Plevrit xəstəliyinin müalicəsi və profilaktikası

Plevrit xəstəliyinin müalicəsi və profilaktikası

PlevritPlevrit xəstəliyi
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür.

Plevritin əmələgəlmə səbəbləri və mexanizmi
Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur.

İnfeksiya mənşəli plevritlərin səbəbləri:
– bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.);
– göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz);
– viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar;
– vərəm infeksiyası (pasiyentlərin 20%-də aşkar olunur);
– sifilis, səpmə və qarın yatalağı, brusellyoz, tülyaremiya;
– döş qəfəsi nahiyəsində cərrahi müdaxilələr və travmalar.

Göründüyünüz kimi səbəblər çoxdur. Elə buna görə də xəstəlik mövcud olduğu halda səbəbi araşdırılmalıdır. Səbəbini biləndən sonra xəstəyə effektli müalicə tətbiq etmək olar.

Qeyri-infeksiya mənşəli plevritlərin səbəbləri:
– plevranın bədxassəli şişləri (plevranın mezotelioması), ağciyər və süd vəzisinin xərçəngi zamanı plevraya yayılan metastazlar, limfomalar, yumurtalıqların şişləri və s. (plevritli pasiyentlərin 25%-də qeydə alınır);
– birləşdirici toxumanın diffuz zədələnmələri (sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, sklerodermiya, revmatizm, sistemli vaskulit və s.);
– ağciyər infarktı, miokard infarktı; – digər səbəblər (hemorragik diatezlər, leykozlar, pankreatit və s.).

Plevritin yaranma səbəbini dəqiqləşdirməkdə və diaqnozu qoymaqda çətinliyin olduğunu bir daha görürük. Ona görə də diaqnozun tam olaraq formalaşması üçün əlavə müayinələrdən keçmək tələb olunur.

Müxtəlif etiologiyalı plevritlərin əmələgəlmə mexanizminin özünəməxsus xüsusiyyətləri var. İnfeksiya mənşəli plevritlərin törədiciləri, müxtəlif yollarla daxil olaraq birbaşa plevra boşluğuna təsir edir. Kontaktlı, limfogen və ya hematogen infeksiya mənbələrindən ola bilər (abses, pnevmoniya, bronxoektatik xəstəlik, vərəm zamanı irinlənmiş kista və s). Mikroorqanizmlərin plevral boşluğa birbaşa düşməsi döş qəfəsinin bütövlüyü pozulanda baş verir (yaralanma, travmalar, cərrahi müdaxilələr zamanı ola bilir).

Plevrit xəstəliyi müalicəsi və profilaktikası
Plevritlər limfa və qan damarlarının keçiciliyi artdıqda da əmələ gələ bilər. Bu, sistemli vaskulitlər, kəskin pankreatit, limfa axarının pozulması, orqanizmin ümumi və yerli reaktivliyinin azalması zamanı baş verir.

Cüzi ekssudat yığılması yenidən plevra tərəfindən sorula bilər. Bu halda plevranın üzərində fibrin qatı qalır. Bu yolla quru (fibrinli) plevrit əmələ gəlir. Əgər plevra boşluğunda mayenin ifraz sürəti, onun sorulma sürətindən artıq olursa, o zaman ekssudativ plevrit əmələ gəlir. 

Plevritlərin kəskin mərhələsi plevra vərəqlərinin iltihablı ödemi və hüceyrə infiltrasiyasıyla, plevral boşluqda ekssudat yığılması ilə xarakterizə olunur. Ekssudatın mayeli hissəsi sorulanda plevranın üzərində nahamarlıqlar ( hissəvi və ya tam pnevmoskleroza səbəb olan fibrinli plevra çöküntüləri) əmələ gəlir – plevral boşluğun obliterasiyası.

