Dövlətlər arasında diplomatik münasibətlər onların hökumətləri arasında istənilən səciyyəli dostluq münasibətləri yolu ilə qurula bilər, ancaq daimi diplomatik münasibətlərin mövcudluğu yalnız diplomatik missiyaların açılması, yaxud, daha yaxşısı, bunların mübadiləsi zamanı təsdiqini tapır. Onlar qarşılıqlı razılıq yolu ilə və missiyaların öz üzərilərinə götürəcək funksiyaları qarşılıqlı anlamaları əsasında qurulur. Bu funksiyalar sonuncu yüzilliklərdə hamı tərəfindən qəbul olunmuş hala gəlib və 1961-ci ildə diplomatik münasibətlər haqda Vyana konvensiyası ilə müəyyən olunub və əsasən aşağıdakılardan ibarətdir:
a) göndərən dövlətin və qəbul edən dövlətin təmsil edilməsi;
b) göndərən dövlətin və onun vətəndaşlarının maraqlarının qəbul edən dövlətdə, beynəlxalq qanunvericiliklə müəyyən olunmuş çərçivələrdə müdafiə olunması;
c) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
d) bütün qanuni vasitələrlə qəbul edən dövlətdə vəziyyətin və hadisələrin müəyyən olunması və bu haqda göndərən dövlətin məlumatlandırılması;
e) göndərən dövlət və qəbul edən dövlət arasında dost münasibətlərin qurulması və onlar arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf etdirilməsi.
Diplomatik missiyaların əməkdaşları özlərinin diplomatik funksiyalarından əlavə eləcə də konsul funksiyaları yerinə yetirə bilərlər.
Missiya başçıları əlaqədar hökumətlərin qarşılıqlı razılıqlarından asılı olaraq üç dərəcədən birinə aid ola bilərlər:
1. Səfirlər, papa nuntsilər və dövlət başçıları ilə danışıqlar aparmağa akkreditə edilmiş belə dərəcədən olan başqa missiya başçıları (məsələn, Birlik ölkələrinin mübadilə etdikləri ali komissarlar).
2. Dövlət başçıları ilə danışıqlar aparmağa vəkil edilmiş elçilər, nazirlər və papa internuntsiləri.
3. Xarici işlər nazirləri ilə danışıqlar aparmaq üçün akkreditə edilmiş işlər vəkilləri (en titre — yaxud titullaşdırılmış, en ried). Bu dərəcəyə də eləcə az-az təsadüf olunur.
Missiya başçıları arasında, böyük-kiçiklik məsələləri və diplomatik etiket qaydaları, eləcə də yalnız Səfir dərəcəsinə malik şəxslərə şamil olunan dövlət başçısı tərəfindən qəbul edilmə hüququ istisna olmaqla, dərəcəyə görə fərqləndirmələrə yol vermək olmaz.
Bir qayda olaraq, Səfir «Fövqəladə və Səlahiyyətli Səfir» adlandırılır. (Fövqəladə və Səlahiyyətli Səfir vaxtilə Səfir-rezidentdən də yüksək statusa malik olub.) Beləliklə diplomatik missiya başçısının tarixən daha düzgün adı «Fövqəladə Elçi və Səlahiyyətli Nazir» olur.
Missiya başçısı vəzifəsinə təyinatdan qabaq qəbul edən dövlətin təqdiri yaxud icazəsi (fr. agrement — aqreman) alınır ki, bu razılıq gizli şəkildə alınmalıdır. Bir qayda olaraq, belə icazələr verilir, ancaq həmin şəxsin qəbuledilməz olduğu hesab olunarsa, rədd cavabı da verilə bilər. Belə olan halda rədd cavabının əsaslandırılması tələb olunmur. Təcrübədə namizəd təklifini geri götürmək üçün rəsmi (ancaq adətən — qeyri-formal) eyhamlar lazımi qədərdir.
Missiya başçıları öz etimadının və öz dövlətləri adından danışıqlar aparmaq səlahiyyətliliklərinin sübutu kimi dövlət başçısına etimadnamələr təqdim edirlər.Etimadnamələr başqa cür «zəmanət məktubları» adlanır və bir qədər təmtəraqlı formada tərtib olunur, məsələn:
Səfir üçün
Kimə [dövlət başçısının tam adı və titulu]
Zati-Aliləri,
Mən, [göndərən dövlətin adı] görkəmli şəxsiyyəti [S.A.A], məni sizin hökumətin qarşısında təmsil etmək üçün [göndərən dövlətin adı] Fövqəladə və Səlahiyyətli Səfiri qismində təyin etmişəm.
