Diplomatik imtiyaz və immunitet

Diplomatik imtiyaz və immunitet

Diplomatların cəmiyyətdə imtiyazlı mövqeləri ənənəvidir və səbəb təkcə onların peşəsinə bəslənən davamlı hörmət hissində deyil, həm də ondadır ki, dövlət təmsilçiləri yalnız işlədikləri dövlət tərəfindən edilə biləcək hüquqi, fiziki yaxud mənəvi təzyiqdən tam azad şəraitdə öz funksiyalarını qənaətbəxş yerinə yetirə bilərlər. Əksər sülhsevər hüquqi dövlətlərdə diplomatlara verilən imtiyaz və immunitetlər o dərəcədə mənasız və gərəksiz görünə bilər ki, bu, qəbul edən ölkənin əhalisinin böyük narazılığına səbəb ola bilər, ancaq müstəsna şəraitlərdə və ayrı-ayrı dövlətlərdə yalnız qarşılıqlı imtiyaz və immunitetlərin rəsmi şəkildə tanınması diplomatik münasibətlərin saxlanmasına imkan verir.
İmtiyazlar və immunitetlər həm diplomatik missiyaya, onun funksiyalarına, həm də ayrıca götürülmüş bir adama tətbiq olunur.
Diplomatik missiyalara verilən imtiyazlar və immunitetlər BMT imtiyazları və immunitetləri haqqında 1946-cı il Konvensiyasına uyğun olaraq BMT-yə və onun funksiyalarına da tətbiq olunur, hərçənd Konvensiyanın tətbiq olunması müxtəlif dövlətlərdə müxtəlif şəkildə baş verir.
Aşağıda verilən mətn diplomatik münasibətlər haqqında BMT üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul edilən 1961-ci il Vyana Konvensiyasında yer alan fikirlərin qısa şərhidir və onda beynəlxalq səviyyədə razılaşdırılmış müasir diplomatik hüquq kodeksi əks olunmuşdur.

Nümayəndəliyin imtiyazları və immunitetləri

Binaların, onlarla bitişik ərazilərin və əmlakın toxunulmazlığı və immuniteti

Nümayəndəliyin binası və ərazisi və missiya başçısının şəxsi iqamətgahı toxunulmazdır; istifadə edilən binalarla münasibətdə bu toxunulmazlığa eləcə də missiyanın diplomatik, inzibati və texniki heyətinin üzvləri - onların qəbul edən dövlətin vətəndaşları və daimi sakinləri olmamaları şərti ilə malikdirlər. Qəbul edən dövlətin nümayəndələri belə binalara və onlara bitişik ərazilərə missiya başçısının razılığı olmadan girə bilməzlər; qəbul edən tərəf belə binalara və ərazilərə zorla girilməməsi yaxud ziyan vurulmaması və missiyada qayda-qanun pozuntusunun və ya onun nüfuzuna xələl gətirən istənilən hərəkətin qarşısını almaq üçün bütün zəruri tədbirlərin görüləcəyinə zəmanət verməyə borcludur. Missiyaya məxsus bina, bitişik ərazi və içindəkilərlə, eləcə də nəqliyyat vasitələri axtarışdan, müsadirədən, həbs qoyulmasından yaxud məhkəmənin hökmünün icra olunmasından immunitetə malikdirlər. Diplomatik, inzibati və texniki heyətə məxsus nəqliyyat oxşar immunitetdən istifadə edir və yalnız yol hərəkətinin pozulmasına aid müxtəlif ölkələrdə tətbiq edilən xüsusi əsasnamələrdə istisnalara yol verilir. Bu cür pozuntular baş verdikdə diplomatlarla adətən qəbul edən ölkənin vətəndaşları kimi davranırlar, ancaq onlar cəza çəkmirlər və bu pozuntu haqqında missiya başçısına məlumat verilir.

