Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur.
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvəsinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainat və ya kosmos sonsuz sayda qalaktikalardan təşkil olunmuşdur. Hər bir qalaktikada milyardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-birindən fərqlənir.
Qədim zamanlardan ulduzlar bürclər şəklində də qruplaşdırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən Qütb ulduzudur (Polaris). Yerdən Qütb ulduzuna qədər olan məsafə 45 işıq ilidir. Günəş və planetlər illik hərəkət yolunda 12 bürcdən keçirlər
Planetlərin Günəş ətrafında hərəkət yolu orbit xətti adlanır. Onların orbit xətləri ellips şəklindədir. Günəş sistemi də müəyyən orbit üzrə Süd Yolu qalaktikasında hərəkət edir.
Günəşin güclü cazibə qüvvəsinin təsiri nəticəsində 8 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteorit onun ətrafında dövrə vurur.
Bu, maraqlıdır. İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq ili bir ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır.