Diplomat və ona qarşi sürülən tələblər

Diplomat və ona qarşi sürülən tələblər

Öz ölkəsi ilə başqa dövlət yaxud dövlətlər arasında rəsmi əlaqələri həyata keçirən xarici işlər orqanının əməkdaşına diplomat deyilir. Diplomatiyanın üsulları kimi, peşəkar diplomatlara olan tələblər də vaxt keçdikcə dəyişir. Belə ki, Qədim Yunan diplomatlarında ən vacib keyfiyyətləri kimi natiqlik istedadı, tamaşaçılar qarşısında çıxış etmək və «kütləni», «camaatı»« inandırmaq qabiliyyətləri qiymətləndirilirdi.

Orta əsrlərdə ən mühüm və əhəmiyyət kəsb edən xəbərlərin mənbəyi cəmiyyətin yuxarı təbəqələri sayılırdı. Bu məlumatlar möhtəşəm və əzəmətli qəbullarda, ballarda, qonaqlıqlarda əldə oluna bilərdi. Ona görə o zamanlar kart oynamaq, gözəl rəqs etmək, söhbət aparmaq, incə zarafat etmək, sarayın sirlərini daha asan açan qadınların diqqətini cəlb etmək və xoşlarına gələ bilmək qabiliyyətlərinə malik olmaq lazım idi. Elə buna görə də diplomatın xarici görünüşünə böyük fikir verilirdi.

XI əsrdə Səlcuq dövlətində vəzir və şahzədələrin xocası olmuş məşhur siyasi-ictimai xadim Nizam əl-Mülk «Siyasətnamə» əsərində yazırdı: «Çox vacibdir ki, o söhbətdə curətli, yalnız çox danışmayan, çox səhayət edən, hər elmdən xəbərdar, yaddaşı güclü, ehtiyatkar, təmkinli və zahirən gözəl insan olsun».

Vaxt keçdikcə diplomatların əqli və əxlaqi keyfiyyətlərinə qarşı sürülən tələblər də dəyişirdi. Misal üçün, orta əsrlərdə, Roma-katolik kilsənin beynəlxalq əlaqələri çox böyük təsir göstərdiyi zamanda, diplomatlar dinin tarixi, fəlsəfəsi, teologiyanı bilməli idilər. XVI əsrin Venesiyadiplomatı Ottaviano Maco diplomatların keyfiyyətləri barədə deyirdi: «O, nəinki yaxşı xristian, həm də alim-teoloq olmalıdr. O, yaxşı fəlsəfəçi olub, Aristotel və Platonun əsərləri ilə tanış olmalıdır. Riyaziyyat, memarlıq, musiqi, fizika, vətəndaş və kilsə hüquqlarını yaxşı bilməlidir. O, nəinki latın, həm də yunan, ispan, fransız və türk dillərini bilməli, tarix, coğrafiya, hərbi elmlərdə dərin biliklərə malik olmalıdır; o, şairlərə qarşı laqeyid olmamalı və həmişə özünlə Homerin əsərlərini daşımalıdır».

Diplomatlarda bilik, intriqa qurmaq bacarığı, hiyləgərlik, məqsədə çatmaq üçün hər şeydən (o cümlədən çirkin vasitələrə əl atmaq) istifadə etmək qabiliyyətləri qiymətləndirilidiyi zamanın (orta əsrlər, 16-18 əsrlər) əxlaqi meyarlarını, qısa olaraq «makiavelizm» adlandırmaq olar.

Özünün «Hökmdar» əsərində XVI əsrin italyan diplomatı Nikolo Makiavelli belə söyləyir: «Mübarizə 2 cür olur: birisi — qanun, o birisi isə – güc vasitəsi ilə. Birinci yol insanlara, ikinci yol isə heyvanlara xasdır, lakin çox vaxt birinci vasitə kifayət etmədiyi üçün ikinci üsula əl atmaq məcburiyyəti yaranır. İlanları tanıman üçün tülkü olmaq lazımdır; qurdlarla hesablaşmaq üçün isə aslan olmaq gərəkdir. Xeyirhaqlıq yolundan dönməmək, amma lazım olanda pislik, şər yoluna da qədəm basmağı bacarmaq vacibdir.»

Orta əsrlə diplomatları bu prinsiplərə riayət edərək diplomat sənətini cəmiyyətin gözlərində nüfuzdan salmışdılar. Öz «Diplomat» kitabında ingilis diplomatı O.Nikolson yazır: «16-18 əsrlərin diplomatları çox vaxt onlara qarşı şübhələrin yaranmağına əsas verirdilər; onlar saray adamlarına rüşvət verir, üsyan etməyə qızışdırır və üsyanları maliyyələşdirir, ərazilərində yaşadıqları dövlətlərin daxili işlərinə zərərcəsinə qarışır, yalana əl atır, oğurluq, casurluq, xəbərçiliklə məşğul olurdular». Nikolson özü ideal diplomatın zəka, bilik və müşahidə qabiliyyətindən başqa aşağıdakı keyfiyyətlərə malik olmasını vacib hesab edirdi: dürüstlük, dəqiqlik, təmkinlik, aramlılıq, təvazökarlıq, loyallıq. Nikolson diplomat üçün ən böyük nöqsanın şöhrətpərəstlik olduğunu düşünürdü.