Yazıların, sənədlərin, korrespondensiyanın və arxivlərin toxunulmazlığı

Missiyanın yazıları, sənədləri, korrespondensiyası və arxivləri harada olursa-olsun, istənilən vaxt toxunulmazdır.

Ünsiyyət üsullarının azadlığı və toxunulmazlığı

Diplomatik missiya bütün xidməti məsələlər üzrə azad ünsiyyət etmək və bunun üçün olduğu ölkədə istənilən ləvazimatdan istifadə etmək hüququna malikdir. Missiya öz hökuməti ilə, harada olmalarından asılı olmayaraq istənilən hökumət missiyası və konsulluğu ilə ünsiyyətdə olmaq üçün, kuryerlər və kodlaşdırılmış yaxud şifrələnmiş məlumatlar da daxil olmaqla, istənilən üsuldan istifadə edə bilər. Ancaq simsiz rabitə vasitəsi yalnız qəbul edən ölkə hökumətinin razılığı ilə quraşdırıla və istifadə oluna bilər.

Diplomatik poçt (çanta, kisə, çamadan)

Bu, yalnız xidməti sənədlər yaxud xidməti istifadə üçün əşyalar yığılmış, diplomatik poçt kimi aydın nişanı olan möhürlənmiş çanta yaxud konteynerdir. Diplomatik poçt adətən içindəkilərin əhəmiyyətinə görə iki növə bölünür: müşayiət olunan və müşayiət olunmayan. Diplomatik poçt toxunulmazdır: o açıla yaxud həbs oluna bilməz; onun tez göndərilməsi üçün istənilən imkan istifadə olunmalıdır. Diplomatik poçt diplomatik kuryer tərəfindən daşına bilər ki, bu kuryer gəldiyi yaxud öz vəzifələrini yerinə yetirdiyi dövlət tərəfindən mühafizə edilmək hüququna malikdir. Onun şəxsi toxunulmazlığı var və heç bir formada saxlanıla yaxud həbs oluna bilməz. Diplomatik kuryer adətən XİN xidmətçisi olur; o, hər gedişində öz nazirliyi yaxud missiya başçısı tərəfindən lazımi sənədlərlə təmin olunmalıdır ki, bu sənədlərdə onun statusu təsdiqini tapmalı və diplomatik poçtu təşkil edən baqaj yerlərinin sayını göstərilməlidir. Daimi diplomatik kuryerin olmadığı yerlərdə dövlət yaxud missiya ayrıca bir adam, daha tez-tez başqa səbəblərdən səfər edən müvafiq qurumun xidmətçisini, xüsusi səfər üçün diplomatik kuryer kimi təyin edə bilər. O, belə olan halda, nazirlik və ya missiya başçısı tərəfindən zəruri sənədlərlə təmin edilir, bundan başqa, o, daimi diplomatik kuryerin malik olduğu eyni immunitetə və şəxsi toxunulmazlığa təhvil aldığı diplomatik poçtun onunla olduğu bütün müddətdə malik olur. Adi şəraitlərdə diplomatik poçt təyyarə ekipajının komandirinə tapşırıla bilər, bir şərtilə ki, o yalnız xidməti keçid vasitəsilə ölkəyə gəlsin yaxud onu tərk etsin. Müvafiq missiyanın üzvü diplomatik poçtu ekipaj komandirinin əlinə tapşırmaq, eləcə də diplomatik poçtu ondan təhvil almaq hüququna malikdir. Ekipaj komandiri diplomatik poçtu təşkil edən baqaj yerlərinin sayını təsdiq edən sənədlərlə təchiz edilməlidir, ancaq onun özü diplomatik kuryer hesab edilmir.
Dövlət və onun diplomatik missiyası arasında əlaqə üçüncü dövlətdən keçməklə saxlanırsa, aralıq dövlət qəbul edən dövlətin verdiyi eyni toxunulmazlığı təmin etməlidir. Üçüncü ölkədən tranzitlə keçən zaman, diplomatik poçt diplomatik kuryerin özü kimi toxunulmazdır. Bununla belə diplomatik kuryerlərin müvafiq vizanı almaları zəruridir.

