Balaca qızın xiffəti

Balaca qızın xiffəti

Balaca qız hər gün atasının şəklinə baxar , onu oxşayar və öpərdi. Necə də darıxmışdı atası üçün. Artıq iki il idi ki, atasını görmürdü. Valideynləri ayrılmışdı , amma bu balaca qızın dünyadan xəbəri yox idi. O , bilmirdi ki,əslində atası onları tərk etmişdi. Hər gün o, yenə də ümid edirdi ki, atası mütləq axşam işdən çıxıb, onu görməyə gələcəkdi.

-"Nə qəşən koftan var!" - deyə kimsə ona müraciət edəndə o, tələsik cavab verərdi:" Atam alıb!, Mənim atam!" - deyə nazlanardı. Həyətdə də öz həmyaşıdları ilə oynamazdı. Daim şeirlər deyər ,mahnılar oxuyar öz- özünə: " Atam alıb mənimçün rəngli qələm və dəftər, Kitabıma bax budur , gözəl - gözəl şəkillər..." Beləcə , bu minvalla günlər keçərdi.

atasız uşaqBu gün isə özəl gün idi. Artıq 4 yaşı tamam olurdu. Anasının hazırladığı tort, açdığı süfrə, aldığı hədiyyələr onun kefini açmırdı. Bütün bunlara sevinə bilmirdi. İndi böyümüşdü. Atasını istəyirdi , onun üçün ən böyük hədiyyə -atasının gəlişi ola bilərdi ancaq. Amma deyəsən artıq anlamağa başlayırdı... Başa düşürdü ki, atası gələn deyil. Son iki ildə onun heç bir ad günündə o gəlməmişdi. İndi heç gəlməz. Sadəcə o vaxt balaca idi. İndi bir az böyümüş, dərk edirdi hər şeyi.  Balaca qız hər gün sığalladığı, oxşadığı atasının şəklinə yaxınlaşdı. Gözləri dolmuş, qəmli baxışlarla : " Ata, oradan gəl də yanıma,düş gəl şəkildən, atam mənim, mən sənsiz qalmışam axı, mən səni istəyirəm, gəl , gəl məni öp". Ana bu səhnəyə dözə bilmədi, dəfələrlə bu şəkli gizlətmiş, lakin qızının stress keçirəcəyindən qorxmuş və balasının təkidi ilə şəkli geri qaytarmışdı. Onsuz da əsəbi olmuşdu, belə vəziyyətlərə onun sinirləri tab gətirmirdi. Özünü ələ aldı, göz yaşlarını sildi və qızına yaxınlaşdı: " Gözəlim, bax nənə necə gözəl ayı balası alıb sənə?" - deyə balasının fikrini yayındırmağa çalışdı. Lakin qız şəkli daha da bağrına basdı , öpdü : "Sən burda dayan , mən ayıya baxım, qayıdıram, yaxşı?" - deyib, şəkli yerinə qoydu. Yan otağa keçdi, ayıya baxdı :" Qəşəngdi, atama göstərim" , ayı balasını əlinə alıb dərhal şəklin yanına qayıtdı. Ana daha heç nə etmədi. Bu ad günü belə keçdi - gələn qonaqlar balaca qızın şəklin qarşısında oturub saatlarla atasına necə tamaşa etdiyinin şahidi olmuşdu.

P.S Allah heç bir övladı ata-anasız qoymasın, xüsusilə qız uşaqlarını. Çünki çox vaxt qız uşaqları atalarını daha çox sevirlər.

Müəllif: Zeynalova Vüsalə.M

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

Top