Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.
Bronxial astma xəstəliyi infeksion-allergik və qeyri infeksion-allergik olmaqla iki qrupa ayrılır.
Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri aşağıakılardır:
Kliniki əlamətlərin bu qədər aşkar şəkildə özünü büruzə verməsinə baxmayaraq əksər hallarda xəstəlik astmatik bronxit, obstruktiv bronxit kimi diaqnozlarla yanlış müalicə olunur. Bir çox hallarda isə xəstəliyə gecikmiş hallarda düzgün diaqnoz qoyulur.
Son illərdə bronxial astma xəstəliyinə baxış bucağı xeyli dəyişmiş və təkmilləşdirilmişdir. Bu isə tənəffüs yolları selikli qişasının allergik mənşəli iltihabı və bronxların hiperreaktivliyinin (yüksək həssaslığı) xəstəliyin inkişafında mühüm rol oynadığının elmi əsaslara sübuta yetirilməsindən sonra baş vermişdir. Müasir baxışlara görə bronxial astma xəstəliyinin müalicəsi iki əsas komponentdən ibarətdir: bazis (planlı) iltihabəleyhi müalicə və astmatik tutmalar zamanı təcili yardım. Buna görə də istifadə olunan dərman preparatları da 2 qrupa bölünür: tutmalar zamanı simptomları tez bir zamanda aradan qaldırmaq üçün isitfadə olunan preparatlar və xəstəliyə nəzarət etmək üçün planlı bazis terapiya.
Əksər dərman preparatları inhalyator şəklində istifadə edilir. Bu forma ən effektli və təhlükəsiz hesab edilir. Dərman preparatı bronxlara yerli olaraq birbaşa təsir edir. Dərmanın təsir effekti daha tez müşahidə olunur, tənəffüs yollarında maksimum konsentrasiya əldə edilir. Dərman yerli tətbiq olunduğuna görə digər orqan və sistemlərə əlavə təsiri minimuma endirilir.
Ən effektli preparatlar qısa müddətli təsirə malik bronxgenəldici beta adrenomimetiklər (salbutamol, berotek və s.) hesab edilir. Bu preparatlar tez bir zamanda daralmış bronx mənfəzini genişləndirə bilmək xüsusiyyətinə malikdirlər. Eyni zamanda göstərilən preparatların uznmüddətli müalicə zamanı istifadə edilməsi məsləhət görülmür. Onlar kifayət qədər qısamüddətli təsirə malikdirlər.
Təcili yardım məqsədilə teofillin, eufillin də istifadə olunur.Lakin inhalyasion preparatlarla müqayisədə onlar daha az effektlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliyin müalicəsi zamanı iltihabəleyhi preparatlardan mütləq istifadə olunmalıdır.
Bazis terapiya preparatları
Bazis terapiyanın əsas preparatları inhaliyasion kortikosteroidlər hesab edilir. Bronxial astmanın uzunmüddətli müalicəsi zamanı inhaliyasion kortikosteroidlər ən effektli dərman preparatları hesab edilir. Bu preparatların uzun müddət istifadəsi tutmaların baş vermə tezliyini və ağırlıq dərəcəsini getdikcə azaldır.Bu preparatlar yerli təsir edərək bronxolitik və iltihabəleyhi effekt yaradır. Yerli təsir göstərdiklərinə görə sistem təsirləri minimum səviyyədədir.
Tərkibində kortikosteroid və beta adrenomimetik olan kombinəedilmiş inhaliyasion preparatlar pasiyentlər üçün daha əlverişli hesab edilir. Sübut edilmişdir ki, bu preparatların təsir gücü kortikosteroidlərin ikiqat təsirinə bərabərdir.