Vergilərdən azad edilmə

Diplomatik missiya missiyanın xüsusi mülkiyyəti olan yaxud icarə edilən binalarına və ərazilərinə aidiyyəti olan bütün dövlət, regional, bələdiyyə vergilərindən və rüsumlarından azad edilmişdir və yalnız xüsusi xidmətlərə (məsələn: su, elektrik və zibilin yığışdırılmasına) görə ödənişlər istisnalıq təşkil edir. Bu azad edilmə missiya başçısı yaxud onun hökuməti ilə müqavilə bağlayan şəxslərə şamil edilmir; bu səbəbdən iqamətgah və missiya ilə bağlı istənilən ödəniş və rüsumlara görə missiya başçısının yaxud onun hökumətinin cavabdehlik daşıdığı adətən müqavilədə qabaqcadan şərtləşdirilir.
Diplomatik missiya eləcə də missiyanın adi fəaliyyət prosesində aldığı istənilən mükafatdan və məbləğdən tutulası vergi və rüsumlardan azad edilir.

İdxalat hüququ və gömrük rüsumlarından azad edilmə

Diplomatik missiya xidməti istifadə üçün şeylər idxal etmək hüququna malikdir və mövcud qanunlara müvafiq olaraq bu şeylər gömrük rüsumundan və başqa belə rüsumlardan azad edilir. Ancaq missiya, məsələn, saxlanma və daşınma kimi öz əmlakının idxalatı ilə bağlı olan əlavə xidmətlərin haqqının ödənilməsindən azad edilmir. Rüsumsuz gətirilən mallar qəbul edən dövlətin ərazisində satıla və yayıla bilməz və yalnız dövlətin özünün qoyduğu qaydalarda istisnalara yol verilə bilər. Xarici işlər nazirliyinin müstəsna hüququdur.

Şəxsi imtiyazlar və immunitetlər

Əsas müddəalar

Tam diplomatik immunitetlər və imtiyazlar (a) diplomatlara və (b) onlarla birlikdə yaşayan onların ailə üzvlərinə, - onların diplomatın xidmət etdiyi ölkənin vətəndaşları yaxud daimi sakinləri olmaması şərti ilə tətbiq olunur.
"Ailə" termininin izahı müxtəlif dövlətlərdə bir-birindən fərqlənir, adətən ona arvad və diplomatın həddi-buluğa çatmamış uşaqları şamil olunur. Dul yaxud subay və ya arvadının müşayiət etmədiyi diplomat anasını yaxud bacısını öz ailəsinə daxil etmək hüququ - onların onunla birlikdə yaşamaları şərti ilə - ala bilər; diplomatın qanun üzrə cavabdeh olduğu oğulları və qızları, eləcə də dul qalmış analar bu kateqoriyaya daxildir.
Məhdudlaşdırılmış diplomatik immunitetlər və imtiyazlar missiya heyətinin üç kateqoriyadan, - işlədikləri ölkənin vətəndaşları və ya daimi sakinlərindən ibarət olan üzvlərinə verilir; inzibati və ya texniki heyətin üzvlərinə; missiya üzvlərinin şəxsi xidmətçilərinə.
Diplomat üçün immunitetə malik olmanın əks tərəfi, onun xidmət etdiyi ölkə ərazisində qazanc (şəxsi mənfəət) götürmək məqsədi ilə istənilən peşəkar yaxud ticarət fəaliyyəti yerinə yetirməsinə qoyulan qadağadır. Adətən (ancaq bu hər yerdə qayda deyil) diplomatik missiya üzvləri qəbul edən dövlət tərəfindən diplomatik vəsiqələrlə təmin edilirlər. Onlarda sahibinin imzası ilə fotoşəkil, eləcə də qəbul edən ölkənin öz xidmətçilərinin xeyri üçün, ancaq təqdim edən şəxsin imtiyazları, güzəştləri və immunitetləri nəzərə alınmaqla əlavə edilməsini lazım bildiyi göstərişlər yerləşdirilir.
Diplomata və onun ailə üzvlərinə qəbul edən dövlət tərəfindən verilən immunitet, onları öz dövlətinin yurisdiksiyasından azad etmir.

