövlətindəki şərait və hadisələri qanuni yolla müəyyənləşdirmək və bunlar haqqında akkreditə edən dövlətin hökumətinə məlumat vermək;
d) akkreditə edən dövlətlə yerləşmək dövləti arasında dostluq münasibətlərini genişləndirmək və iqtisadiyyat, mədəniyyət və elm sahəsində onlar arasındakı qarşılıqlı münasibəti inkişaf etdirmək.
2. Bu Konvensiyanın heç bir maddəsi diplomatik nümayəndəliyin konsul funksiyalarını yerinə yetirməsinə mane olacaq bir maddə kimi şərh edilə bilməz.
1. Akkreditə edən dövlət yerləşmə dövlətinin onun bu dövlətdə akkreditə etmək istədiyi nümayəndəlik başçısına aqreman verəcəyinə əmin olmalıdır.
2. Yerləşmə dövləti aqreman verməməyinin səbəbləri haqqında akkreditə edən dövlətə məlumat verməyə borclu deyildir.
1. Akkreditə edən dövlət lazımi qaydada müvafiq yerləşmək dövlətini xəbərdar etdikdən sonra nümayəndəlik başçısını akkreditə və ya hər hansı diplomatik personal üzvünü şəraitdən asılı olaraq bir və ya bir neçə dövlətə, əgər yerləşmə dövlətlərindən biri və ya bir neçəsi etiraz etməzsə, təyin edə bilər.
2. Əgər akkreditə edən dövlət nümayəndəlik başçısını bir və ya bir neçə dövlətdə akkreditə edirsə, nümayəndəlik başçısının daimi yerinin olmadığı dövlətlərin hər birində o, müvəqqəti işlər müvəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə bilər.
3. Nümayəndəlik başçısı və ya nümayəndəliyin diplomatik personalının hər bir üzvü istənilən beynəlxalq təşkilatda akkreditə edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərə bilər.
Əgər yerləşmə dövləti buna etiraz etməzsə iki və ya bir neçə dövlət eyni şəxsi nümayəndəlik başçısı kimi digər dövlətdə akkreditə edə bilərlər.
5,8,9 və 11-ci maddələrlə nəzərdə tutulan hallar istisna olunmaqla akkreditə edən dövlət nümayəndəlik personalını azad surətdə təyin edə bilər. Hərbi, dəniz və ya aviasiya attaşelərinə aid məsələlərdə yerləşmə dövləti bu attaşelərin adlarının razılıq üçün əvvəlcədən ona göndərilməsini təklif edə bilər.
1. Nümayəndəliyin diplomatik personalının üzvləri prinsip etibarilə akkreditə edən dövlətin vətəndaşları olmalıdırlar.
2. Nümayəndəliyin diplomatik personalının üzvləri yerləşmə dövlətinin razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə bilməz, bu razılıq isə istənilən vaxt ləğv edilə bilər.
3. Yerləşmə dövləti üçüncü dövlətin vətəndaşı, eyni zamanda akkreditə edən dövlətin vətəndaşı olmayan şəxslərə münasibətdə də bu hüququ özündə saxlaya bilər.
1. Yerləşmə dövləti istənilən vaxt öz qərarını əsaslandırmadan akkreditə edən dövlətə xəbərdarlıq edə bilər ki, nümayəndəliyin başçısı və ya diplomatik personal üzvlərindən biri persona non qrata və ya nümayəndəlik personalı üzvlərindən biri arzuedilməz şəxsdir. Bu halda akkreditə edən dövlət müvafiq olaraq həmin şəxsi geri çağırmalı və ya onun nümayəndəlikdəki funksiyalarını dayandırmalıdır. Bu və ya digər şəxs yerləşmə dövlətinin ərazisinə gəlmədən də persona non qrata və ya arzuedilməz şəxs elan edilə bilər.
2. Əgər akkreditə edən dövlət bu maddənin 1-ci bəndində nəzərdə tutulan vəzifələrini yerinə yetirməkdən imtina etsə və ağlabatan müddət ərzində yerinə yetirməsə yerləşmə dövləti həmin şəxsi nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər.
