Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən olur. Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən sınmışsa, buna sadə sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Bu, çox rahatdır. Lakin şina olmadıqda müxtəlif vasitələrdən - taxta parçası, karton hissəsi, metal lövhə və s. istifadə edilir. Bunların heç biri olmadıqda isə, sınıq ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər ətrafa bağlamaq lazımdır. Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə işlənir, steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs pozulmuşsa, süni tənəffüsdən istifadə edilir. Şok törənmişsə, ona qarşı tədbirlər görülür. Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət mərkəzində olmalıdır. Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür - tam və natamam (burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və sinirlər zədələnir.
Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin pozulması, ətrafların sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün pozulması müşahidə edilir, çanaq sümüklərinin sınığında sidik ifrazı və aşağı ətraflarda hərəkət pozulur.
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur. İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir. Sınıqlar zamanı yardımın düzgün göstərilməməsi xəstənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər, şok əmələ gələr, qapalı sınıq açıq sınığa çevrilər və s.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl sınığın növünü, dərəcəsini müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da steril sarğı qoyub, şina ilə bərkidilməlidir.
Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın müəyyən vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi, şina ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
Mənbə Tibbi biliklərin əsasları