Romada dövlətin yaranması

Romada dövlətin yaranması

Qədim İtaliyanın təbiəti və əhalisi. Avropanın cənubunda, Balkan yarımadasının qərbində Apennin yarımadası yerləşir. Apenin yarımadasını şimalda Avropanın qalan hissəsindən Alp dağları ayırır. Alp dağlarından başlayaraq Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən qoruyur. Burada iqlim mülayimdir, yağış Yunanıstana nisbətən daha çox yağır, zəngin bitki və heyvanat aləmi var. Yunanlar bu zənginliyə heyran olmuş və yarımadanın cənub hissəsini İtaliya, yəni «buzovlar ölkəsi» adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda iqlimi isti, bitki örtüyü daha zəngin olan Siciliya adası yerləşir. Qədim zamanlarda İtaliya əhalisi maldarlıq, üzümçülük, əkinçiliklə məşğul olurdu.
E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında müxtəlif 58 tayfa və xalqlar yaşayırdılar. Onların arasında ən çox inkişaf etmiş xalq etrusklar idi. Onlar keyfiyyətli sənətkarlıq məhsulları istehsal edir, gəmiqayırma və s. ilə məşğul olur, 10 minə qədər yazı işarəsindən istifadə edirdilər. E.ə. IV əsrə aid öküz başlıqlı riton onlarda incəsənətin inkişafını göstərir. Apenin yarımadasının mərkəzində kiçik Latsiya vilayətində latın tayfaları yaşayırdı. Tədricən latın dili italiyalıların ümumi dilinə çevrildi.

Roma respublikasının qurulması. Patrisilər və Plebeylər. Roma haqqında əfsanəyə görə, Tibr çayının mənsəbindən 25 km aralı çayın sol sahilindəki təpələrdə Roma şəhəri salınmışdı. Əfsanəyə görə, latın şəhərlərindən birinin padşahı qardaşı qızının əkiz oğlan uşaqlarını Tibr çayına atdırır. Uşaqlar olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə bəsləyir. Uşaqları çoban tapıb tərbiyə edir. Uşaqlardan birinin adı Romul, o birinin adı Rem idi. Onların şəhər salmaq və onun kimin idarə etməsi üstündə mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın onları tapdığı yerdə şəhər salır və Roma adlandırır. Beləliklə, e.ə. 753-cü ildə Roma şəhəri salınır, Romalılar öz tarixlərini bu ildən başlayırlar. İndi Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.
Romanın ən qədim əhalisinin nəslindən olanlar patrisilər adlanırdı. Latınca «pater» ata deməkdir. Onlar Romanın əsasını qoymuş ata-babaları ilə fəxr edir, icma torpaqlarından istifadə edir, vəzifələrə seçilirdilər. Onlar işi əsasən özləri görür, əvvəllər qullarla bir süfrə başında oturur və onları «familiya» adlandırırdılar. Patrisilərin Ağsaqqallar Şurası var idi. Bu şura latınca «senat», onun üzvləri senator adlanırdı.
Senatorlar öz aralarından bir nəfəri ömürlük padşah seçirdilər. E.ə. VI əsrin başlanğıcında Romada dövləti padşah və senat idarə edirdi. Romada Kapitoli təpəsində möhtəşəm qala tikilmişdi. Düşmən hücum edəndə əhali burada müdafiə olunurdu. Romadakı təpələr arasında olan bataqlıqlar qurudulmuş və forum deyilən bazar meydanı yaradılmışdı. Romaya başqa yerlərdən köçüb gəlmiş insanların nəsilləri plebeylər adlanırdı. Onlar azad əhalinin yoxsul təbəqəsini təşkil edirdi. Plebeylər vergi versə də, qoşunda xidmət etsə də, icma torpaqlarından istifadə etmək, yüksək vəzifələrə seçilmək hüququna malik deyildilər. Onlar torpağı varlılardan icarəyə götürürdülər.
Romanın sonuncu padşahı Möhtəşəm Tarkvini çox qəddar olduğuna görə romalılar e.ə. 509-cu ildə onu qovdu və padşah hakimiyyətinə son qoydu. Bundan sonra hər il xalq yığıncağı patrisilərin içərisindən iki konsul və onların köməkçilərini seçirdi və onlar bir il Romanı idarə edirdilər. Konsullar bütün məsələlərdə senatla məsləhətləşirdilər. Romada seçkili idarəni patrisilər latınca respublika, yəni «ümumxalq işi» adlandırırdılar. Respublika müəyyən müddətə seçilmiş adamlar tərəfindən idarə olunan dövlət deməkdir. Romada respublika quruluşu e.ə. 30-cu ilə qədər davam etmişdir. Konsullar bir il ərzində Romanı idarə edir, məhkəmə işlərinə baxır, müharibə zamanı orduya komandanlıq edirdilər. Respublika dövründə Senat maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edir, xalq yığıncağında səsə qoymaq üçün qərarlar hazırlayırdı.

Top