Plevritlərin əlamətləri

Quru plevrit
Adətən ikincili proses yaxud digər xəstəliklərin fəsadı və ya sindromu olduğu üçün plevritin simptomları üstün olur və əsas patologiyanı örtür. Quru plevrit zamanı döş qəfəsində sancılı ağrılar olur və bu ağrılar öskürək, nəfəs alma və hərəkət etmə zamanı güclənir. Pasient məcburi olaraq ağrayan tərəfdə uzanır ki, həmin tərəfdə döş qəfəsinin hərəkətləri məhdudlaşsın. Tənəffüs səthi olur, xəstələr yavaşca nəfəs alırlar ki, ağrı olmasın, döş qəfəsinin xəstə tərəfində tənəffüs hərəkətləri zəif olur. Quru plevritin məxsusi simptomu – auskultasiya zamanı eşidilən plevranın sürtülmə küyü, fibrinli plevra çöküntüləri olan tərəfdə zəifləmiş tənəffüsdür. Bədən hərarəti bəzən subfebril rəqəmlərə qədər yüksəlir. Plevritin gedişatı titrəmə, gecə tərləməsi, zəifliklə müşayiət oluna bilər.
Diafraqmal quru plevritlərin spesifik klinikası olur: qabırğaaltı ağrılar, döş qəfəsi və qarın boşluğunda ağrılar, meteorizm, hıçqırıq, qarın presi əzələlərinin gərginliyi.
Fibrinli plevritin inkişafı əsas xəstəlikdən asılıdır. Bir sıra pasientlərdə quru plevritin təzahürləri 2-3 həftə sonra keçir, lakin residivlər ola bilər. Vərəm olduqda plevritin müddəti uzanır.

Ekssudativ plevrit
Plevral ekssudasiyanın başlanğıcı xəstə tərəfdə küt ağrılarla, reflektor olaraq əmələ gələn quru öskürəklə, döş qəfəsinin müvafiq yarısının tənəffüsdə zəif iştirak etməsi və plevranın sürtülmə küyləri ilə müşayiət olunur. Ekssudat yığıldıqca ağrı böyürdə ağırlıq hissi ilə, artan təngnəfəsliklə, orta sianozla, qabırğa arasının hamarlaşması ilə dəyişir. Ekssudativ plevrit üçün ümumi simptomatika xarakterdir: zəiflik, bədənin febril hərarəti (plevranın empieması zamanı – titrəmə olur), iştahasızlıq, tərləmə.

Paramediastinal plevrit zamanı disfagiya, səsin batması, üz və boyunun şişməsi müşahidə olunur. Xərçəngin bronxogen növündən əmələ gəlmiş plevrit zamanı bəzən qan hayqırma olur. Sistemli qırmızı qurd eşənəyi zamanı əmələ gələn plevritlər əksər hallarda perikardit, böyrək və oynaqların zədələnməsi ilə birgə olur. Metastatik plevritlər ekssudatın tədricən yığılması ilə xarakterizə olunur və az simptomlarla keçir.

Ekssudat çox olduqda divararası orqanlar əks tərəfə yönəlir, xarici tənəffüs və ürək-damar sisteminin fəaliyyəti pozulur (tənəffüs dərinliyi mühüm azalır, tənəffüs sürətlənir, kompensator taxikardiya inkişaf edir, AT aşağı düşür).

Plevritin fəsadları
Plevritin nə ilə nəticələnməsi əksərən onun etiologiyasından asılıdır. Plevrit uzun müddət davam etdikdə gələcəkdə plevra boşluğunda bitişmələr, pay arası və plevra boşluqlarının bitişməsi, kütləvi fibrin düyünlərinin əmələ gəlməsi, plevra vərəqlərinin qalınlaşması, plevroskleroz və tənəffüs çatışmazlığının inkişafı, diafraqma günbəzində hərəkətlərin məhdudlaşması əmələ gələ bilər.

Plevritin diaqnostikası
Xəstənin müayinəsi zamanı ekssudativ plevritin kliniki əlamətləri ilə yanaşı döş qəfəsinin assimetriyası, müvafiq yarısında qabırğaarasının qabağa çıxması, zədələnmiş tərəfin tənəffüs zamanı ləngiməsi aşkar olunur. Ekssudat olan hissə üzərində perkutor səs kütləşir, bronxofoniya və səs titrəməsi zəifləyir, tənəffüs zəif olur və ya heç eşidilmir. Mayenin yuxarı həddi perkutor olaraq, ağciyərlərin rentgenoqrafiyasında və ya plevra boşluğunun USM-də müəyyən olunur.

Plevral punksiya edildikdə plevritin səbəbindən asılı olan xarakter və həcmdə maye alınır. Plevral ekssudatın sitoloji və bakterioloji müayinəsi plevritin etiologiyasını aşkar etməyə imkan verir. Plevral mayenin sıxlığı 1018-1020 yüksək, hüceyrə elementləri müxtəlif, Rivolt reaksiyası müsbət olur.

