Qədim Roma dövləti

Qədim Roma dövləti

Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.

Çarlıq

Ən qədim çarlıq dövrün yeddi çarının adı məlumdur (Romul, Numa Pompili, Tull Qostili, Ank Marsi, Tarkvini Prisk, Servi Tulli və Məğrur Tarkvini). Çarlıq dövrünün başlanğıcında cəmi 300 qəbilədən ibarət olan əhalidən hər 10 qəbilə bir kurianı, hər 10 kuria isə tribanı təşkil edirdi. Üç triba (latın, sabin, etrusk) var idi. İcmanın ən mühüm işlərinə qəbilə ağsaqqallarından seçilən senat baxırdı. Senata ağsaqqalları tədricən hər qəbilənin eyni ailəsindən seçməyə başladılar. Bu qayda əhalinin imtiyazlı təbəqəsinin (patrisilərin) yaranmasına səbəb oldu; əhalinin qəbilə təşkilatından kənarda qalan hissəsi plebeylər adlanırdı. Senatdan başqa, kurialar üzrə toplanan xalq məclisi də mövcüd idi (yalnız patrisilər iştirak edirdilər). Əvvələr çarın hakimiyyəti qəbilə başçısının səlahiyyətinə yaxın idi. Müəyyən müddətdən sonra çarlar senat üzvlərini yalnız məhdud dairələrdən təyin etməyə başladılar. Beləliklə, senat Roma əyanlarının qanalı orqanına çevrildi. Patrisilərdə plebeylərin mübarizəsi şəraitində plebeylər icmada patrisilərlə bərabər vətəndaşlıq hüququ qazandılar. E.ə. 5 əsrin 1-ci yarısında xalq tribunu vəzifəsi təsis olundu. E.ə. 6 əsrin ortalarında Romada cəmiyyəti varlı və yoxsul siniflərə bölünən islahatlar keçirildi. Əmlak senzindən asılı olaraq, hər sinif qoşun üçün müəyyən sayda döyüşçü verirdi. Senturiyalar üzrə səsvermə xalq məclisində səslərin patrisilərin xeyrinə təmin edirdi. Bu şəraitdə çar hakimiyyətinin süqutu və respublikasının qurulması başa çatdı.

Respublika

Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5 əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşunları olan etrusklar, latınlar və başqa tayfalarda müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340-338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280-275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264-241, 218-201, 149-146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi.

E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin hədsiz kəskinləşməsi böyük üsyanlara - Siciliyada qul üsyanlarına və Kiçik Asiyada Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar - optimatlar ilə populyarlar arasında silahlı mübarizə şiddətləndi. Xarici siyasətdə Yuqurta müharibəsinin (e.ə. 111-105) əvvəlində Roma ordusu məğlubiyyətə uğradı. Müttəfiqlər müharibəsi (e.ə. 90-88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87-82) köhnə siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi. Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74 və ya 73-71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney Pompey, Mark Lisini Krass və Yuli Sezar ittifaq bağlayaraq birinci triumvirat yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və Oktavianın qələbəsi ilə qurtardı.

Prinsipat və dominat

Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş, Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı.

İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.

Top