İmmunitetlərin qüvvədə qalma müddəti

Şəxsi imtiyazlar və immunitetlər missiya üzvünün qəbul edən ölkəyə öz vəzifəsini tutmaq üçün gəldiyi andan, əgər o artıq ölkədədirsə, müvafiq nazirliyi məlumatlandırdığı andan etibarən tətbiq edilir. İmtiyazlar və immunitetlər missiya üzvü öz işini başa çatdıraraq ölkəni tərk etdikdə yaxud (əgər o, ölkəni dərhal tərk etmirsə) müəyyən bir müddət ərzində (məsələn, Birləşmiş Krallıqda bu müddət 4-6 həftədir) qüvvədən düşür, ancaq vəzifə borclarını yerinə yetirmə prosesində etdiyi hərəkətlərə görə hüquqi məsuliyyətdən immunitetə zaman məhdudiyyəti qoyulmur. Xüsusi şəxs qismində edilən istənilən hərəkətə görə hüquqi məsuliyyətdən immunitet öz qüvvəsini diplomatik işin başa çatdırılması ilə bitirir. Missiya əməkdaşının ölümü baş verdikdə onun ailə üzvləri əvvəllər verilmiş imtiyaz və immunitetlərdən, - onların ölkəni tərk etmələri üçün kifayət edən müddətdə istifadə etməkdə davam edirlər.

Tam imtiyazlar və immunitetlər

Şəxsi toxunulmazlıq və himayə

Bütün diplomatlar, eynilə də onların ailə üzvləri, onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə, şəxsi toxunulmazlıq hüququna malikdirlər. Əcnəbi diplomatik missiyanın xidmətçilərini qəbul edən dövlət haradan baş verməsindən asılı olmayaraq fiziki zorakılıqdan və şərəf-ləyaqətlərinə və azadlıqlarına edilən qəsdlərdən onların zəmanətli qorunmalarını təmin etməyə borcludur.

Cinayət məsuliyyətindən immunitet

Diplomat, eləcə də onunla birlikdə yaşayan onun ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) qəbul edən dövlətin qanunları üzrə cinayət məsuliyyətindən immunitetə malikdirlər.

Mülki və inzibati məsuliyyətdən immunitet

Diplomat, eləcə də onunla birlikdə yaşayan onun ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) qəbul edən dövlətin qanunları üzrə mülki və inzibati məsuliyyətindən immunitetə malikdirlər və yalnız aşağıdakı istisnalıqlar mövcuddur:
a) qəbul edən ölkədə yerləşən xüsusi mülkiyyətə aid daşınmaz əmlaka münasibətdə edilən (məsələn, mülkiyyət və ya sahiblik hüququnun bəyan edilməsi kimi) hərəkətlər, bu hərəkətlərin onun xidmətçisi olduğu ölkənin adından və missiyanın məqsədləri üçün edildiyi hallar istisna edilməklə;
b) onun xidmətçisi olduğu ölkənin adından deyil, xüsusi bir şəxs kimi icraçı, sərəncamçı, varis kimi əlaqəli olduğu vərəsəliklə bağlı hərəkətlər;
c) öz xidməti fəaliyyətindən savayı qəbul edən ölkədə həyata keçirilən istənilən peşə yaxud ticarət fəaliyyətinə aidiyyəti olan hərəkətlər. Bu məhdudiyyət eləcə də diplomatın arvadına və ailəsinə tətbiq edilir.

