Romada sərkərdələr arasında gedən mübarizədə Konstantin (306-337) qalib gəldi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt seçdi. 330-cu ildə paytaxt Vizantiyə köçürüldü. Şəhər Konstantinopol (indiki İstanbul) adlandı.
IV əsrin sonlarından başlayaraq barbarların Roma imperiyasına hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olurdular, bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma imperatoru imperiyanın sərhədlərini müdafiə etmək üçün ostqotlara imperiya sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə götürdü. Lakin imperator vədini yerinə yetirmədi, bir parça çörək üçün oğlunu və özünü satmağa məcbur olan ostqotlar üsyan etdilər. 378-ci ildə üsyançılar imperator qoşununu məğlub etdi və imperator Valenti öldürdülər. Yeni imperator Böyük Fedosi üsyançıların başçısını ələ alıb üsyanı yatırdı. Qotları Balkan yarımadasının şimal-qərbində yerləşdirdi. İmperator Böyük Fedosi ölümündən əvvəl imperiyanı iki oğlu arasında bölüşdürmüşdü. 395-ci ildə Roma imperiyası Qərb və Şərq imperiyalarına ayrıldı. Balkan yarımadası, Misir və Asiyadakı Roma torpaqları Şərq imperiyasına, yəni Bizansa daxil idi. Paytaxt Konstantinopol oldu. Bizansın başında kiçik qardaş Arkadi dururdu. Qərb imperiyasına İtaliya, Qərbi Avropa və şimali Afrikadakı qərb əyalətləri daxil idi. Ona böyük qardaş Honori başçılıq edirdi.
Roma imperiyasının zəifləməsindən istifadə edən Alarixin başçılığı ilə qotlar Yunanıstan və Makedoniyanı tutdular. Onlar təcrübəli döyüşçü Alarixin başçılığı altında hücumu davam etdirib İtaliyaya soxuldular. 410-cu ildə onlar Romanı tutdular. Avropa, Asiya, Afrika xalqlarını itaətdə saxlayan Roma barbarların hücumuna dözə bilmədi. Qullar, kəndlilər və kolonlar barbarlara kömək edirdilər. Şəhər üç gün qarət edildikdən sonra qotlar çıxıb getdilər. Qotlarla yanaşı, Roma imperiyasına başqa xalqlar da hücum edirdi. Vandallar Qalliyanı, daha sonra İspaniyanı tutdular, daha sonra Afrikaya köç edib burada Vandal Alan krallığı yaratdılar. V əsrin əvvəllərində hunlar Romaya hücum etdilər. 451-ci ildə hun imperatoru Atilla ilə Roma sərkərdəsi Aetüs arasında Fransa ərazisində gedən Katalaun vuruşmasında hər iki tərəf böyük itki verdi. Bir ildən sonra 452-ci ildə Atilla Roma şəhərini mühasirəyə aldı. Roma papası I Leon başda olmaqla nümayəndə heyəti şəhərə aman verilməsini xahiş etdilər. Atilla onların xahişini yerinə yetirdi. Bandal-Alan kralı Kayzerix 455-ci ildə Afrikadan İtaliyaya keçib Romanı ələ keçirdi və talan etdi. Vandallar heykəlləri sındırır, kitabları yandırır, incəsənət əsərlərini məhv edirdilər. Vandalların hücumundan sonra Romada cəmi 7 min əhali qalmışdı. Romanın qarət edilməsindən sonra «vandalizm» sözü meydana gəldi. Bu söz, incəsənət və digər maddi-mədəniyyət abidələrinin amansızlıqla məhv edilməsi mənasında işlənir.
Roma imperiyasında ağalıq edən barbar başçıları imperatorlarla oyuncaq kimi rəftar edirdilər. Onlar imperiyada istədikləri kimi davranır, imperatorlara məhəl qoymurdular. 476-cı ildə german qoşununun başçısı Odoakr sonuncu Roma imperatoru Romul Avqustu taxtdan saldı, imperatorluq nişanını Şərqi Roma imperiyasına göndərdi və Roma imperiyasının məhv olduğunu elan etdi. Bizans imperiyası isə çətinliklə olsa da, barbarlara qarşı müqavimət göstərir və öz varlığım qoruyurdu.
476-cı ildə Qədim Roma imperiyası süqut etdi, beləliklə, Qərbi Romada quldarlıq quruluşu dağıldı, qədim dünya tarixi sona çatdı. Orta əsrlər tarixi başlandı.