1. Yerləşmə dövlətinin xarici işlər nazirliyi və ya haqqında razılıq əldə edilmiş digər nazirlik aşağıdakı hallarda xəbərdar edilməlidir:
a) nümayəndəlik əməkdaşlarının təyin edilməsi, onların gəlməsi və tamamilə getməsi və ya onların nümayəndəlikdəki funksiyalarının dayandırılması haqqında;
b) nümayəndəlik əməkdaşının ailəsinə mənsub olan şəxsin gəlməsi və ya tamamilə getməsi, lazımi hallarda bu və ya digər şəxsin nümayəndəlik əməkdaşlının ailə üzvü olması və ya üzvlükdən çıxması haqqında;
c) bu bəndin «a» yarımbəndində göstərilən şəxslərin yanında xidmətdə olan xüsusi ev işçilərinin gəlməsi və tamamilə getməsi və lazımi hallarda həmin işçilərin bu şəxslərin yanından xidmətdən getməsi haqqında;
ç) yerləşmə dövlətində nümayəndəlik əməkdaşı kimi yaşayan şəxslər və ya imtiyaz və immunitet hüququna malik olan ev işçilərinin işə götürülməsi və işdən azad edilməsi haqqında.
2. Ölkəyə gəlmək və tamamilə getmək haqqında xəbərdarlıq imkan dairəsində əvvəlcədən edilməlidir.
1. Nümayəndəlik personalının sayı haqqında konkret razılıq yoxdusa, yerləşmə dövləti təklif edə bilər ki, nümayəndəlik yerləşmə dövlətindəki şərait və vəziyyəti, nümayəndəliyin ehtiyacını nəzərə almaqla nümayəndəlik personalının sayını məntiqi və normal hesab etdiyi hüdudlarda saxlasın.
2. Yerləşmə dövləti elə həmin əsaslarla və heç bir hüquq məhdudluğu olmadan hər hansı kateqoriyalı vəzifəli şəxsi qəbuldan imtina edə bilər.
Yerləşmə dövlətinin razılığı olmadan akkreditə edən dövlət diplomatik nümayəndəliyin bir hissəsi olan dəftərxananı ancaq nümayəndəliyin özünün təsis edildiyi şəhərdən başqa digər yaşayış məntəqələrində təsis edə bilməz.
1. Nümayəndəlik başçısının yerləşmə dövlətində öz funksiyalarını yerinə yetirməyə başlamış hesab olunması bu dövlətdəki praktikadan asılıdır. Bu praktika eyni cür tətbiq edilməlidir – ya etimadnamə təqdim edilən andan, ya da gəldiyi haqqında məlumatın və ya etimadnamələrin təsdiq olunmuş surətlərinin yerləşmə dövlətinin xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər nazirliyə təqdim edildiyi andan hesablanmalıdır.
2. Etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin təqdim edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və saatla müəyyənləşdirilir.
1. Nümayəndəlik başçıları 3 sinfə bölünürlər:
1) dövlət başçıları yanında akkreditə edilən səfirlər və nunsilər sinfi və bu rutbələrə bərabər tutulan başqa nümayəndəlik başçıları sinfi;
2) dövlət başçıları yanında akkreditə edilən elçilər və internunsilər sinfi;
3) xarici işlər naziri yanında akkreditə edilən işlər müvəkkili sinfi.
2. Nümayəndəlik başçıları arasında rütbə böyüklüyü və etiketdən başqa, bu və ya digər sinfə mənsub olduğuna görə heç bir fərq qoyulmamalıdır.
Nümayəndəlik başçılarının mənsub olduqları siniflər dövlətlər arasındakı razılaşmalarla müəyyənləşdirilir.
1. Müvafiq sinfə mənsub nümayəndəlik başçılarının rütbə böyüklüyü 13-cü maddəyə uyğun olaraq onların öz funksiyalarını yerinə yetirməyə başladıqları tarix və saatla müəyyənləşdirilir.
2. Nümayəndəlik başçısının etimadnamələrində sinifin dəyişməsilə əlaqələr olmadan edilən dəyişikliklər onun rütbə böyüklüyünə təsir etmir.
3. Bu maddə Vatikan nümayəndəsinin böyüklük ilə əlaqədar yerləşmə dövlətində qəbul edilmiş praktikaya toxunmur.
Nümayəndəlik başçısı nümayəndəliyin diplomatik personalının rütbələri haqqında xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər nazirliyə məlumat verir.