Diplomatik immunitetdən məhrum edilmə

Hüquqi məsuliyyətdən müdafiəyə malik olan şəxsin immuniteti onun ölkəsinin hökuməti tərəfindən ləğv edilə bilər. Qanun üzrə mülki və inzibati təqiblərə qarşı immunitetdən imtina etmə şəxsin məhkəməyə məruz qoyulmasına izn vermək deməkdir: məhkəmə qərarının qüvvəyə minməsindən öncə, immunitetdən ikinci, xüsusi imtina etmə tələb edilir.

Qarşılıqlı iddialar

Əgər hüquqi fəaliyyət diplomatik immunitetdən istifadə edən şəxs tərəfindən başlanılmışsa, onun başlıca iddia ilə bilavasitə bağlantısı olan istənilən qarşılıqlı iddiaya münasibətdə, yurisdiksiyadan immunitet haqqında bəyan etmək hüququ yoxdur.

Korrespondensiyanın toxunulmazlığı

Diplomatın və onun ailə üzvlərinin şəxsi və xidməti sənədləri, yazışmaları (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) toxunulmazdır.

Əmlakın toxunulmazlığı

Diplomatın və onun ailə üzvlərinin əmlakı (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) toxunulmazdır.

İctimai mükəlləfiyyətlərdən azad edilmə

Diplomat və onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə) bütün fərdi və ictimai işlərdən və daşınan və daşınmaz əmlakın rekvizisiyası, hərbi kontribusiya və məhkəmədə prisyajnılar qismində iştirak etmək kimi hərbi mükəlləfiyyətlərdən azad edilir.

Şahid kimi çıxış etmə mükəlləfiyyətlərdən azad edilmə

Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), şahid qismində ifadə verməyə borclu deyillər və əgər onlar bunu edirlərsə, çox vaxt - ədalət məhkəməsinə yardım etmək qaydasında edirlər.

Dövlət vergilərindən və yerli vergilərdən azad edilmə

Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), bəzi istisnalarla, daşınan və daşınmaz əmlaklar üçün bütün vergi və rüsumlardan, eləcə də dövlət, regional və bələdiyyə vergilərindən azad edilirlər. Bu istisnalar aşağıdakılardır:
a) Adətən malların yaxud xidmətlərinin qiymətinə əlavə edilmiş vasitəli vergilər, məsələn, əlavə edilmiş qiymətə qoyulan vergi (hərçənd bəzi hallarda belə vergilərin ödənilməsi qarşılıqlı razılaşmaya görə yaxud qəbul edən ölkədə istehsal edilən malların satışının dəstəklənməsi məqsədi ilə baş verir).
b) Qəbul edən ölkənin ərazisində yerləşən daşınmayan xüsusi əmlaka qoyulan vergi və rüsumlar, belə əmlakın idarə edilməsinin göndərən dövlət adından həyata keçirildiyi və missiyanın məqsədlərinə xidmət etdiyi hallar istisna edilməklə.
c) Qəbul edən dövlət tərəfindən alınan və Vyana konvensiyasının 39-cu maddəsində nəzərdə tutulan, mirasa görə vergilər. Ümumiyyətlə desək, onun qəbul edən dövlətin ərazisində yerləşməsi xidməti funksiyaların yerinə yetirilməsi ilə izah edildikdə və sahibi qəbul edən dövlətin rezidenti yaxud vətəndaşı olmadıqda, daşınan şəxsi əmlaka görə belə vergilər alınmır.
d) Qəbul edən dövlətdə əldə edilən şəxsi gəlirlərə görə vergi və rüsumlar və bu ölkədə ticarət sahibkarlığına görə alınan vergilər.
e) Göstərilmiş əlavə xidmətlərə görə alınan rüsumlar. (Birləşmiş Krallıqların praktikasında bu rüsumlar yollar, küçə işıqları, zibilin yığışdırılması kimi diplomatın birbaşa yararlandığı xidmətlərə aid olan yerli tariflərin və vergilərin demək olar ki, dörddə birini əhatə edir.)
f) Daşınmayan mülkiyyətə münasibətdə xidməti yaxud protokol xərclərinin, borc iltizamlarının və gerb rüsumlarının qeydiyyatı, ödənilməsi (missiyanın ərazisinə aid şəxsi ərazi kimi bəyan edilən daşınmayan mülkiyyət istisna edilməklə, belə hallarda xərclər və borclar yalnız əlavə göstərilən xidmətlərə görə alınır).

