Həyatda kiçik şey yoxdur...

Həyatda kiçik şey yoxdur...

Nəhayət həyat yoldaşını razı sala bilmişdi.Bu gün ikisi də ilk dəfə idi ki, “ailə həkiminə” gedəcəkdi...

Gözləmə otağında oturar-oturmaz adi bir şey üçün mübahisəyə başladılar.Bu dəfə də həmişəki kimi bir-birlərini incidib susdular.Sonra da həkimlə görüş saatlarının çatdığını görüb içəri keçdilər. “Ailə həkimi” hər birindən o birində gördüyü gözəl şeylər haqqında yazmağını xahiş etdi.Həkimin ağzından söz qurtarmamış otağa dərin bir səssizlik çökdü.Hər birinin əlində bir kağız,bir qələm olsa da,heç biri qələmini kağıza toxundurmurdu.


Aradan xeyli vaxt keçəndən sonra əvvəlcə kişi yazmağa başladı.Sonra da qadın qələmini kağıza toxundurdu.Əvvəlcə hər ikisi çox yavaş yazırdılar.Ancaq sonra bir-birlərinə baxıb “sürətlərini artırdılar”.İndi isə az qala bir-birləri ilə yarışırdılar.Və çox keçməmiş hər ikisi kağızları doldurdular...

Nəhayət,qadın əlindəki kağızı “ailə həkiminə” uzatdı.Həkim isə gözləri ilə kağızı ona yox,həyat yoldaşına verməyi xahiş etdi.

Qadın istəksizcəsinə kağızı həyat yoldaşına uzatdı.Həyat yoldaşı da istəksizcəsinə kağızını ona verdi.Və hər ikisi kağızlarını oxumağa başladılar. “Ailə həkimi” isə kənardan onlara tamaşa edirdi.Çox keçmədi ki,qadının yanaqlarından göz yaşları süzülməyə başladı.Üzündən sevinc,gözündən səadət oxunurdu.Sonra da həyat yoldaşının onun haqqında düşündüyü gözəl sözləri qeyri-adi xəzinə kimi bağrına basdı.Otağın havası sanki bir göz qırpımında dəyişmişdi.İndi kişi də heç əvvəlki kişi deyildi.Sanki otağa gözəgörünməz bir günəş doğmuşdu.

Artıq nə “ailə həkimi”,nə qadın,nə də kişi bir söz demək ehtiyacı hiss edirdilər.Və bir azdan kişi də,qadın da əl-ələ verib otaqdan çıxdılar...

Mənbə: “Ailəm” jurnalı

 

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.   

 

Top