I-II əsrlərdə Roma imperiyası ən qüdrətli zirvəsinə çatdı. Lakin II-III əsrlərdən başlayaraq, quldarlıq quruluşunda tənəzzül başlandı. Çünki qul əməyi getdikcə əhəmiyyətini itirirdi, qul nəzarətsiz yaxşı işləmirdi. Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara ancaq yemək və paltar verirdilər. Qullara nəzarətçilər, keşikçilər, quldarların özləri nəzarət edirdi. Quldarlıq təsərrüfatın inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira edildi, gavahınlı mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin aləti, bağlarda işləmək üçün bıçaq aləti ixtira edilmişdi. Lakin bu alətləri qullara etibar etmirdilər. Onlara kobud alətlər verirdilər, bu alətləri sındırmaq çətin idi. Beləliklə, Romada quldar təsərrüfatının tənəzzülünün səbəbi quldarlığın texnika və ticarətin inkişafını ləngitməsi, kənd təsərrüfatının tənəzzülü, qulun öz əməyinin nəticəsində maraqlı olmaması idi.
«Daxmalı qullar» və kolonlar. Qul əməyinin daha sərfəli 0lmadığını quldarlar da başa düşürdülər. Buna görə də bəzi quldarlar qullara kiçik torpaq sahələri, əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə qurmağa icazə verirdilər. Belə qullara «daxmalı qullar» deyirdilər. «Daxmalı qullar» Romada yaranmışdı və quldarlıq quruluşunun tənəzzülü ilə bağlı idi. Şəhərdə bəzi qullar emalatxana açır, gəlirin bir hissəsini sahibinə verirdi. Romada quldar qulla daha istədiyi kimi rəftar edə bilməzdi. II əsrdə imperator Adrian qulu öldürməyi qadağan etdi. İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad kəndlilərə icarəyə verirdilər. Romada belə xırda icarədarları kolonlar adlandırırdılar. Kolonlar öz əməklərinin nəticəsində maraqlı idilər. Qula nisbətən yaxşı işləyirdilər. II-III əsrlərdə qulları kolonlar əvəz etməyə başladı, onların sayı sürətlə artdı. Qədim Romada məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar, kəndlilər «dəmir legionları» məğlubedilməz və imperiyanı isə sarsılmaz hesab edirdilər. Bütün bunların nəticəsində insanlarda «mehriban allaha» ümid meydana gəldi. Belə bir şəraitdə Fələstində İsa haqqında əfsanə yarandı. Deyilənə görə, İsa eramızın birinci ili ərəfəsində Fələstində Nəsirə qəsəbəsində anadan olmuşdu. Anası yəhudi qızı Məryəm idi. İsa otuz yaşına çatanda yeni bir din yaratdı. Yunanlar onu İusus Xristos adlandırırdılar. Bu dinə inananlar xristian, dini xristianlıq adlandırdılar. İsanın sağlığında ona 12 nəfər iman gətirmiş və onlara «apostollar» (müqəddəslər) deyirdilər. Xristianların dini kitabları «İncil»də deyilir ki, Allah İsanı yer üzərinə insanları zülmdən xilas etmək üçün göndəribmiş, lakin yəhudilər romalılara İsanın yeni bir din yaratdığını və yeni bir dövlət yaradacağını xəbər verir. Romalılar İsanı çarmıxa çəkməklə edam etmişdilər. İsa üç gündən sonra dirilib göylərə çəkilmişdir. İsa bütün əzablara dözmüş və vəd edib ki, yer üzünə qayıdacaq, insanları əməllərinə görə mühakimə edəcək. Kim yer üzündə əzab və əziyyətə dözür, İsanı allah kimi tanıyır, ona axirətdə mükafat verəcək, cənnətdə əbədi xoşbəxt olacaq, kim onu tanımır, cəhənnəmdə əbədi əzab-əziyyətə məhkum olacaq. İsa haqqındakı bu rəvayət ölən və dirilən allahlar haqqında olan əfsanəyə bənzəyir. Beləliklə, I əsrin sonu və II, əsrdə İsa haqqında əfsanələr yazıya alındı. Bunları yunanca «Yevangelye» - «Şad xəbərlər» adlandırdılar. Azərbaycan dilində ona «İncil» deyilir. Əvvəlcə qullar və yoxsullar İsa haqqında əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma imperiyasına yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət göstərirdilər. Xristianlar gizli zirzəmilərdə və köhnə daş karxanalarında yığıncaqlar keçirir, ibadət edirdilər. Varlılar və təhsilli adamlar əvvəlcə xristianlığı qəbul etmədilər. Lakin Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül etdi. Əhalinin varı və həyatı təhlükə altında qalmışdı. Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. Çünki bu din də xalqı səbirli və itaətkar olmağa çağırırdı. Varlılar da xristian dinini qəbul etdilər. Varlılardan keşişlər, yəni icma rəhbərləri, yepiskoplar, yəni nəzarətçilər seçildi. Yüzlərlə icmalar (dini) yepiskoplar tərəfindən idarə olunurdu. Dini icmaları birləşdirən və yepiskoplar tərəfindən idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə həm də xristianların ibadət etdiyi yer idi. Roma imperatorlarından ilk dəfə Konstantin xristianlığı bir din kimi tanıdı. Onun anası xristian idi. Konstantin Milan Fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə verdi. Bu dövrdən başlayaraq xristianlar açıq iclaslar, yığıncaqlar keçirməyə, məbədlər tikməyə başladılar, varlılar kilsəyə kömək edirdilər. Kilsə imperatora tabe idi. Konstantin ölüm ayağında xristian dinini qəbul etdi. Xristian kilsəsi onu xidmətinə görə müqəddəs elan etdi. İmperatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə arxalanırdılar. İmperatorlar və xristian din xadimləri dünyanın və İsanın yaradılması, İsa haqqında əfsanələrə zidd olan nə varsa, hamısını məhv etməyə başladılar. Qədim dünyanın ən gözəl incəsənət əsərlərini, binaları, ədəbi əsərləri məhv edirdilər. Kitablar yandırılır, məbədlər dağıdılırdı. İsgəndəriyyə kitabxanası da məhv edildi, alim qadın İpatiya öldürüldü. Xristianlar Misirdə Osiris məbədini dağıtdılar. 394-cü ildə I Feodosi xristianlığın yayılması ilə əlaqədar Olimpiya oyunlarının keçirilınəsini qadağan etdi. Afinada Parfenon və Romada Panteon məbədində xristian ibadətləri keçirirdilər. IV əsrin sonunda Roma imperiyasında xristian dinindən başqa bütün dinlər qadağan olundu.XRİSTİANLIĞIN MEYDANA GƏLMƏSİ