Hər bir dövlətdə nümayəndəlik başçılarının qəbul qaydası hər bir sinfə münasibətdə eyni olmalıdır.
1. Əgər nümayəndəlik başçısı vəzifəsi boşdursa və ya nümayəndəlik başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə, nümayəndəlik başçısı vəzifəsini müvəqqəti olaraq işlər müvəkkili yerinə yetirir. Müvəqqəti işlər müvəkkilinin soyadı nümayəndəlik başçısı, əgər o bunu etmək iqtidarında deyilsə, akkreditə edən dövlətin xarici işlər nazirliyi tərəfindən yerləşmə dövlətinin xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər nazirliyə bildirilir.
2. Nümayəndəliyin diplomatik əməkdaşlarından heç birinin yerləşmə dövlətində olmadığı halda, yerləşmə dövlətinin razılığı ilə akkreditə edən dövlət inzibati-texniki personalın üzvünü nümayəndəliyin cari inzibati işləri üçün məsul şəxs kimi təyin edə bilər.
Nümayəndəlik və onun başçısı akkreditə edən dövlətin bayraq və rəmzlərindən iqamətgahı da daxil olmaqla nümayəndəlik binalarında, həmçinin nəqliyyat vasitələrində istifadə etmək hüququna malikdir.
1.Yerləşmə dövləti ya öz ərazisində öz qanunlarına uyğun olaraq akkreditə edən dövlətə nümayəndəlik üçün zəruri binaların alınmasında kömək etməli, ya da akkreditə edən dövlətin başqa yollarla binalar almasına yardım göstərməlidir.
2. O həmçinin əməkdaşlarına da münasib binalar almaqda nümayəndəliklərə yardım etməlidir.
1. Nümayəndəlik binaları toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməzlər.
2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
3. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir.
1. Akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət növünün ödəniş olan vergi və rüsumlardan başqa nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalar üçün bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azaddırlar.
2. Bu maddədə bəhs edilən dövlət vergiləri akkreditə edən dövlətlə və nümayəndəlik başçısı ilə müqavilə bağlayan şəxslərin yerləşmə dövlətinin qanunlarına uyğun olaraq verdiyi vergi və rüsumlara aid deyilir.
Nümayəndəliyin arxivi və sənədləri bütün vaxtlarda və harada olmalarından asılı olmayaraq toxunulmazdır.
Yerləşmə dövləti nümayəndəliyin funksiyalarının yerinə yetirilməsi üçün hər cür imkan yaratmalıdır.
Əgər bu, dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan edilən və ya tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd deyildirsə, yerləşmə dövləti nümayəndəliyin bütün əməkdaşlarının öz ərazisində azad hərəkətini təmin etməlidir.
1. Yerləşmə dövləti nümayəndəliyin rəsmi məqsədlər üçün bütün əlaqələrinə icazə verməli və bu azad əlaqələri mühafizə etməlidir. Akkreditə edən dövlətin hökuməti və digər nümayəndəlikləri, konsulluqları ilə – onlar harada olurlarsa olsunlar – əlaqələrindən nümayəndəlik diplomatik kuryerlər və kodlaşdırılmış, şifrələnmş məktublar daxil olmaqla bütün əlverişli vasitələrdən istifadə edə bilər. Bununla belə, ancaq yerləşmə dövləti icazə verəndən sonra nümayəndəlik radioqəbuledici qurub onu istismar edə bilər.
2. Nümayəndəliyin rəsmi yazışması toxunulmazdır. Rəsmi yazışma dedikdə, nümayəndəliyə və onun fnuksiyalarına aid olan bütün yazışmalar nəzərdə tutulur.
3. Diplomatik poçtu açmaq və gecikdirmək olmaz.
4. Diplomatik poçtu təşkil edən bütün yerlərin onların xarakterini göstərən görünən xarici nişanları olmalıdır və bunlarda rəsmi istifadə üçün nəzərdə tutulan ancaq diplomatik sənədlər və əşyalar olmalıdır.