Gömrük rüsumlarından azad edilmə

Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), evi saxlamaqdan ötrü zəruri olan əşyalar daxil olmaqla, şəxsi istifadə üçün şeylər idxal etmək (yerli qaydalara uyğun şəkildə, bu qaydalar diplomatik imtiyazlara toxunmalı deyil) hüququna malikdirlər. Bu şeylər gömrük və idxalla bağlı digər vergilərdən azad edilir, ancaq, məsələn, saxlanma, daşınma kimi əlavə xidmətlərlə bağlı rüsumlardan azad edilmir. Diplomatlar və onların ailə üzvləri gömrüksüz gətirilən və sonradan satılan yaxud sahiblərinin onlardan başqa üsulla qurtulduqları şeylərə qəbul edən ölkə tərəfindən irəli sürülən bütün tələbləri yerinə yetirməyə borcludurlar.

Sosial təminat üzrə tələblərdən azad edilmə

Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), sosial təminat üzrə qəbul edən dövlətin qanunvericiliyinin tələblərindən azad edilirlər. Eləcə də diplomatın yanında qulluqda olan şəxsi xidmətçilər də, onların qəbul edən ölkənin, - öz dövlətinin sosial müdafiəsinə ehtiyacı olanlar kateqoriyasına düşən vətəndaşları və ya rezidentləri olmamaları şərti ilə, bu tələblərdən azad edilirlər. Diplomat işə götürdüyü və sosial müdafiə üzrə tələblərdən azad edilməyən istənilən şəxsə münasibətdə sosial təminat qaydalarına tabe olmağa borcludur. Bəzi ölkələrdə diplomata, əgər o bunu arzu edirsə, sosial təminat sistemində iştirak etməyə izn verilə bilər, digər ölkələrdə onun mövqeyi qəbul edən dövlətlə onun öz dövləti arasında mövcud olan razılaşma ilə qabaqcadan nəzərdə tutula bilər.

Şəxsi baqajın yoxlanmasından azad edilmə

Diplomat, eləcə də onun onunla birlikdə yaşayan ailə üzvləri (onların qəbul edən ölkənin vətəndaşları və ya daimi sakinləri olmamaları şərti ilə), baqajda immunitetə malik olmayan yaxud qeyri-qanuni gətirilən-aparılan şeylər olmadığının təsdiqlənməsi üçün ciddi əsaslar istisna edilməklə, şəxsi baqajlarının yoxlanılmasından azad edilirlər. Belə olan halda yoxlama diplomatın yaxud onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.

Bir yerdən başqa yerə getmə azadlığı

Diplomatik missiyanın bütün üzvləri xidmət etdikləri ölkənin ərazisində, milli təhlükəsizlik səbəbi ilə gediş-gəliş məhdudlaşdırılan yerlər istisna edilməklə, məhdudiyyətlərsiz azad bir yerdən başqa yerə getmə hüququna malikdirlər. Bu qaydaya həmişə riayət edilmir və bəzi ölkələr səfər üçün xüsusi zonalarla diplomatların azadlıqlarını məhdudlaşdırırlar; belə hallarda qarşılıqlı məhdudlaşdırma siyasəti həyata keçirilir.

Üçüncü ölkədən keçib getmə

Diplomatlar, eləcə də, onlarla birlikdə yaxud ayrıca səfər edən onların ailə üzvləri, bütün zəruri vizalara malik olmaları şərti ilə, üçüncü ölkədən keçərək xidmət yerinə yaxud geriyə gedən zaman, onların təhlükəsizliklərinin təmin edilməsi üçün zəruri olan toxunulmazlıq hüququndan və başqa immunitetlərdən istifadə edirlər. Diplomatlar, onların səfərlərinin məqsədini izah edən öz nazirliyinin məktubu (yaxşı olardı ki, üçüncü ölkənin yaxud ölkələrin dilində) ilə yaxud ölkənin diplomatik yaxud konsul nümayəndəsi tərəfindən verilən diplomatik viza ilə təchiz edilməlidirlər. Adətən diplomatik baqaj yoxlanılmalı deyil və hökumət orqanlarının bunu etmələri üçün yetərincə mötəbər əsasları olmalıdır.

Diplomatların cavab öhdəlikləri

Dövlət tərəfindən imtiyazların və immunitetlərin verilməsi bu imtiyazları alan şəxsin məsuliyyətliliyinin və vicdanlılığının yüksək səviyyəsini nəzərdə tutur. Diplomat qəbul edən dövlətin daxili işlərinə qarışa bilməz; xidməti binaları onların birbaşa və təhkim edilmiş funksiyalarından başqa məqsədlərə istifadə edə bilməz; hüquqi məsuliyyətə münasibətdə yol-nəqliyyat hadisələri, sürətin artırılması, maşın saxlama qaydalarının pozulması kimi hallarda qanunları gözləməməklə öz immunitetindən şəxsi mənfəəti üçün istifadə etməli deyildir.

Diplomatik pasportlar

Diplomatik pasportlar əksər dövlətlər tərəfindən özlərinin diplomatik immunitet hüququna malik olan vətəndaşlarına verilir, bəzi dövlətlərdə isə yüksək mövqe sahibi olan şəxslərə də diplomatik pasportlar verilir. Birləşmiş Krallıqda diplomatik pasportların ciddi nəzarətdə saxlanan əsaslarla və yalnız diplomatlara onların xaricdəki briyaniya diplomatik missiyalarında fəaliyyətləri dövründə verilməsi təcrübəsi işlədilir. Adətən pasportlar immunitetlərin mövcudluğunun təsdiqi kimi deyil (bu prima facie funksiyasını diplomatik korpusun Siyahıları yerinə yetirir), yalnız vəzifənin təsdiqi kimi başa düşülür; bununla belə onlar vacib sənədlərdir. Bu məqsədlər üçün isə qəbul edən tərəf vəsiqələr verə bilər.

Beynəlxalq təşkilatların nümayəndələri

Bəzi hallarda rezidentlər (bəzən isə qeyri-rezidentlər də) ölkələrin beynəlxalq təşkilatlardakı nümayəndələri diplomatik imtiyazlara bənzər imtiyaz və immunitetlər hüququna sahib olurlar. BMT-nin və onun ixtisaslaşdırılmış təsisatlarının nümayəndələri imtiyazlar və immunitetlər haqqında BMT konvensiyasına və BMT ixtisaslaşdırılmış təsisatlarına aid bənzər konvensiyaya uyğun olaraq adətən imtiyaz və immunitetlərin geniş spektrini almış olurlar. Bu təşkilatların yüksək xidmətçilərinin az bir qismi, qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmamaları şərti ilə, diplomatik imtiyaz və immunitetlərin bütün növlərindən istifadə etmək hüququna malik olurlar; bu təşkilatların qalan əməkdaşları məhdud imtiyaz və immunitetlərdən istifadə edirlər. Başqa təşkilatlara gəldikdə isə, imtiyazlar və immunitetlər haqqında məsələlər adətən təşkilatın nizamnaməsinə yaxud, qəbul edən ölkə və beynəlxalq təşkilat arasında, onun bu ölkədə yerləşməsinə qədər bağlanan müqaviləyə daxil edilir. Xüsusi qaydalar belə təşkilatların çoxsaylı olduğu İsveçrədə və ABŞ-da istifadə olunur.

Səfər edən diplomatik missiya üzvləri

Hansısa bir dövlətdə diplomat kimi akkreditə edilməyən, ancaq kvazidiplomatik yaxud nümayəndəlik funksiyaları yerinə yetirən əcnəbi dövlət nümayəndələrinə imtiyazlar və immunitetlər vermək adi hal sayılır. Bu kateqoriyaya rəsmi və ya qeyri-rəsmi görüşə gələn dövlət başçıları, konfranslara yaxud konqreslərə gələn arbitraj məhkəməsinin üzvləri və hökumət nümayəndələri daxildir. Qəbul edən dövlətin razılığı ilə göndərilən belə xüsusi missiyalara imtiyaz və immunitetlərin verilməsi haqqında məsələlərin nizama salınması üçün xüsusi missiyalar haqqında Nyu-York konvensiyası mövcuddur.

Məhdud imtiyazlar və immunitetlər

Nümayəndəliyin qeyri diplomatik, xidmət etdiyi ölkənin nümayəndəsi və nə də rezidenti olmayan heyəti

Missiyanın inzibati və texniki heyətinin üzvlərinin, eləcə də onların onlarla birlikdə yaşayan ailə üzvlərinin (onların qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmamaları şərti ilə), aşağıdakı güzəşt və imtiyazlara malik olmaq hüquqları var:
a) diplomatlara verilən bütün immunitetlərə - mülki və inzibati məsuliyyətdən immunitetin xidməti fəaliyyətdən kənarda törədilən hərəkətlərə tətbiq edilməsi istisna edilməklə;
b) bütün diplomatik imtiyazlara, - onların şəxsi baqajlarının yoxlanılmasından azad edilmələri istisna edilməklə.
Gömrük rüsumlarından azad edilmə onların xidməti fəaliyyət üçün ölkəyə gələn zaman gətirdikləri şeylərlə məhdudlaşdırılır, eləcə də onlar üçüncü ölkədən keçərək xidmət yerinə gedən zaman imtiyazlara və immunitetlərə malik olmurlar, ancaq belə ölkələr onların gedişlərinə mane olmamağa borcludurlar.
Missiyanın xidmətçi heyətinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmayan üzvləri onların xidməti fəaliyyətləri dövründə edilən hərəkətlərə görə immunitetə malikdirlər; onların öz xidmətləri müqabilində aldıqları əmək haqlarından vergi və rüsumlar ödəməkdən azaddırlar; qəbul edən ölkənin sosial təminat üzrə tələbləri onlara şamil edilmir, çünki onların öz dövlətlərinin sosial müdafiəsindən istifadə etdikləri nəzərdə tutulur.
Missiyanın diplomatik heyəti üzvlərinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olmayan şəxsi xidmətçiləri onların öz xidmətləri müqabilində aldıqları əmək haqlarından vergi və rüsumlar ödəməkdən azaddırlar, ancaq qəbul edən ölkənin onlara verməyi gərəkli hesab edə biləcəyindən savayı heç bir başqa imtiyaz və immunitet hüquqları yoxdur; imtiyazların verilməsi elə həyata keçirilməlidir ki, onlar missiyanın funksiyalarını yerinə yetirməsinə əngəl törətməsinlər.

Missiyanın qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan
diplomatları və digər üzvləri

Qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan diplomatların yalnız hüquqi məsuliyyətdən immunitetləri və öz funksiyalarını yerinə yetirmə prosesində etdikləri rəsmi hərəkətlərə münasibətdə şəxsi toxunulmazlıq hüquqları vardır, hərçənd bəzi ölkələrdə onlara ayrı imtiyazlar da verilə bilər. Missiyanın qeyri-diplomatik heyətinin qəbul edən ölkənin vətəndaşları yaxud rezidentləri olan digər üzvləri və şəxsi xidmətçilər yalnız qəbul edən tərəfin məqbul saydığı imtiyaz və immunitetlərdən istifadə edirlər. Bununla belə, bu kateqoriyadan olan şəxslərə tətbiq edilən istənilən məhdudiyyət missiyanın öz funksiyalarını yerinə yetirməsinə mane olmamalıdır.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Top