Qaçış

Qaçış

Həyat yoldaşım səfərə çıxmalı idi.Mən onu yola salmaq üçün hazırlıq görür,o da səfərqabağı yır-yığış edirdi.Dörd yaşlı oğlumuz isə öz işində idi.Elə hey əl-ayağımıza dolaşır,dəcəlliyindən qalmırdı.Öyüd-nəsihətlərmiz də bir nəticə vermirdi.Nəhayət,həyat yoldaşım dözə bilmədi və ona küncdə dayanmağı tapşırdı.Səssizcə gedib küncdə dayandı.Üz-gözünü turşutmuşdu.Bir azdan oğlum arxaya çevrilib acıqlı bir səslə: “Evdən qaçacağam”-dedi.

Bu söz məni çox təəccübləndirdi,üstəlik,onun bu sözləri məni özümdən çıxardı.Qeyri-ixtiyari olaraq: “Demək belə?”-deyə qışqırdım.Ancaq dönüb ona baxanda mənə o qədər məsum göründü ki,ürəyim parça-parça oldu.Uşaq ikən mən də eyni şeyləri deyir,özümü çox tənha hiss edirdim.Elə bilirdim ki,hamı məndən üz döndərib.Əslində o,bu sözlərlə çox şey demək istəyirdi.Yəni,məni unutmayın,sevin,oxşayın...

Ona yaxınlaşıb: “Yaxşı oğlum,madam ki,evdən qaçmaq istəyirsən,buyur,qaça bilərsən”,-dedim və onun paltarını çantaya yığmağa başladım.Oğlum mənə baxıb təəccüblə: “Ana,sən nə etmək istəyirsən?”-deyə soruşdu.Mən isə ona məhəl qoymur,paltarları ilə bir yerdə öz paltarlarımı da çantaya yığırdım.Paltarları yığıb qurtarandan sonra çantanı qapının ağzına qoydum.Üzümü ona tutub: “De görüm,doğrudan da evdən qaçmaq istəyirsən?”-deyə soruşdum.

-İstəyirəm!Bəs hara gedirsən?

-Mən də səninlə gedəcəyəm.Çünki sənin tək qalmağını istəmirəm.Çünki səni çox sevirəm.

Oğlum boynuma sarıldı:

-Niyə mənimlə getmək istəyirsən?

Gözlərinin içinə baxdım:

-Çünki səni çox sevirəm.Çünki səndən ayrı qalmaq istəmirəm.

-Atam da gələcək?

-Yox,atan qardaşlarınla qalacaq.Biz burada olmayanda onlara baxacaq.

-Pişiyimiz də bizimlə gedəcək?

-Yox,o burda qalsa yaxşıdır.

Bir qədər fikirləşdikdən sonra oğlum:

-Ana,bəlkə elə biz burda qalaq?-deyə dilləndi.

Mən:

-İstəyirsən qalaq-deyə cavab verdim.

O,boynumu bərk-bərk qucaqlayıb həyəcanla:

-Ana,mən səni çox sevirəm!-dedi.

-Mən də səni çox sevirəm,oğlum-dedim və sonra da əlavə etdim:

-Gəl mətbəxə,gedək birlikdə yemək hazırlayaq...

Onu qucağıma götürüb mətbəxə üz tutdum.Çöhrəsi birdən-birə dəyişmişdi.Artıq qollarımın arasındakı bu məsum varlığın məndən nə istədiyini yaxşı bilirdim...

Mənbə: “Ailəm” jurnalı
Həmçinin bax:
Ana haqqında kövrək hekayə

Top