O, bizim iki ölkəmizin qarşılıqlı maraqlarını yaxşı dərk edir və mənim aramızdakı uzun müddətli dostluğu qorumaq və möhkəmlətmək səmimi arzumu paylaşır. Onun yüksək adına və bacarıqlarına əminliyim mənə tam yəqinlik verir ki, o öz vəzifələrini Sizin üçün tam məqbul olunan şəkildə yerinə yetirəcək.
Onu məmnunluqla Sizə təqdim edirəm və onu iltifatla qəbul etməyi və onun [göndərən dövlətin adı] adından bütün dediklərinə, [göndərilən dövlətin adı] tərəqqisinə mənim ən yaxşı arzularımı bildirdiyi kimi tam inamla yanaşmağı Sizdən xahiş edirəm.
Sizin Sadiq,
[dövlət başçısının imzası]
Dövlət başçısı adından
[xarici işlər nazirinin imzası]
[yer] [tarix]
Birlik dövlətlərində suveren on altı üzv dövlətlərin başçısı olur və belə ölkələr arasında missiya başçılarının mübadiləsi baş verərkən, baş nazirlər bir-birinə təqdimat məktubları göndərirlər.
Suveren kimi fəaliyyət göstərən dövlət başçısı öldükdə və ya idarəetməni bitirdikdə, suverenlə danışıqlar üçün akkreditə edilmiş bütün missiya başçılarının etimadnamələri qüvvəsini itirir; eləcə də suveren tərəfindən verilən bütün etimadnamələr qüvvədən düşür və hər iki halda yenidən verilməsi lazım gəlir. Amma bu tələblər prezident öldükdə və ya onun idarəetmə müddəti bitdikdə işlədilmir və artıq Danimarka, İsveç və Hollandiya krallıqlarında qüvvədə deyildir.
Səfir dərəcəsindən olan missiya başçısının onun akkreditə edildiyi ölkədə səlahiyyətlərini qəbul etməsi onun öz etimadnaməsini dövlət başçısına təqdim etdiyi andan hesablanır. Bir sıra dövlətlərdə (o cümlədən Böyük Britaniyada) səfirin öz funksiyalarını qəbul etdiyi tarix kimi onun müvafiq naziri (adətən xarici işlər nazirini) öz gəlişi haqda məlumatlandırdığı və etimadnaməsinin işlək sürətini (kopie d'usage) təqdim etdiyi vaxt götürülür. Missiya başçılarının rəsmi qəbul mərasimləri onların öz funksiyalarını qəbul etmək üçün gəlmələri qaydası ilə keçirilir.
Missiya başçısı, xüsusi hallar istisna olunmaqla, hansı ölkəni təmsil edirsə o ölkənin vətəndaşlığına malik olur, ancaq bu tələb onun arvadı (əri) üçün hökmən işlədilməli deyildir. Bir çox diplomatik xidmətlərdə vəzifəli şəxslər əcnəbi vətəndaşlarla nikah üçün xüsusi icazə ala bilərlər, o şərtilə ki, arvadın (ərin) vəziyyəti və vətəndaşlığı heç bir halda vəzifəli şəxsin karyerasına mane olmasın və təhlükə törətməsin.
Ərəb ölkələrində, ümumi qaydalara uyğun olaraq, diplomatlar əcnəbi vətəndaşlarla nikaha girə bilməzlər, hərçənd bəzi hallarda dövlət başçısı ərəb mənşəli digər nümayəndələrlə nikaha rəsmi icazə verə bilər.
Missiyanın diplomatik heyətinin üzvləri, prinsipcə, təmsil etdikləri ölkənin vətəndaşları olmalıdırlar, ancaq müstəsna hallarda onlar missiyanın yerləşdiyi dövlətin vətəndaşları ola bilərlər. Belə hallarda qəbul edən dövlətin xüsusi razılığını almaq vacibdir ki, bu razılıq istənilən an geri götürülə bilər. Belə diplomatlar yalnız məhdud imtiyazlara və toxunulmazlığa malik olurlar.
Missiya başçısıları akkreditasiyanı (diplomatik heyətin üzvləri isə — təyinatı) bir neçə ölkələrdə ala bilər, əgər bu ölkələrin heç biri etiraz etməsə. Həmin şərtlər mövcuddursa işlər vəkilləri ad interim yaxud, bəzi hallarda, ən aşağı dərəcəli diplomatik heyət üzvləri, missiya başçısının öz daimi nümayəndəliyinə malik olmadığı paytaxtlarda diplomatik missiyalara təyin oluna bilərlər.
