Öskürək — bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır.
Çox vaxt öskürək xəstə üçün xeyirli olur, çünki tənəffüs yollarından irinli bəlğəmi, mikroorqanizmləri, tozu xaric edir. Lakin əgər öskürək uzun müddət davam edərsə, uşağı xeyli narahat edir, onu yatmağa qoymur, yüngüllük gətirmir, belə öskürək uşağın bronxlarının təmizlənməsində nəinki xeyir vermir, əksinə, bronxlarda iltihab prosesin qalmasına və yayılmasına “kömək” edir.
Bəzən öskürək birbaşa tənəffüs sistemi xəstəlikləri ilə deyil, ürək-damar sistemi, sinir sistemi, həzm və s. sistemlərin xəstəlikləri ilə əlaqədar olaraq meydana çıxır.
Öskürək zamanı uşağın xaric etdiyi bəlğəmə fikir verin. Bəlğəmdə toxuma hissələri, gan görünərsə, bu çox ciddi və qorxulu bir vəziyyətdir və təcili olaraq həkim müdaxiləsi tələb edir.
Yadda saxlamaq lazımdır ki, öskürək öz-özlüyündə bir xəstəlik deyil, əsas xəstəliyin əlamətidir. Yalnız əsas xəstəlik müalicə olunduqdan sonra öskürək keçib gedir. Məhz bu səbəbdən həkimlə məsləhətləşməmiş və uşağı müvafiq müayinələrdən keçirməmiş ona heç bir öskürək əleyhinə dərmanlar verməyin. Bu, əsas xəstəliyin müalicə müddətinin uzanmasına və hətta uşağın vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Yalnız həkim diaqnoz qoyub öskürəyin əsl səbəbini müəyyən edərək lazım olan düzgün müalicə təyin edə bilər.
saglamolun.az