Müasir dövrdə diplomatlara qarşı sürülən tələblər

1.Zəka, savad

Bunlar diplomatın vacib keyfiyyətləri kimi həmişə qiymətləndirilib və qiymətləndirilir. Bunu həmişə həm Şərq, həm Qərbdə vurğulayırdılar.

Türk alimi və yazıçısı Yusif Balasaqunlu hökmdarlara məsləhət verirdi: «Yeni səfiri təyin edərkən tələsmə. Qoy o zəkalı və savadlı olsun, yad ölkələrdə sənin işlərində öz iştirakı ilə sənin adını ucaltsın. Qoy o kiminsə sözlərini dinlədikdə, onların arxasında nəyin gizləndiyini anlasın».

XVİ-XVII əsrlərin fransız diplomatı Fransua Kalyer yazırdı: «Zəkası ilə fərqlənməyən insanın dövlətinin daxilində işləməsi daha təhlükəsiz olar, çünki bu halda onun buraxdığı səhvləri zərərləşdirilə bilər; Halbuki xaricdə buraxılan səhvləri çoxt vaxt bərpaedilməz olurlar».

Məhz buna görə qərb ölkələri ildən-ilə diplomatik xidmətə namizədlərin seçilməsinə daha çox həssaslıq və tələbkarlıqla yanaşır və onların yalnız biliklərinə yox, həm də düşünmək, problemləri həll etmək, hadisələri düzgün qiymətləndirmək, öz mövqelərini və nəzər nöqtələrini savadlı və dürüst izah etmək qabiliyyətlərinə mühüm diqqət yetirirlər.

Diplomat nəyinki ağıla, həmçinin ağlının müstəqilliyinə malik olmalıdır – yəni, sərbəst, qeyri-standart düşünə bilən, başqalarının görmədiyi yerdə həqiqəti tapmağı bacaran olmalıdır.

2.Dürüstlük

Qərb diplomatiyasında bunun tərəfdarı kimi ilk dəfə Fransua Kalyer çıxış etdi: «Yaxşı diplomat öz hərəkətlərinin müvəffəqiyyətini yalan vədlər və xəyanət üzərində qurmamalıdır. Hər vaxt ən yaxşı siyasət dürüstlük olub, yalan isə həmişə özündən sonra bir «zəhər damcısı» qoyub gedir».

Diplomatiyanın vasitələri olan inandırma və güzəşt o zaman effektli ola bilərlər ki, insanlar sizin vədlər və sübutlarınıza inanırlar. Bu heç də o deyil ki, diplomat hər bildiyi şeyi danışmalıdır. O, həqiqəti, yalnız həqiqəti söyləməlidir, lakin bütün həqiqəti açmamalıdır. Lazım gəldikdə o, min cür üsullarla cavab verməkdən boyun qaçıra bilər. Yalan nəyinki diplomatı və onun fəaliyyətini, həm də onun təmçil etdiyi dövləti də nüfuzdan salır.

3.Loyallıq

Loyallıq – öz dövlətinə və dövlət başçısınn yaratdığı siyasət yoluna sadiq olmaq, öz rəhbərliyinə məlumatları tamamilə obyektiv şəkildə çatdırmaq deməkdir.

Diplomatlar bu prinsipi aşağıdakı hallarda pozurlar:

— Rəhbərliyin gözlərində yaxşı görünmək, yaxud ərazisində işlədikləri dövlətlin rəsmi dairələrin narazılığına səbəb olmamaq məqsədləri ilə rəhbərliklərinə düzgün, dürüst məlumatı yox, rəhbərlik eşitmək istədiyi xəbərləri çatdırarkən;

— təmsil etdiyi, yaxud ərazisində işlədiyi dövlətin hökumətinin hərəkətlərini sərt və kobud sayaraq, bəzi ifadələri yumşaldılmış şəkildə, hətta düzəlişlər edib çatdırarkən.

Diplomatların bu kimi hərəkətləri yolverilməzdir. Əgər o, öz rəhbərliyin siyasi xətti ilə razılaşmırsa, onun seçimi var: tabe olmaq, yaxud istefa vermək.

4.Diplomatik dilə malik olmaq qabiliyyəti

Vaxtının mühüm hissəsini diplomat yazı masası arxasında – öz hökuməti və XİN ilə, həmçinin fəaliyyət göstərdiyi ölkənin rəhbərliyi və XİN yazışma üçün nəzərdə tutulmuş sənədləri tərtib edərək – keçirir.

