Tərbiyədə inam həlledici faktordu

Tərbiyədə inam həlledici faktordu

Bir ana daim öz uşağından şikayətlənirdi. Ona dedim:"Uşağınla dil tapmağa çalış. O, sənin düşündüyün kimi pis uşaq deyil". Ana isə inadla mənə sübut etməyə çalışırdı ki:" Sən bilmirsən, bu sən deyən uşaqlardan deyil, dözmək olmur. Bilmirəm nə edim, başa salmaqdan ölürəm, eşitmir, bəlkə onun beyni inkişafdan qalıb? Vay , mən neyləyərəm?"- deyə özünü bir az da qorxutmağa başladı. Dedim ki: " Sən bir də de, yumşaq de, nəsə edəndə , danlamamışdan əvvəl soruş niyə eləyib, desin səbəbini, sən də bil neyləyirsən" O da cavabında : " Demək asandı, uşaq tərbiyəsi çox çətin məsələdi". 

Bax burası ilə tam razı, uşaq tərbiyəsi asan iş deyil. Nənələr bu cümlələri eşidəndə, gözləri gülür:" Bəs, nə bilmişdiniz, biz nələr çəkmişik, indi bilin". Niyəsə hər kəs öz probleminin böyük olduğunu, heç kimdə belə "böyük" problem olmadığını düşünür. Bu ona görə baş verir ki, insan problemdən çıxış yolunu tapmaq, araşdırmaq əvəzinə, əksinə problemi " çürüdür", şişirdir, özünə süni problem yaradır. Belə olanda ixtiyarsız düşünürəm ki, bu insan psixologiyası nə qəribədir? Niyə insanlar özlərini qurban kimi aparır, istəyir ki, hamı onlara görə narahat olsun, desinlər: " Yazıq adam, nələr çəkir, onun kimi heç kim ola bilməz". Niyəsə istəyirlər ki, hər kəs onlara mərhəmət gözləri ilə baxıb, ürəkləri yansın, onların hallarına acısınlar. ( Təbii ki, bütün insanlar belə deyil) . Nə isə, mətləbi çox uzatmayım, demək istədiyim odur ki, misal gətirdiyim ana da belə. O, uşağı ilə problemində çıxış yolu axtarmırdı, mənimlə söhbətində belə, ancaq öz probleminin ağırlığından və çarəsizliyindən danışırdı. Çünki probleminin həllinə inamı yox idi. Əsas da inamdı, hər işdə. İnam insan həyatında başlıca amildi, bütün həyatına təsir göstərən əsas şərtdir. Fikrimi anlatmaq üçün belə bir misal çəkim. Özünə inamsız və problemindən şikayətlənən, ümidsiz birisinə  desəm:

- Maşının şinlərini dəyişdirək.

O da cavabında:

- Ehtiyat şinləri yoxdur- deyəcək.

- Onda gəl bu otların üstündə oturaq , fikirləşək ki, nə çarə qılırıq bu işə.

- Ot çirklidi. Otursam üst - baş qalmaz məndə.

- Bəlkə gələn ilk avtomobilə əl eləyək saxlasın, kömək istəyək.

- Birdən sürücü zorakar oldu.

Beləliklə bu söhbət hələ çox uzana bilər və əsas məsələ şinlərin dəyişdirilməsi isə tamam yaddan çıxar. Bu misalda da elədi qorxu hissi imkan vermir ki, insan problemini yoluna qoysun. Hər işdə, xüsusən uşaq tərbiyəsində də belədi. Əsas gərək özünə və uşağına inanasan, pozitiv olasan, daha qorxmayasan ki:" Birdən alınmadı". Özünün gücünə inam, uşağının müsbət xüsusiyyətlərini isə ön plana çəkilməsi, sonra isə uşağının inadını dostluq-əməkdaşlıq  münasibətinə çevirmək əsas şərtdir.. Məsələyə necə yanaşmaqdan çox şey asılıdı.

Iki ayrı-ayrı avtobusda insanlar oturub, belə deyək A və B avtobusları. Eyni şəkli ayrı -ayrılıqda hər iki avtobusda oturanlara bir -bir göstərilir. A adlı avtobusdakılara belə təqdim edilir: " Bu insan qatildir, yüzlərlə insan qanına bais olub, hamilə qadınları öldürüb, qocaları döyüb". Avtobusda mənfi abi - hava yarandı:

- Üzünə baxan kimi bilinir nə yuvanın quşudu.

- Görmürsən üzündən zəhrimar yağır.

- Əlimə keçə  düşünmədən boğazını üzərdim.

- Sir- sifətindən bilinir ki, pis adamdı.

İndi isə B adlı avtobus, burada şəkil belə təqdim edilir: " Bu insan qəhrəmandır, yüzlərlə insanı ölümdən qurtarmış, hamilə qadınları qorumuş, qocalara hörmət etmiş, çoxlu uşaq həyatını xilas etmişdir ".Buradakı insanlar:

- Üzündən nur yağır, o saat baxan kimi bildim ki, mələk kimi insandı.

- Allah qüdrətindən yaradıb elə bil, baxanda bilinir də.

- Hə, yaxşı insan olmağı üzündən tökülür, necə müsbət auralı adamdı.

- Mən insan sərrafıyam, 100 adamın içindən seçərdim bunu. Bilinir də.

Nəzərə alın ki, eyni şəkildi. Hər iş də belədi, hansı tərəfdən yanaşmaqdan çox şey asılıdı. Desən ki, " Alınan deyil, bu uşaq düzələn deyil", daha möhürü qoydunuz da , yox əksinə desəniz ki: " Bu uşaq ağıllıdı, indi səhv edib, biz böyüklər səhv etmirik ki? " , onda da nəticəsini görəcəksiniz.

Top