Vərəmli xəstələrin qeydiyyatı

Vərəmli xəstələrin qeydiyyatı

Dispanserə ilk qəbula aşağıdakı şəxslər göndərilir:
1) Vərəmli xəstələr və vərəmə şübhə doğuran şəxslər. Onları vərəm dispanserlərinə, ümumi poliklinika və xəstəxanalar tibb-sanitar hissələri və həkim məntəqələri, tədris müəssisələri, uşaq bağçaları, hərbi komissarlıqlar göndərir;
2) əhalinin profilaktika yoxlamalarının (flüoroqrafiya) aşkar edilmiş xəstələr:
3) vərəmli xəstələrlə təmasda olan şəxslər; onları vərəm dispanserinə tibb bacıları dəvət edirlər.
Xəstələri aşkara çıxarmaq üçün dispanserin səmərəli işləməsində xəstələrin dispanserə gətirdikləri sənədlərin düzgün doldurulmasının böyük əhəmiyyəti vardır. Poliklinikalar xəstəni dispanserə göndərənə qədər rentgenoloji və laboratoriya müayinəsi (döş qəfəsinin rentgenoskopiyası, bəlğəmin, qanın və sidiyin analizi) aparmalıdırlar. Bundan başqa, poliklinikanın pediatr uşaqları və yeni-yetmələri dispanserə göndərəndə, bioloji sınaqların nəticələrini, vaksinasiya və revaksinasiya barədə məlumat da yazır. Xəstənin dispanserə hansı məqsədlə göndərildiyini göstərmək olduqca vacibdir.
Xəstə poliklinikadan və ya başqa müalicə müəssisəsindən (yaxud məktəbin həkimindən və ya hərbi komissarlıqdan) aldığı göndəriş kağızı ilə dispanserin qeydiyyat otağına müraciət edir, burada onun üçün ambulatoriya vərəqi açırlar: sahənin tibb bacısı həkim xəstəyə baxana qədər onun temperaturunu, boyunu ölçür və tərəzidə çəkir.
Temperaturu yüksək olan, qan hayxıran, ağrılardan və ya təngnəfəslikdən şikayətlənən, özünü çox pis hiss edən, habelə əlində xəstəlik vərəqi olan xəstələri növbədənkənar qəbul edirlər.
Dispanser həkimi xəstəni birinci dəfə müayinə etdikdən sonra lazım olan analizləri təyin edir (rentgenoskopiya, rentgenoqrafiya, laboratoriya analizləri, tuberkulin sınaqları və s.). Yardımçı kabinetlərin işi elə təşkil edilməlidir ki, xəstənin müayinəsi 2-3 gün dən çox çəkməsin. İlk dəfə dispanserə göndərilən xəstədə vərəm tapılırsa, ona dispanserdə xəstəlik tarixi doldururlar; bundan sonra onu müalicə etmək və müşahidəyə almaq üçün dispanserin qeydiyyatına götürürlər. Sahənin tibb bacısı xəstənin qəbul edilməsində həkimə hər cür kömək edir: rentgenoloji və laboratoriya müayinələrinin, bioloji sınaqların nəticələrini gətirir, xəstəlik tarixini hazırlayır (xəstələrin yaşayış yerinə görə).
Təzə aşkar edilmiş hər xəstə barədə poliklinikaya müvafiq məlumatlar (zərfin içində) göndərirlər. Eyni zamanda tibb bacısı vərəm tapılmış yeni xəstə barədə rayonun sanitar-epidemioloji stansiyasına xəbər verir. Sahə tibb bacısı hər xəstə üçün vərəq açır. Sahədəki bütün xəstələr barədəki məlumatları kartotekaya yazırlar. Tibb bacısı xəstənin müalicəsi ilə əlaqədar məlumatları (dispanserə gəlməsini, hansı dərmanları və proseduraları qəbul etməsini, stasionara və ya sanatoriyaya göndərilməsini və s.) kartotekaya yazır.
Dispanserdə preparatların dəqiq qeydiyyatını aparmaq lazımdır. Bunların miqdarı xəstəlik tarixində qeyd edilir; həmçinin xəstəyə həmin dərmanın düşüb-düşməməsini, dərmanın təsir edib-etməməsini də xəstəlik tarixinə yazmaq lazımdır. Bəzi dispanserlərdə ayrıca prosedura vərəqələri olur; tibb bacısı bunlara da daim diqqət yetirməlidir. Sahə ftizatrının qeydiyyatında olan bütün şəxslər qəbul olunmuş qruplaşmaya əsasən yeddi qrupa bölünürlər.
