Diplomatiyanın tərifinə keçməzdən öncə «diplomatiya» sözünün yaranma köklərinə nəzər salaq.
Qədim Yunanıstanda bir hökmdar digər bir dövlətin hömdarına rəsmi nümayəndəsini göndərdikdə, elçisinə içində təlimatlar olan ikiqat bükülmüş bir taxta lövhəcik —
«diploma» verirdi. Faktiki olaraq, «diploma» eyni zamanda onu gətirənin, yəni
diplomatın rəsmi nümayəndə olduğunu da təsdiq edirdi. Tarix boyu bu söz və ondan törənmiş sözlər (diplomas, diplomat, diplomatik, diplomatiya) müxtəlif mənalarda işlənsə də (artıq qeyd etdiyimiz taxta lövhəcik, rəsmi arxiv sənədlərlə işləmə bacarığı, rəsmi dövlət sənədləri və s.), bu gün də əsas mahiyyətini –
rəsmi, səlahiyətləndirilmiş təmsilçilik mənasını qoruyub saxlamaqdadır.
Diplomatiya – beynəlxalq münasibətlər sahəsində istifadə edilən, bu və ya digər dövlətə özünün xarici siyasi məsələri və məqsədlərini həyata keçirməyə yardımçı olan üsullar və hərəkətlər məcmusu.
Diplomatiyanın bir çox tərifləri arasında qeyd etdiyimiz daha aydın, yığcam və ümumi xarakter daşısa da, özündə ən əsas məqamları əks etdirir: diplomatiyanın subyektlərini – dövlətləri, fəaliyyət məkanını – beynəlxalq münasibətlər sahəsi, vəzifəsini — xarici siyasi məsələri və məqsədlərini həyata keçirmək üçün, icra mexanizmini
— üsullar vəhərəkətlər məcmusunun yardımi ilə.
Diplomatiyanın sərəncamında 3 vasitə var: inandırma, kompromiss (qarşılıqlı güzəşt) və zorla təhdid.
Vasitələrə nəzər salsaq, diplomatiyanın hərbi yolu, hərbi gücün tətbiqini inkar etdiyini görərik. Yəni, müasir dövrdə diplomatiyanı ehtiva edən üsullar və hərəkətlər məcmusuna hərbi üsulları və hərəkətləri daxil etmirlər. Müharibənin baş verməsi diplomatiyanın məğlubiyyəti kimi qəbul edilir. Təsadüfi deyil ki, ABŞ və Rusiyanın beynəlxalq məsələlərdə məqsədlərinə hərbi gücün tətbiqi ilə nail olmaqlarına səy göstərmələri bir çoxları tərəfindən beynəlxalq münasibətlərdə böhran halı, diplomatiyanın əlacsızlığı kimi qiymətləndirilir. Məhz belə bir şəraitdə beynəlxalq təhlükəsizlik və əməkdaşlığa birbaşa cavabdeh olan, və faktiki olaraq, beynəlxalq münasibətlərdə məsələlərin yalnız diplomatik yollarla həllinə başlıca təminatçı olan təşkilat — BMT-də kardinal dəyişikliyin vacibliyi, hətta başqa təşkilatların bu missiyanı öz üzərlərinə götürmələri ilə bağlı təkliflər hal-hazırda çox aktual səslənir.