Qanda EÇS-in yüksəlməsi, neytrofilli leykositoz, seromukoidlər, sial turşuları, fibrin miqdarının artması müəyyən olunur. Plevritin səbəbini dəqiqləşdirmək üçün plevranın biopsiyasıyla torakoskopiya aparılır.

Plevrit xəstəliyi müalicəsi və profilaktikası
Plevrit zamanı müalicə tədbirləri etioloji amilin aradan qaldırılmasına və simptomatikanın yüngülləşməsinə yönəldilir.

Pnevmoniyadan törənən plevritlər zamanı antibiotikoterapiya təyin olunur. Revmatik plevritlər qeyri-steroid iltihab əleyhinə preparatlarla, glükosteroidlərlə müalicə edilir. Vərəm plevritləri zamanı müalicə Ftiziatr tərəfindən aparılır və vərəm əleyhinə dərmanlar təyin olunur.

Simptomatik məqsədlə analgetiklər, sidikqovucular, ürək-damar preparatları, mayenin sorulmasından sonra – fizioterapiya və müalicəvi gimnastika təyin oluna bilər.

Ekssudativ plevrit zamanı maye çox olduqda, onu plevral punksiya (torakosentez) etməklə və ya drenaj qoymaqla xaric edirlər. Eyni zamanda ürək-damar sistemi tərəfindən fəsadlar olmasın deyə ən çox 1-1,5 l maye xaric etmək olar. İrinli plevritlər zamanı plevral boşluğun antiseptik məhlullarla yuyulması aparılır. Göstərişlərə əsasən plevradaxili antibiotiklər, fermentlər, hidrokortizon və s. yeridilir.

Plevrit xəstəliyi müalicəsi və profilaktikası
Residiv verən ekssudativ plevritlərin müalicəsi məqsədi ilə plevrodez edilir (plevra vərəqlərinin bir-birinə yapışması üçün plevra boşluğuna talk və ya kimyəvi preparatların daxil edilməsi).

Quru plevritin müalicəsi zamanı terapiyadan başqa pasientlərə istirahət rejimi təyin edilir. Ağır fiziki iş və gərginlik əks göstərişdir. Amma tam passiv də olmaq məsləhət görülmür. Mülayim fiziki aktivlik isə müsbət nəticə verir. Bəzi hallarda ağrı sindromunun yüngülləşməsi üçün xardal yaxmaları, bankalar, isidici kompreslər və döş qəfəsinin sıx bintlənməsi təyin olunur.

Öskürəyi aradan qaldırmaq məqsədi ilə quru öskürəyi yüngülləşdirmək üçün vasitələrdən istifadə olunur. Eyni zamanda orqanizmin özünübərpa prosesini gücləndirən dərman preparatları işlədilir.
Xroniki irinli plevritin müalicəsi üçün cərrahi müdaxilə – ağciyərin dekortikasiyasıyla plevrektomiya aparılır. Əgər plevra və ya ağciyərin zədələnməsi yaxud bədxassəli şişi cərrahi müalicəyə tabe deyilsə polliativ plevrektomiya edilir.

Plevrit xəstəliyi müalicəsi və profilaktikası
Az miqdarda ekssudat özbaşına sorula bilər. Adətən xəstəliyin aradan qaldırılmasından sonra ekssudativ mayenin tam sorulması prosesi 2-4 həftə ərzində baş verir.
Mayenin xaric edilməsindən sonra (infeksiyalı, həmçinin vərəm etiologiyalı plevritlər zamanı) plevra boşluğunda maye təkrar yığılarsa bu xəstəliyin davamlı ola biləcəyinə işarədir. Onkoloji səbəblərdən əmələ gələn plevritlər progressiv olur və pis nəticələnə bilir. İrinli plevrit də ağır keçir.
Plevrit keçirmiş pasientlər 2-3 il ərzində dispanser müşahidəsində olurlar. Peşə ilə bağlı zərərli amillərdən, soyuqdəymə və soyuqdan uzaqlaşmaq, vitaminli və çox kalorili qida məsləhət görülür.
Plevritlərin profilaktikasında onları törədən əsas xəstəliklərin müalicəsi və qarşısının alınması mühüm rol oynayır: kəskin pnevmoniya, vərəm, revmatizm. Həmçinin orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırmaq və immun sistemini gücləndirmək lazımdır.

Plevrit zamanı xəstə ilk növbədə Pulmonoloq və yaxud Terapevt həkimə müraciət etməlidir.

bizimtebib.az
Top