5. Statusu və diplomatik poçtu təşkil edən yerlərin sayı göstərilmiş rəsmi sənədlərlə təmin edilmiş diplomatik kuryer öz vəzifəsini yerinə yetirərkən yerləşmə dövlətinin müdafiəsindən istifadə edir. O, şəxsi toxunulmazlıqdan istifadə edir və hər hansı bir formada həbs edilə və ya tutulub saxlanıla bilməz.
6. Akkreditə edən dövlət və ya nümayəndəlik ad hoc (lat. – xüsusi, müəyyən məqsədlə yaradılmış) diplomatik kuryer təyin edə bilər. Belə hallarda bu maddənin 5-ci bəndindəki vəziyyət tətbiq edilir, lakin bu kuryer ona həvalə edilən diplomatik poçtu təyinatı üzrə çatdırdığı andan bu bənddə göstərilən immunitetlər dayandırılır.
7. Diplomatik poçt gəlməsi üçün icazə verilən aeroporta istiqamət götürən mülki təyyarənin ekipaj komandirinə etibar edilə bilər. Komandir poçtu təşkil edən yerlərin sayı göstərilən rəsmi sənədlə təmin edilməlidir, lakin o, diplomatik kuryer hesab olunmur. Diplomatik poçtu təyyarə komandirindən bilavasitə və maneəsiz qəbul etmək üçün nümayəndəlik öz əməkdaşlarından birini göndərə bilər.
Özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin aldığı mükafatlar və pullar bütün vergi və rüsumlardan azad edilir.
Diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O, heç bir formada həbs edilə və ya tutulub saxlanıla bilməz. Yerləşmə dövləti ona lazımi hörmətlə yanaşmalı və onun şəxsiyyəti, azadlığı, yaxud şərəfinə istənilən qəsdlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.
1. Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir.
2. Onun kağızları və yazışması, 31-ci maddənin 3-cü bəndində nəzərdə tutulanlar istisna edilməklə, onun mülkiyyəti eyni dərəcədə toxunulmazdır.
1. Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiyası immunitetindən istifadə edir. O, həmçinin aşağıdakı göstərilən hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də istifadə edir:
a)yerləşmə dövlətində olan daşınmaz şəxsi əmlaka aid mülkiyyət iddiası, əgər və əmlak akkreditə edən dövlətin adından nümayəndəliyin məqsədləri üçün alınmayıbsa;
b)diplomatik agentin vəsiyyətin icraçısı kimi vərəsəlik mülkiyyətinin, varisin və ya vərəsəni alanın qəyyumu sifətilə akkreditə edən dövlətin adından deyil, adi şəxs kimi çıxış etdiyi vərəsəlik iddialarında;
c)diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya kommersiya fəaliyyətinə aid iddialar.
2. Diplomatik agent şahid kimi ifadə verməyə borclu deyildir.
3. Bu maddənin 1-ci bəndinin «a», «b», «c» yarımbəndlərinə aid olan hallar istisnam olmaqla diplomatik agentə qarşı heç bir icra tədbirləri tətbiq edilə bilməz, ancaq bir şərtlə tətbiq edilə bilər ki, onun şəxsiyyətinin və iqamətgahının toxunulmazlığı pozulmasın.
4. Diplomatik agenti yerləşmə dövlətinin yurisdiksiyasindan immunitet onu akkreditə edən dövlətin yurisdiksiyasından azad etmir.
1. Diplomatik agenti və 37-ci maddəyə uyğun olaraq immunitetdən istifadə edən şəxsləri yurisdiksiya immunitetindən akkreditə edən dövlət imtina edə bilər.
2. Imtina həmişə müəyyən şəkildə ifadə edilməlidir.
3. Diplomatik agent və ya 37-ci maddəyə müvafiq olaraq yurisdiksiya immunitetindən istifadə edən şəxsin iş qaldırması onu əsas iddia ilə bilavasitə əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə yurisdiksiya immunitet hüququndan məhrum edir.
4. Mülki və ya inzibati işə münasibətdə yurisdiksiya immunitetindən imtina qərarın icrasına münasibətdə imtina mənası daşımır, bunun üçün xüsusi imtina tələb olunur.
