Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.
Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?
Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.
Uşaqlarda yastıpəncəliyin əmələ gəlməsinə aşağıdakı faktorlar təsir edir:
— İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır;
— Uşağa “düzgün” olmayan ayaqqabı geydirilməsi (altı düz, arxa tərəfi yumşaq, dabansız, cox dar və ya cox geniş);
— Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda);
— Raxit;
— Pəncə travmaları.
Tez-tez valideynlər yastıpəncəliyin müalicəsinə etinasız yanaşaraq onun uşağın sağlamlığına heç bir mənfi təsir etmədiyini düşünürlər. Bu çox təhlükəli səhvdir!Yastıpəncəlik zamanı pəncənin təbii amortizasiyası pozulur və gəzmə zamanı bud-çanaq oynağı, baldırlar böyük təzyiq altında qalır ki, bu da artrozlara (oynaqların patologiyaları) gətirib çıxara bilər.
Yastıpəncəli uşaqlar tez-tez baldır əzələlərində ağrılardan, ayaqlarda yorğunluqdan şikayət edir, gəzərkən xeyli narahatlıq hiss edirlər. Bundan başqa, yastıpəncəlik zamanı aşağı ətraflarda qan dövranının pozulması nəticəsində damarların varikoz genişlənməsi də baş verir.
Yastıpəncəlik zamanı onurğa sütunu daha çox təzyiqlərə məruz qalır ki, bu da gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, xəstəliyin profilaktikasını aparmaq, xəstəlik artıq mövcud olduqda isə onu müalicə etmək çox vacibdir.
Yastıpəncəliyin profilaktikası üçün uşağa həm evdə, həm də bayırda möhkəm, sərt ayaqqabı (həmçinin sərt dabanı olan) geyindirmək lazımdır. Ona evdə ayaqyalın, corabda gəzməyə, yumşaq ev şapşapları geyməyə icazə verməyin! Belə uşaqlar üçün ilıq sahil qumu və ya dəniz çınqılları üzərində yerimək, ayaqları növbələşdirməklə isti və soyuq su ilə yumaq, pəncənin ön tərəfi və ya daban üstündə, iç və ya bayır səthləri uzərində (“ayı kimi”) gəzmək, ayaqla yerdə top və ya qalın oxlovu diyirləmək, pəncəni yığıb-açmaq və s. bu kimi hərəkətlər etmək çox xeyirlidir.
Uşaqda yastıpəncəlik aşkar edilibsə, həkim-ortoped ona xüsusi ortopedik ayaqqabı geyinməsini məsləhət görə bilər. Bu ayaqqabılar təbii materialdan hazırlanmış, arxa tərəfi sərt, ayaqda yaxşı fiksə olunmuş, alçaqdabanlı olur. Bir çox hallarda isə həkimlər, sadəcə olaraq, arxa tərəfi sərt olan ayaqabı geyinməsini və onun içinə isə xüsusi supinator qoyulmasını məsləhət görürlər. Supinatorlar uşağın ayaq ölçüsünə uyğun xüsusi korsetlər, tibbi bandajlar, supinatorlar və s. bu kimi vasitələr istehsal edən şirkətlərdən alınır.
Yastıpəncəli uşaqların müalicəsində fizioterapiya, xüsusi müalicəvi idman, manual terapiya və masajdan da istifadə olunur.
Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlanmış olarsa, pəncə qövslərini böyütmək mümkün olur. Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur.
Valideynlər yadda saxlamalıdırlar ki, yastıpəncəlik ciddi xəstəlik olub vaxtında müalicə edilmədiyi hallarda, pəncə sümüklərinin güclü deformasiyası, onurğa sütununun müxtəlif əyrilikləri, artrozlar, aşağı ətraf venalarının varikoz genişlənməsinə və digər fəsadlara səbəb ola bilər.
Mənbə: saglamolun.az