Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmasına xüsusilə fikir verməlidir. Bel ağrısı olanlar ispanaq yeməlidirlər. Limon şirəsi işlətmək bel ağrısını sakitləşdirir. Bu baxımdan halva da faydalıdır. Boyun ağrısı zamanı boyunu aşağı, yuxarı, sağ və sol istiqamətlərində masaj etmək məsləhətdir. Ağrını sakitləşdirmək üçün təzə kəklikotu yarpaqlarını xırdalayıb, ağzı örtülü qabda su əlavə etmədən bişirir, sonra onu isti-isti parçaya büküb, boyunun ağrıyan nahiyəsinə qoyurlar. Onurğa sütununun sağlamlığını qorumaq üçün, yuxarıda qeyd edildiyi kimi oturarkən, yol gedərkən beli düz saxlamalı, yumşaq, çökək olmayan və münasib yataqda yatmaq, müntəzəm hərəkət etmək lazımdır. Onurğa ağrısı bir sıra hallarda, həzm orqanlarının işinin pozulması nəticəsində də baş verir. Belə hallarda, ilk növbədə bu orqanları müalicə etmək lazımdır.
Onurğa sütunu ağrıları olan adamlara limon işlətmək məsləhət görülür. Bel fəqərələrini limon şirəsi ilə masaj etmək də bu baxımdan faydalıdır. Bel və onurğada olan ağrılar bəzən də əsəbilik, əzələlərdə olan yorğunluq, gərginlik nəticəsində baş verir. Bu halda sarımsağı döyüb zeytun yağı ilə qarışdırır, sonra həmin yağla bel fəqərələrini masaj edirlər. Bu, yorğunluğu çıxarır və insana yeni qüvvə verir.
Keşniş dəmləməsi, təzə nanə əsəbi şəraitdən tərənən ağrılar üçün faydalıdır. Bu baxımdan 30-40q minaçiçəyinin 10 dəq ərzində 1L suda dəmləməsi və ya 15-30q çökə çiçəyinin 1L suda dəmləməsi yaxşı təsir edir. Bəzən bel və dizdə əsəblə əlaqədar olan ağrılar baş verir. Bu zaman qoz yarpağı və yetişməmiş qozun qərzəyini döyüb, təpitmə kimi ağrı olan nahiyələrə qoyur, yaxud da gündə 2-3 dəfə kələmin üz yarpağını bir az döyüb yumşaldır, sonra odda bişirib nazik yun parçaya bükür, ağrı olan yerə bağlıyırlar. Ümumiyyətlə, beldə, onurğa fəqərələrində və oynaqlarda olan ağrılar zamanı, ayı piyi ilə ağrıyan yerləri sürtmək və masaj etmək məsləhətdir.
Müəllif:Əhmədova Zeynəb