1. Bu maddənin 3-cü bədində əməl oldunduğu şəraitdə yerləşmə dövlətində sosial təminat haqqında qüvvədə olan qərar diplomatik agentin akkreditə edən dövlətə münasibətdə göstərdiyi xidmətlərə aid edilmir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan tutulma məhz diplomatik agentin yanında qulluq edən ev işçilərinə aşağıdakı şərtlərlə aid edilir:
a)əgər olar yerləşmə dövlətinin vətəndaşı deyillərsə və ya bu dövlətdə daima yaşamırlarsa;
b)əgər akkreditə edən dövlətdə və ya üçüncü dövlətdə qüvvədə olan sosial təminat haqqında qərar onlara aiddirsə.
3. Bu maddənin 2-ci bəndi ilə nəzərdə tutulan tutulmaların aid edilmədiyi şəxslərin işə götürən diplomatik agent yerləşmə dövlətində qüvvədə olan qərarla işverənlər üzərinə qoyulan vəzifələri yerinə yetirməlidir.
4. Bu maddənin 1-ci və 2-ci bəndləri ilə nəzərdə tutulan tutulmalar yerləşmə dövlətinin sosial təminat sistemində könüllü surətdə iştirak etməyə maneçilik törətmir, ancaq bir şərtlə ki, bu dövlət belə iştiraka yol verir.
5. Bu maddə sosial təminat haqında əvvəllər bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrə toxunmur və gələcəkdə belə müqavilələrin bağlanmasına maneçilik törətmir.
Diplomatik agent aşağıda göstərilən hallar istisna edilməklə bütün vergi və rüsumlardan – şəxsi, mülkiyyət, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunur:
a)məhsulun və ya xidmətin qiymətinə daxil olan vasitəli vergilərdən;
b)yerləşmə dövlətinin ərazisindəki daşınmaz şəxsi mülkiyyət üçün vergi və rüsumlardan, əgər bu mülkiyyət nümayəndəliyin məqsədləri üçün akkreditə edən dövlətin adından istifadə edilmirsə;
c)yerləşmə dövləti tərəfindən tutulan miras vergiləri və vərəsəlik rüsumları, 39-cu maddənin 4-cü bəndi istisna edilməklə;
ç)gəlir mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirin rüsum və vergiləri və yerləşmə dövlətindəki kommersiya müəssisələrinə kapital qoyuluşuna qoyulan vergilər;
d) konkret xidmət növü üçün alınan vergilər;
e)23-cü maddədə nəzərdə tutulan istisnalarla qeydiyyat, məhkəmə və reyestr rüsumları olmaqla daşınmaz mülkiyyətə münasibətdə ipoteka vergisi və gerb rüsumu.
Yerləşmə dövləti diplomatik agenti xarakterindən asılı olmayaraq bütün əmək və dövlət mükəlləfiyyətlərin-
dən, həmçinin rekvizisiya, təzminat və hərbi düşərgələr kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.
1. Yerləşmə dövləti özünün qəbul etdiyi qanun və qaydalara müvafiq olaraq aşağıda göstərilənləri gətirməyə icazə verir və bütün gömrük vergilərindən və bununla bağlı rüsumlardan azad edir, anbar, daşınma rüsumları və bu növ xidmət növləri istisna təşkil edir:
a)nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan əşyalar;
b)diplomatik agentin və ya onunla birgə yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün, onun təsərrüfatı üçün nəzərdə tutulan əşyalar.
2. Diplomatik agentin yükü, əgər bu maddənin 1-ci bəndindəki istisnaların aid edilmədiyi əşyaların və ya yerləşmə dövlətinin qanunu ilə qadağan edilən və ya karantin qaydaları ilə tənzimlənən əşyaların olmasına ciddi əsas yoxdursa, yoxlamadan azad edilir. Bu cür yoxlama diplomatik agentin və ya səlahiyyətli nümayəndəsinin yanında aparılmalıdır.
1. Diplomatik agentlə birgə yaşayan ailə üzvləri, əgər onlar yerləşmə dövlətinin vətəndaşları deyilərsə, 29-36-cı maddələrdə göstərilən imtiyaz və immunitetdən istifadə edirlər.