Missiya başçısı (yaxud onun missiyasının diplomatik heyətinin istənilən üzvü) istənilən beynəlxalq konfransda öz dövlətinin təmsilçisi kimi çıxış edə bilər və bu halda onun akkreditə olunduğu dövlətə məlumat verməyi vacib deyil və həmin dövlət hansısa bir etiraz bildirməyə haqlı deyildir.
Diplomatik missiya dövlətin paytaxtında yerləşdirilir. Missiyanın bir hissəsini təşkil edən əlavə ofislər, dövlətin xüsusi icazəsinin alınacağı halda, ölkənin başqa bölgələrində yerləşdirilə bilər. Bəzi ölkələrdə, məsələn Hollandiyada, diplomatik paytaxt (Haaqa) dövlətin paytaxtı (Amsterdam) ilə üst-üstə düşmür.
Missiyanın ölçüsü qarşılıqlı olaraq razılaşdırıla bilər. Əks halda dövlət, qəbul edən dövlətdə vəziyyəti və şəraiti və missiyanın tələbatını nəzərə alaraq, missiya üzvlərinin sayında məntiqə uyğun məhdudiyyətlər gözlənilməsini tələb edə bilər. Belə məhdudiyyətlər çərçivəsində və öz vətəndaşlarının reprezentativlik prinsipini nəzərə almaqla, dövlətin istənilən diplomatik missiyanın əməkdaşlarını öz arzusuna uyğun olaraq seçmək hüququ vardır. Hərbi, hərbi-dəniz və hərbi-hava attaşelərinə gəlincə, xarici işlər Nazirliyi, gizli şəkildə, vəzifəyə hansısa təyinat aparılmazdan öncə, razılıq alınması üçün qabaqcadan onların adlarının bildirilməsini tələb edə bilər. Dövlət həmçinin ayrı-ayrı kateqoriyalardan olan vəzifəli şəxslərin qəbul edilməsindən boyun qaçıra bilər, o şərtilə ki, məhdudiyyət dövlətdəki bütün diplomatik missiyalara istisnasız tətbiq olunsun.
İki və daha artıq dövlət müstəsna vəziyyətlərdə eyni bir şəxsi başqa bir dövlətdə qəbul edən dövlət tərəfindən etiraz olunmadıqda missiya başçısı qismində akkreditə edə bilərlər.
İstənilən dövlətin missiya başçısını yaxud onun diplomatik heyətinin üzvünü arzuolunmaz şəxs (non qrat) elan etmək və bu haqda onun hökumətini bilgiləndirmək hüququ vardır. Bu halda diplomatın funksiyaları qüvvəsini itirir və o geri çağırılır (əgər o, xidmət apardığı ölkənin vətəndaşı və ya daimi rezidenti deyilsə). Əgər onun hökuməti belə bir addım atmazsa, qəbul edən dövlət onun missiya üzvü hesab olunmasından imtina edə bilər. Şəxslərin non qrat elan edilməsi ya diplomatın gəlişinə qədər, ya da gəlişindən sonra edilə bilər və bunun səbəblərini izah etmək tələb olunmur.
Bu şəkildə inzibati və ya texniki heyətin əməkdaşı da arzuolunmaz şəxs elan oluna bilər.
Diplomatın non qrat şəxs elan olunması üçün iki prinsipial əsas mövcuddur: şəxsi çatışmazlıqlarından qaynaqlanan və kriminal yaxud antiictimai davranışlara gətirib çıxaran səbəblər və dövlətin təhlükəsizliyini yaxud başqa maraqlarını təhdid edən qabaqcadan düşünülmüş və diplomatik toxunulmazlıqdan istifadə olunaraq törədilən hərəkətlər. Bundan başqa, belə status elan olunması üçün mümkün bəhanə öz diplomatlarının non qrat şəxs elan olunmasına görə başqa dövlətdən qisas almaq ola bilər. Və hərçənd ki, belə təcrübə beynəlxalq münasibətlərin ruhuna ziddir, təəssüf ki, onun tətbiq olunduğu hallar az deyildir.
Nəzərdə tutulur ki, dövlət daimi diplomatik missiyaların yerləşdirilməsinə razılıq verməklə, öz üzərinə bəzi təəhhüdlər götürür: o missiya üçün elə şərait və toxunulmazlıq təmin etməlidir ki, missiyanın qənaətbəxş fəaliyyətini təmin etsin. O həmçinin missiya əməkdaşlarına onların öz vəzifələrini çəkinmədən və çətinlik çəkmədən yerinə yetirmələri üçün zəruri olan şəxsi imtiyazlar və toxunulmazlıq verməlidir.
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı