Qladiatorlar – Qədim Romada döyüşçülər olmuşdur. Bu döyüşçülər bir – biri ilə və ya heyvanlarla, xüsusi səhnədə, tamaşaçıları əyləndirmək üçün döyüşərdilər.
Qladiator oyunları insan qurban verilən dövrlərdə etruskların dəfn mərasimi adətindən götürülmüşdür. Vaxt ötdükcə bu adət formasını dəyişmişdir. Belə sonralar ölümə məhkum olunanları dərhal öldürmürdülər. Onları məzar kənarında döyüşdürürdülər. Zəif həlak olurdu, güclü sağ qalırdı.
Romalılar bu qəddar döyüşə ilk dəfə eramızdan əvvəl 264-cü ildə “Öküz meydanı” deyilən yerdə rast gəlmişlər. Bu döyüş romalılara qeyri-adi bir təsir bağışlamışdır. Döyüş romalıların böyük marağına səbəb olduğundan romalılar bu döyüşü öz Roma səlnamələrinə yazmışlar.
Yadetmə mərasimləri və qladiator oyunları arasındakı əlaqələr heç zaman unudulmamış, bu oyunlar — “dəfnetmə oyunları” adı ilə yaddaşlarda uzun müddət qalmışdır. Bu oyunlar rəsmi olaraq – “mumus” (öhdəlik, borc)- yəni “yaşayanların vəfat etmişlər qarşısında bir borcu”- ənənəsinə çevrilmişdir.
Arxeoloqlar qazıntılar zamanı böyük bir qəbiristanlıq aşkar etmişlər. Alimlər araşdırmalar apararkən məlum olmuşdur ki, bu qəbiristanlıq qladiatorların dəfn olunduqları yerdir. Bu böyük qladiator qəbiristanlığı Roma imperiyasının ən böyük şəhərlərindən olan Efesdə tapılmışdır. Bu yer — indiki Türkiyənin ərazisindədir. Tədqiqatçıların analizləri subut etmişdir ki, bu yerdə məhz qladiatorlar dəfn olunmuşdur. Belə məlum olmuşdur ki, burada dəfn olunanlar hələ ölməmişdən əvvəl neçə-neçə ağır bədən xəsarətləri alıbmışlar.
Efesdə tapılan qladiator qəbiristanlığında 70-ə yaxın qəbir aşkar edilmişdir. Burada dəfn olunanların yaş həddi 20-30 arasında olmuşdur. Heyrətlisi də budur ki, bəzilərinin üzərində, hətta cərrahi amputasiyalar da aparılmışdır. Digər bir maraqlı fakt da odur ki, yaralı qladiatorlar həm çox yüksək səviyyəli müalicələr alırmışlar.
Roma imperiyasına daxil olan ərazilərdə aparılan qazıntılar zamanı tapılan şamdanların əksəriyyətinin üzərində qladiator döyüşlərindən səhnəciklər təsvir olunmuşdur. Bu da o dövrlərdə qladiator döyüşlərinin çox populyar olmasından xəbər verir.
Eramızın 63-cü ilində imperator Neron sərəncam vermişdir ki, kişilərdən əlavə, evli olmayan qadınlar da qladiator döyüşlərində iştirak edə bilərdilər. 66-cı ildə Neron Puteola şəhərində çar Tiridatın şərəfinə təntənəli bir qladiator döyüşləri təşkil edir.
Qladiator döyüşlərində hər hansı bir döyüşçü ölümcül yara aldıqda döyüş dayandırılır və yaralı imdad istəyirdi. Yaralının həyatı tamaşaçılardan asılı olurdu. Döyüş təşkilatçısı baş barmağını yuxarı qaldıraraq tamaşaçılara göstərirdi. Tamaşaçılar barmağını aşağı eləsəydi, yaralı qladiator öldürülməli idi. Tamaşaçılar dəsmal yelləsəydilər, yaralı qladiator bağışlanmalı idi.
Qladiator döyüşlərindən sonra mükafatlandırılanlar da olurdu. Qladiator döyüşləri tarixində ən böyük mükafatı Qladiator Spikul almışdır. İmperator Neron ona böyük bir imarət hədiyyə etmişdir.
Qladiator döyüşlərində elə hallar olurdu ki, kişilərlə qadınlar da döyüşürdülər. Bəzən imperatorlar özləri də bu döyüşlərdə iştirak edirdilər. Məsələn: ağılsız imperator Kommod qladiator döyüşlərində iştirak etməyi çox sevərmiş və həmişə də sözsüz ki, “qalib” olarmış.
O dövrlər roma aristokratları arasında mühafizəçi kimi şəxsi qladiatorlar saxlamaq da dəbdə imiş. Yuli Sezar 2.000-dən çox qladiator – cangüdən saxlayırmış.
Qladiator döyüşlərinə biletlər çox baha satılırmış. Həm də qladiator döyüşləri totalizator xarakterli olurdu. Ortada böyük miqdarda pullar oynayırdı. Belə demək mümkünsə insanların həyatları qumara qoyulurdu.
Qladiator döyüşləri ilk- öncə qaydasız, sonralar isə ciddi qaydalarla tənzimlənirdi. Daha sonralar isə, hətta qladiator döyüşləri zamanı meydanda hakimlər olurdu və döyüşləri qoyulmuş qaydalarla tənzimləyirdi.
Orucova Jalə
Mənbə: Azens.az