Birinci qrupa vərəmin açıq forması olan (fibrozlu-kavernalı vərəm, yayılmış vərəm, şiddətlənən dövrdə infiltrativ vərəm) xəstələr aiddir. Prosesin təzə başlanmasının xüsusi əhəmiyyəti vardır; təzə aşkar edilmiş vərəmli xəstələr də birinci qrupa aiddir. Bu qrupa aid edilən xəstələr müntəzəm müalicə almalıdırlar, vərəm stasionarına və sanatoriyasına birinci növbədə onları göndərirlər. Birinci qrupa aid olan xəstə hər hansı səbəbdən evdə müalicə olunursa o, daim sahənin ftiziatrının, vərəm dispanserinin sahəyə təhkim edilmiş tibb bacısının daimi müşahidəsi altında olur.
İkinci qrup. Proses sakitləşəndən və geri çəkilməyə başladıqdan sonra xəstəni ikinci qrupa keçirirlər. Lakin bu xəstələri də müntəzəm müşahidə etmək lazımdır. Onlar kimyəvi dərmanlarla ambulatoriyada müalicə olunurlar. Belə xəstələr 3 ayda azı bir dəfə dispanserə getməlidirlər. Bu cur xəstələri gecə sanatoriyalarına və ya sanatoriya-kurort müəssisələrinə göndərirlər.
Üçüncü qrup. Proses sağalıbsa, yaxud tamam sakitləşibsə xəstəni üçüncü qrupa keçirirlər. Üçüncü qrupa keçirməmişdən əvvəl xəstə mükəmməl müayinə olunmalıdır (rentgenoqrafiya, tomoqrafiya, bəlğəmin əkilməsi və s.). Üçüncü - kontrol qrupa vərəmin qeyri-fəal forması olan, praktiki cəhətdən sağlam, sağalmış şəxslər daxildir. Belə adamların dispanser müşahidəsindən məqsəd prosesin axıra qədər sağalıb-sağalmadığını yoxlamaqdır, çünki xəstəliyin təzədən fəallaşmayacağına və kəskinləşməyəcəyinə təminat yoxdur.
Dördüncü qrup ailədə basilgəzdirən xəstə ilə təmasda olan sağlam adamlardan ibarətdir. Həmçinin evdə xəstə ilə təmasda olmuş uşaqlar da qeydiyyata alınmalıdırlar. Sahənin tibb bacısı xəstə ilə təmasda olan adamların, xüsusən uşaqların müntəzəm dispanserə getmələrinə çox təkid etməlidir. Xəstə ilə təmasda olanların siyahısını poliklinikanın və məktəbin həkimi bilməlidir. Xəstə ilə təmasda olan böyüklər ildə azı 2 dəfə, uşaqlar - azı 4 dəfə dispanserə getməlidirlər.
Beşinci qrupa ağ ciyərdən kənar vərəmin (dəri, oynaq, göz, sidik-cinsiyyət üzvlərinin vərəmi) olan xəstələr aiddir: onlar nəinki müvafiq ixtisas həkiminin qeydiyyatında, həm də sahə ftiziatrının qeydiyyatında olmalıdırlar. Sahə ftiziatrının qeydiyyatında məqsəd xəstədə ağciyər vərəmini vaxtında aşkara çıxarmaqdır. Ağciyərdən kənar əsas prosesin fəallıq dərəcəsindən asılı olaraq həmin qrupun xəstələri iki yarımqrupa bölünürlər: 5 a - fəal vərəm və 5 b qeyri-fəal vərəm.
Sıfır qrupu - diferensial-diaqnostika qrupudur. Tənəffüs üzvlərinin naməlum etiologiyalı xəstəlikləri olan şəxslər 6-8 ay vərəm dispanserinin qeydiyyatında olmalıdırlar ki, fəal vərəm prosesinin olmamasına qəti arxayınçılıq olsun. Bu qrupda olan uşaqlarda allergiyanın xarakterini aydınlaşdırmaq lazımdır (allergiya vaksindən sonrakı baş verib, yoxsa infeksion mənşəlidir).
Altıncı qrup - vərəm yoluxmuş uşaq və yeniyetmələr; bunları iki yarımqrupa bölürlər: 1) intoksikasiya əlamətləri olmadan tuberkulinə həssaslığın mənfi və b) tuberkulinə qarşı reaksiyanın müsbət olması (qızartı).
Yeddinci qrup iki yarımqrupa bölünür: a) üçüncü qrupa keçirilmiş vərəmli xəstələr, lakin onların ağciyərlərində vərəmin qalıqları çoxdur və gələcəkdə residiv verə bilər; b) ilk dəfə dispanserin qeydiyyatına alınan şəxslər; bunların orqanizmində böyük dəyişikliklər olur (serozlar, pnevmosklerozlar, çoxlu kalsium duzları). Belə adamlar ömürlük dispanserin qeydiyyatına alınırlar və ildə bir dəfə dispanserdə müayinədən keçirlər.

Top