Binoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi? Bunlar Aydakı dağlardır.
Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley. O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxarırdı.
O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması, Günəşin, planet və ulduzların onun ətrafında fırlanması barədə kilsə təliminə inanırdılar. Kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı.
Qalileo Qaliley 1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub. O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır.
Qaliley 18 yaşında ilk kəşfini edir. Kilsədə çilçıraqların yırğalanmasını müşahidə edən gənc Qaliley görür ki, çilçırağın yırğalanma müddəti rəqsin amplitudasından asılı deyildir. O dövrdə adi saatlar yox idi. Qaliley müşahidə etdiklərini yoxlamaq üçün nəbzindən istifadə edir və düzgün nəticə çıxarır. Sonralar bu kəşf əsasında kəfkirli saat ixtira olunur.
Qalileyə qədər hesab olunurdu ki, ağır və yüngül əşyalar eyni sürətlə düşmür. O, bu faktı eksperiment yolu ilə yoxlamaq qərarına gəlir. Maili olan Piza qülləsindən eyni ölçüdə taxta və çuqun kürələr atan alim kürələrin təqribən eyni vaxtda düşdüyünü müşahidə edir, onların sürətindəki cüzi fərqi isə çox doğru olaraq havanın müqaviməti ilə izah edir. Q.Qaliley həmin təcrübəni dəfələrlə təkrar edərək sübuta yetirir ki, cismin düşmə sürəti əvvəllər hesab olunduğu kimi onun kütləsindən asılı deyildir.
Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşidən Qaliley düşünür: “Belə borunu gecə səmaya yönəltmək olarmı?” İlk teleskopu Qaliley özü düzəldir. Bu teleskop çox zəif idi: yaxşı binokldan da az — cəmi üç dəfə böyüdürdü. Çox keçmədən Qalileyin müşahidə borusu artıq 32 dəfə böyüdür və hər aydın gecə səmaya tuşlanırdı. Qaliley Ayda dağları, Günəşdə ləkələri görür! Ləkələr günəş diski üzərində hərəkət edir. Deməli, Yer kürəsi və planetlər kimi Günəş də öz oxu ətrafında fırlanır. Qaliley Yupiterin dörd peykini kəşf edir, Veneranın fazalarını müşahidə edir. Alim aşkar edir ki, Süd yolu çoxsaylı ulduzlar topasıdır.
Qaliley “Ulduzlar haqqında xəbərlər” kitabında müasirlərinə qeyri-adi kəşfləri barədə məlumat verir. Lakin kilsə də sayıqlığını itirmir. Alimi kilsə məhkəməsinə — qorxunc inkvizisiyaya çağırırlar. Qalileyi həbsə atırlar. Alimi işgəncə və tonqalda yandırmaq ilə təhdid edən inkvizitorlar onu Kopernikin təlimindən imtina etməyə məcbur edirlər. Böyük fizik və astronom, rəssam və yazıçı doqquz il ev dustağı olsa da, elmdən uzaqlaşmır, hətta kor vəziyyətdə də yeni kitablar diqtə edir.
1642-ci il yanvarın 8-də 78 yaşında vəfat edən Qaliley Florensiyada Santa-Kroçe kapellasında dəfn olunub. 1992-ci ildə katolik kilsəsi etiraf etdi ki, alimi səhvən mühakimə edib.
Əfsanəyə görə, məhkəmə salonundan çıxan Qaliley deyib: “Hər halda o, fırlanır”. Bu, əfsanədir, lakin Kainatın quruluşu barədə XVI-XVII əsrlərdə yaranan elmi təsəvvürün mahiyyətini bu sözlərlə qısa ifadə etmək olar.
azertag.az