«Siyasi realizm» məktəbinin banisi H.Morgentau diplomatiya elminin
dörd elementini qeyd edir:
1.Diplomatiya real yaxud potensial olaraq sərəncamında olan gücünü nəzərə alaraq öz məqsədlərini müəyyən etməlidir;
2.Diplomatiya digər dövlətlərin real yaxud potensial olaraq sərəncamlarında olan güclərini nəzərə alaraq onların məqsədlərini qiymətləndiirməlidir;
3.Diplomatiya bu müxtəlif məqsədlərin nə dərəcədə bir-birləri ilə uzlaşdığını müəyyən etməlidir;
4.Diplomatiya məqsədlərinin reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Sadalanan elementlər diplomatik fəaliyyətdə dövlətlərin siyasi reallıqları nəzərə almalarına yönəlib. İstənilən hakimiyyət arzu və məqsədlərini real vəziyyətlə uzlaşdırmalı, daha konkret və praktiki hədəflər seçməyi bacarmalıdır. Beynəlxalq münasibətlər tarixində bu prinsiplərə əməl etməyən və öz ölkələrinin başına xeyli bəlalar gətirən hakimiyyətlərlə bağlı misallar çoxdur: Küveyti işğal edən və son nəticədə ölkəsini faciəyə gətirən İraqın keçmiş rəhbəri Səddam Hüseyn; eyni zamanda bir neçə qonşu dövlətə qarşı amansız müharibə aparan və son nəticədə dövlətinin parçalanmasına səbəbkar olan Yuqoslaviyanın eks-prezicdenti Slobodan Miloşeviç və s.
Diplomatiyanın əsas vəzifələrinə aşağıdakılar aid edilir:
1) dünya səhnəsində dövlətin maraqlarını təmsil və müdafiə etmək (ən ümdə vəzifə);
2) dövlətin xarici siyasi-iqtisadi məqsədlərinə nail olmaq və bu məqsədlə:
- a) danışıqlar aparmaq,
- b) mövcud münasibətləri mühafizə etmək,
- c) dövlətlərarası sazişləri bağlamaq,
- d) beynəlxalq konfranslarda və təşkilatlarda iştirak etmək və s.
3) Münaqişələrin, mübahisəli məsələlərin sülh yolu ilə həlli və bu məqsədlə beynəlxalq təşkilatların yaradılmasında və fəaliyyətində iştirak etmək və s.;
Dövlətin diplomatik fəaliyyəti bilavasitə hökümətin rəhbərliyi altında xarici işlər qurumu və onun xaricdəki orqanlar – digər dövlətlərdəki diplomatik nümayəndəliklər, həmçinin deleqasiyalar, müvəkkil və xüsusi agentlər vasitəsilə həyata keçirilir.
Etimadnamə – bir dövlət başçısının imzaladığı və digər dövlətin başçısına ünvanlandığı, həmin ölkəyə bu və ya digər şəxsi diplomatik nümayəndə qismində təyin edildiyi barədə məlumatlandıran məktubu.
Diplomatik nümayəndə geri çağırıldıqda sonuncu dövlət başçısına (yaxud xarici işlər nazirinə)
geri çağırılma sənədi təqdim edir.
Sırf nəzəri cəhətdən dövlət başçısının etimadnaməni qəbul etməmək hüququ var. Lakin etimadnamənin təqdim edilməsi anına qədər səfir vəzifəsinə namizədlə bağlı bütün məqamlar gözdən keçirilir, razılaşdırılır və müasir praktikada etimadnamənin qəbul edilməməsi hallarına demək olar ki, təsadüf edilmir. Etimadnamənin dövlət başçısı tərəfindən qəbulu mərasimi səfirin rəsmən fəaliyyətinə başlaması anı kimi qiymətləndirilir
Dövlətlər arasında diplomatik münasibətlərin qurulmasında ilk addım bu və ya digər dövlətin və ya onun hökümətinin digər dövlət tərəfindən tanınmasıdır. Bu tanınma iki formada mümkündür:
1) De-fakto – dövlətlə diplomatik əlaqələr qurmadan onun mövcudluğu faktını qəbul edərək işgüzar əlaqələrin qurulması;
2) De-yure – dövlətin beynəlxalq münasibətlərdəki bütün hüquq və imtiyazları ilə birgə tanınması, diplomatik əlaqələrin qurulması
Separatizmin geniş yayıldığı və maraqlarından asılı olaraq, belə meyllərin bu və ya digər super-dövlət tərəfindən dəstəkləndiyi şəraitdə beynəlxalq münasibətlərdə hər-hansı bir ərazinin tanınma forması aktual bir məsələdir. Əslində söhbət de-fakto səviyyəsində tanınmadan deyil, de-fakto mövcud olan ərazilərin beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilməsi cəhdlərindən gedir. Hər hansı bir ərazinin (hakimiyyətin) bir yaxud bir neçə dövlət tərəfindən de-yure tanınması belə son nəticənin əldə olunacağına dəlalət etmir. Son illər dünyada statusu qeyri-müəyyən olan ərazilərin artması da bir çox mütəxəssislər tərəfindən beynəlxalq münasibətlərin, beynəlxalq hüququn bir keçid mərhələsində olmasının daha bir sübutu kimi dəyərləndirilir.