2. Nümayəndəliyin texniki-inzibati personalının üzvləri və onların ailə üzvləri, əgər onlar yerləşmə dövlətinin vətəndaşları deyildirsə və ya daimi olaraq bu dövlətdə yaşamırlarsa 29-35-ci maddələrdə göstərilən imtiyaz və immunitetdən istifadə edirlər; 31-ci maddənin 1-ci bəndində göstərilən yerləşmə dövlətinin mülki və inzibati yurisdiksiyasından immunitet öz vəzifəsini yerinə yetirmədiyi zaman yol verdiyi hərəkətlərə aid edilmir. Onlar, həmçinin təsərrüfat yaratmaq üçün nəzərdə tutulan əşyalarla münasibətdə 36-cı maddənin 1-ci bəndində göstərilən imtiyazlardan istifadə edirlər.
3. Nümayədəliyin xidmət personalının yerləşmə dövlətinin vətəndaşı olmayan və ya bu dövlətdə daimi yaşamayan üzvləri öz vəzifələrini yerinə yetirərkən yol verdikləri hərəkətlərə münasibətdə immunitetdən istifadə edirlər və xidmət yerinə aldıqları əmək haqqı üçün vergi rüsumlarından azad olunurlar, həmçinin 33-cü maddədə göstərilən istisnalardan istifadə edirlər.
4. Nümayəndəlik əməkdaşlarının ev işçiləri yerləşmə dövlətinin vətəndaşı deyildirlərsə və ya bu dövlətdə daimi yaşamırlarsa, xidmət yerlərində aldıqları əmək haqqı üçün vergi və rüsumlardan azad edilirlər. Digər məsələlər münasibətdə onlar yerləşmə dövlətində yol verilən dərəcədə imtiyaz və immunitetlərdən istifadə edə bilərlər. Lakin yerləşmə dövləti bu şəxslər üzərində yurisdiksiyasını elə həyata keçirməlidir ki, nümayəndəliyin öz funksiyalarını lazımi şəkildə yerinə yetirməsinə müdaxilə etməsin.
1. Yerləşmə dövləti tərəfindən verilən əlavə imtiyaz və immunitetlərdən başqa yerləşmə dövlətinin vətəndaşı olan və bu dövlətdə daimi yaşayan diplomatik agent ancaq öz funksiyalarını yerinə yetirərkən etdiyi rəsmi hərəkətlərə münasibətdə yurisdiksiya immunitetindən və toxunulmazlıqdan istifadə edir.
2. Nümayəndəlik personalının yerləşmə dövlətinin vətəndaşı olan və ya bu dövlətdə daimi yaşayan digər üzvləri və ev işçiləri imtiyaz və immunitetlərdən yerləşmək dövlətinin yol verdiyi hüdudlarda istifadə edirlər. Lakin yerləşmə dövləti bu şəxslər üzərində yurisdiksiyasını elə yerinə yetirməlidir ki, nümayəndəliyin öz funksiyalarını həyata keçirməsinə heç bir şəkildə müdaxilə etməsin.
1. Imtiyaz və immunitet hüququ olan hər bir şəxs öz vəzifəsini tutmaq üçün gedərkən yerləşmə dövlətinin ərazisinə qədəm qoyduğu andan və ya əgər həmin şəxs bu dövlətin ərazisindədirsə onun haqqında xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər bir nazirliyə məlumat verilən andan həmin imtiyaz və immunitetlərdən istifadə edir.
2. Əgər imtiyaz və immunitetlərdən istifadə edən şəxsin funksiyaları bitirsə, o, ölkəni tərk edən andan və ya bunu etmək üçün ağlabatan şəkildə təyin edilmiş vaxt qurtardıqdan sonra bu imtiyaz və immunitetlər dayandırılır, lakin hərbi münaqişə hallarında belə, həmin vaxta qədər bu imtiyaz və immunitetlər də qalır. Belə bir şəxs özünün nümayəndəlik əməkdaşı funksiyalarını yerinə yetirərkən immunitet qalmaqda davam edir.
3. Nümayəndəlik əməkdaşı öldüyü halda, onun ailə üzvlərinin hüquqları olan imtiyaz və immunitetlərdən yerləşmə ölkəsini tərk etmək üçün ağlabatan müddət keçənədək istifadə etməkdə davam edirlər.