Daxili xidmət sənədlərinə – yəni öz höküməti və XİN ilə məktublaşma üçün nəzərdə tutulmuş sənədlərə (siyasi məktublar, şifrə edilmiş teleqramlar, müxtəlif növ arayışlar, xasiyyətnamələr, təkliflər, müxtəlif söhbətlərin yazıları, saziş və müqavilələrin proyektləri və s.) birmənalılıq, aydınlıq, lakoniklik xasdır.

Xarici yazışma sənədlərinə – yəni fəaliyyət göstərdiyi ölkənin rəhbərliyi və XİN ilə nəzərdə tutulmuş sənədlər üçün isə (notalar, ərizələr, memorandumlar, məktublar və s.) ehtiyatlıq, nəzakətlik, təmkinlik, spesifik termin və ifadələrin biliyi, ərazisində işlədiyi ölkənin adətlərin, qaydaların biliyi çox vacibdir. Diplomatik məktublaşmanın hər iki üslubunu bilmək, və daha emosional, uzunçu jurnalistika dilinə, yaxud daha azad, təsvirli dil kimi tanınan ədəbiyyat üslubuna uymamaq şərti ilə – hər ikisindən də istifadə etmək – diplomat üçün önəmli keyfiyyətlərdən biridir.

Xüsusi biliklər

1) Öyrənilməsi mümkündür:

A) öz ölkəsi haqqında biliklər (coğrafiya, tarix, mədəniyyət, siyasi quruluş, iqtisadi inkişafı və problemləri və s.);

B) digər ölkələr, xüsusən çalışacağı dövlət haqqında biliklər;

C) beynəlxalq təşkilatlar, onların işləmə qaydası və mexanizmləri haqqında biliklər,

D) Beynəlxalq hüquq sahəsində biliklər (diplomatın fəaliyyətinin böyük hissəsi sənədlərlə işlə bağlıdır, buna görə o, onların beynəlxalq hüquq normalarına müvafiq şəkildə tərtib etməyi bacarmalıdır);

E) Maliyyə və beynəlxalq ticarət sahəsində biliklər;

F) Mükəmməl səviyyədə xarici dilləri bilmək (iki və daha çox);

G) Kütləvi İnformasiya vasitələri, onların işləmə sistemi haqqında biliklər (diplomat daima KİV nümayəndələri ilə təmasdadır: konfranslar, mətbuat konfransları, televiziyada çıxışlar, bəyanatlar və s.);

H) Beynəlxalq protokol və etiket sahəsində biliklər

İ) Yüksək intellektual keyfiyyətlər

2) Peşəkar vədişlər – bunlara yiyələnməyə çalışmaq lazımdır

A) Gündəlik diplomatiyada danışıqlar aparmaq vərdişi (hətta sadə bir vətəndaşla söhbət edərkən belə diplomat öz ölkəsinin təmsilçisi olduğunu unutmamalı və istənilən ünsiyyət zamanı diplomatik olmalıdır);

B) Müşahidə, təhlil etmə və məruzə hazırlamaq vərdişi (bu vərdişə oturaq, eyni fəaliyyətdən bezməyən, bir məsələ üzərində öz diqqətəni cəmləşdirməyi bacaran şəxslər daha tez yiyələnirlər);

C) Təmsilçilik — üzdə olmaq vərdişi (publika qarşısında çıxış etmək, öz fikrini aydın izah etmək və çatdırmaq vərdişi)

D) idarəetmə və təşkilati vərdişlər

E) Kommunikativ vərdiş (diplomat nə ifrat söhbətcil – həmsöhbətini bezdirəmək üçün, nə də ünsiyyətdən qaçan, qaraqabaq olmalıdır. Əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət üçün lazımi sözləri tapmağı bacarmalıdır. Söz ehtiyatı və bu ehtiyatdan səmərəli şəkildə istifadə etmək – diplomat üçün ən mühüm keyfiyyətlərdən biridir)

3) Şəxsi keyfiyyətlər (bəzilərini mənimsəmək mümkün olsa da, əksəriyyəti insanın təbiətində olmalıdır

A) Müstəqil düşüncə (şablon əsasında hərəkət edən və lazım gəldikdə, sərbəst düşünüb qərar verməyi bacarmayan şəxs diplomat kimi çalışa bilməz)

B) Mehribanlıq, insanları cəlbetmək bacarığı (xoşünsiyyətli, anlayışlı, həyatsevər, nəzakətli);

C) intellektual maraqlılıq, yeni nəsə öyrənmək həvəsi (əldə etdiyi ilə kifayətlənməyən insan);

D) liderlik keyfiyyətləri (insanları arxasınca aparmaq bacarığı, digər insanları düzgün qiymətləndirmək üçün psixoloq olmaq);

E) təmizkarlıq (fiziki – geyim və s.) və mənəvi – işgüzar dürüstlük, prinsipiallıq və s)

Top