Preambula – razılığa gələn tərəflərin və muqavilənin imzalanmasına səlahiyyətlənməş şəxslərin siyahısını və müqavilənin bağlanması üçün əsas rolunda çıxış edən motivləri özündə ehtiva edən beynəlxalq müqavilənin giriş hissəsi.
Preliminari – gələcəkdə başqası ilə əvəz oluna biləcək ilkin razılıq
Prolonqasiya – hər-hansı bir müqavilənin qüvvədə qalması müddətinin uzadılması;
Paraflama – danışıqda iştirak edən hər bir tərəfin səlahiyyətli nümayəndələrinin inisialları ilə beynəlxalq müqavilənin mətninin razılaşdırıldığını göstərən ilkin imzalama. Bü cür imzalamaya müqavilənin yekun mətninin imzalanması hansısa səbəblərə görə başqa vaxta saxlandığı təqdirdə rast gəlinir. Sazişin rəsmi imzalanmasını ləngidən səbəblər aradan qaldırıldıqda, paraflanmış mətnin yekun imzalanması baş verir.
Anklav – Dövlətin hər tərəfdən digər və ya başqa dövlətlərin əraziləri ilə əhatə olunmuş torpaq sahəsi. Dəniz sahili olduqda yarımanklav yaranır. Anklav mövcudluğu bir sıra hüquqi problemlər doğurur: anklava getməyi təmin etmə, anklavın məxsus olduğu dövlətin digər hissələri ilə əlaqəsinin yaradılması imkanı və s.
Restitusiya – beynəlxalq hüquqda məğlub dövlətin müharibə vaxtı qanunsuz olaraq işğal etdiyi ərazidən çıxardığı əmlakın geri qaytarılması
Ekstradisiya – cinayətkarların vətəndaşları olduğu, yaxud ərazisində cinayət əməli törətdikləri dövlətə digər dövlət tərəfindən qaytarılması. Ekstradisiya dövlətin hüququdur, vəzifəsi deyil.
Hərbi baza – Hər hansı bir ölkənin başqa ölkədə olan qoşunları, silahları, hərbi sursatı və onların yerləşdiyi ərazi. Bir qayda olaraq Hərbi baza yerləşdikləri dövlətin yurisdiksiyasına tabe olmur. Hərbi bazalar güclü dövlətlərin bu və ya digər dövləti yaxud regionu nəzarət altında saxlamaq məqsədi ilə yaradılır.
Status-kvo – Müəyyən anda mövcud olmuş və ya mövcud olan faktiki və ya hüquqi vəziyyət. Status-kvonu bərpa etmək baş vermiş dəyişikliklərə qədər mövcud olmuş vəziyyətə qayıtmaq. Qeyd: Sülh sazişinin bağlanması zamanı tərəflər müharibə nəticəsində əldə etdiyi əraziləri qarşılıqlı surətdə geri qaytarmaq barədə razılığa gəlirlərsə, onlar
«status-kvo ante bellum», yəni müharibədən əvvəl mövcdu olmuş vəziyyəti bərpa edirlər.