4. Yerləşmə dövlətinin vətəndaşı olmayan və bu dövlətdə daimi yaşamayan nümayəndəlik əməkdaşı və ya onunla birgə yaşayan ailə üzvü öldüyü halda yerləmə dövləti bu ölkədə alınmış və ölüm vaxtına qədər aparılmağı qadağan edilən əmlak istisna edilməklə ölənin daşınar əmlakının aparılmasına icazə verməlidir. Yerləşmə dövlətində olması ölmüş nümayəndəlik əməkdaşının və ya nümayəndəlik əməkdaşının ailə üzvünün məhz burada olması ilə şərtlənən daşınan əmlakdan vərəsəlik vergisi və varislik rüsumu alınmır.
1. Öz vəzifəsini tutmaq üçün gedərkən və ya öz vəzifəsinə, öz ölkəsinə qayıdarkən diplomatik agent zərurət olduqda, ona viza verən üçüncü dövlətin ərazisindən keçirsə, bu üçüncü dövlət onun keçib getməsini və ya qayıtmasını təmin etmək üçün tələb olunan toxunulmazlıq və bu cür digər immunitetlər verir. Bunlar imtiyaz və imunitetlərdən istifadə edən, diplomatik agenti müşayiət edən və ya ayrılıqda ona çatmaq üçün gedən və ya öz ölkəsinə qayıdan hər bir ailə üzvünə də aiddir.
2. Bu maddənin 1-ci bəndində göstərilən vəziyyət yarandıqda üçüncü dövlət nümayəndəliyin inzibati-texniki və ya xidmət personalının üzvlərinin və onların ailə üzvlərinin onun ərazisindən keçib getməsinə maneçilik törətməməlidir.
3. Üçüncü dövlətlər tranzitlə gedən rəsmi yazışmaya və kodlaşdırılmış, şifrəli məktublar da daxil olmaqla digər rəsmi məlumatlara da yerləşmə dövlətinin verdiyi azadlıq və mühafizəni verməlidir. Bu dövlətlər tranzitlə gedən, zərurət olduqda viza verilmiş diplomatik kuryerlərə və diplomatik poçta da yerləşmə dövlətinin verməyə borclu olduğu toxunulmazlıq və mühafizəni verməlidir.
4. Üçüncü dövlətlərin bu maddənin 1,2 və 3-cü bəndləri ilə nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan şəxslərə və rəsmi məlumatlara, diplomatik poçta da aid edilir.
1. Imtiyaz və immunitetlərdən istifadə edən bütün şəxslər bu imtiyaz və immunitetlərə ziyan vurulmadan yerləşmə dövlətinin qanun və qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar.
2. Yerləşmə dövləti ilə aparılmaq üçün akkreditə edən dövlətin nümayəndəliyə etibar etdiyi rəsmi işlər bu dövlətin xarici işlər nazirliyi ilə və ya bu nazirlik vasitəsilə, haqqında razılıq əldə edilmiş digər nazirliklə və ya bu nazirlik vasitəsilə aparılır.
3. Nümayəndəliyin binaları nümayəndəliyin bu Konvensiya ilə və ya ümumi beynəlxalq hüququn digər normaları ilə və ya akkreditə edən dövlətlə yerləşmə dövləti arasında qüvvədə olan hər hansı xüsusi razılaşmalarla nəzərdə tutulmuş funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün istifadə edilməməlidir.
Diplomatik agent yerləşmə dövlətində şəxsi mənfəət məqsədilə peşə və kommersiya fəaliyyəti ilə məşğul olmamalıdır.
Diplomatik agentin funksiyaları bu hallarda dayandırılır:
a)akkreditə edən dövlət yerləşmə dövlətinə diplomatik agentin funksiyalarının dayandırıldığını bildirdikdə;
b)yerləşmə dövləti 9-cu maddənin 2-ci bəndinə uyğun olaraq diplomatik agenti nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina etdiyini akkreditə edən dövlətə bildirdikdə.
Yerləşmə dövləti, hətta silahlı münaqişə baş verdikdə belə, yerləşmə dövlətinin vətəndaşı olmayan və imtiyazlardan istifadə edən şəxslərin və belə şəxslərin ailə üzvlərinin vətəndaşlığından asılı olmayaraq, tezliklə çıxıb getmələri üçün zəruri yardım göstərməlidir. Zəruri hallarda özləri və əmlakları üçün tələb olunan nəqliyyat vasitəsini yerləşmə dövləti onların ixtiyarına verməlidir.
Iki dövlət arasında diplomatik əlaqələrin kəsilməsi və ya nümayəndəliyin müvəqqəti olaraq geriyə çağırıldığı halda:
a) yerləşmə dövləti, silahlı münaqişə olduqda belə, nümayəndəlik binasına bütün əmlakı və arxivi ilə birgə hörmət etməli və qorumalıdır;
b) akkreditə edən dövlət öz nümayəndəliyinin binalarını əmlakı və arxivi ilə birlikdə mühafizəsini yerləşmə dövləti üçün məqbul olan üçüncü bir dövlətə etibar edə bilər;
c) akkreditə edən dövlət öz mənafeyinin və öz vətəndaşlarının mənafelərinin müdafiəsini yerləşmə dövləti üçün məqbul olan üçüncü bir dövlətə etibar edə bilər.
Akkreditə edən dövlət yerləşmə dövlətinin razılığı ilə yerləşmə dövlətində təmsil edilməyən üçüncü dövlətin xahişi ilə bu üçüncü dövlətin və onun vətəndaşlarının mənafelərinin müdafiəsini müvəqqəti olaraq öz üzərinə götürə bilər.
1. Bu Konvensiyanın maddələrini tətbiq edərkən yerləşmə dövləti dövlətlər arasında ayrı-seçkilik qoymamalıdır.
2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir:
a)akkreditə edən dövlət bu Konvensiyanın hər hansı maddəsini onun nümayəndəliyinə qarşı məhdud şəkildə tətbiq etməsi ilə əlaqədar yerləşmə dövləti bu maddəni məhdud şəkildə tətbiq edirsə:
b)əgər adətə və ya razılaşmaya görə dövlətlər bir-birinə Konvensiyanın maddələri ilə tələb ediləndən də daha əlverişli rejim yaradarlarsa.
Bu Konvensiya imzalanmaq üçün bütün dövlətlər – Birləşmiş Millətlər Təşkilatının və ya xüsusi təsisatların üzvü, Beynəlxalq Məhkəmə Statusunun iştirakçısı olan dövlətlər, həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Konvensiya üzvü olmaq üçün dəvət etdiyi dövlətlər üçün açıqdır: 1961-ci il oktyabrın 31-dək Avstriyanın Federal xarici işlər nazirliyində, daha sonra 1962-ci il martın 31-dək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi Idarələrində.
Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.
Bu Konvensiya 48-ci maddədə göstərilən dörd kateqoriyadan birinə mənsub olan hər hanı dövlətin birləşməsi üçün açıqdır. Birləşmə haqqında aktlar saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.
1.Bu Konvensiya saxlanılmaq üçün iyirmi ikinci təsdiqnamənin və ya birləşmə haqqında aktın Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə minir.
2.Iyirmi ikinci təsdiqnamənin və birləşmə haqqında aktın təhvilindən sonra Konvensiyanı təsdiq edən və bu Konvensiyaya birləşən hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət özünün təsdiqnaməsini və ya birləşmə haqqında aktını saxlanılmaq üçün təhvil verdikdən otuz gün sonra qüvvəyə minir.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 48-ci maddədə göstərilən dörd kateqoriyadan birinə mənsub olan bütün dövlətlərə aşağıdakılar haqqında xəbər verir:
a) bu Konvensiyanın imzalanması və 48,49,50-ci maddələrə müvafiq olaraq təsdiqnamələrin və birləşmə haqqında aktların saxlanılmaq üçün təhvil verilməsi haqqında;
b) 51-ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsi tarixi haqqında.
Bu Konvensiyanın rus, ingilis, ispan, Çin və fransız dillərində eyni qüvvəyə malik mətninin əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə veriləcəkdir ki, o da bu mətnin təsdiq edilmiş surətlərini 48-ci maddədə göstərilmiş kateqoriyalardan birinə mənsub olan bütün dövlətlərə göndərəcəkdir.
Bunu təsdiq etmək üçün lazımi səlahiyyətləri olanlar bu Konvensiyanı imzaladılar.