Yerin iqlim qurşaqları. Göy sferinin əsas elementləri

Yerin iqlim qurşaqları. Göy sferinin əsas elementləri

Yerin iqlim qurşaqları

Yerin şəkil müstəvisinə proyeksiyasına baxaq (şəkil 1.3).
Coğrafi enliyi φ=±66°33’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (a’a) və cənub (d’d) qütb dairələri deyilir.
Coğrafi enliyi φ=±23°26’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (b’b) və cənub (c’c) tropikləri deyilir.
Şimal (b’b) və cənub (c’c) tropikləri arasındakı qurşağa isti və ya tropik qurşaq deyilir. Şimal qütb dairəsi (a’a) ilə şimal tropiki (b’b) arasındakı qurşağa şimal mülayim qurşaq, cənub qütb dairəsi (d’d) ilə cənub tropiki (c’c) arasındakı qurşağa isə cənub mülayim qurşaq deyilir.Şimal qütb dairəsindən (a’a) Yerin şimal qütbünə (pN) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən (d’d) Yerin cənub qütbünə (ps ) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.

Göy sferinin əsas elementləri

Əgər ulduz göyünə nəzər salsaq, bizə elə gələr ki, başımızın üstündə böyük bir qübbə və ya yarımsfer var və bütün ulduzlar, Günəş, A y, planetlər və s. bu yarımsferin səthində yerləşmişlər. Özüdə Yer səthinin istənilən nöqtəsində olan müşahidəçiyə elə gəlir ki, o, bu sferin mərkəzində yerləşmişdir.
Mərkəzi müşahidəçinin gözündə yerləşən ixtiyari radiuslu sferə göy sferi deyilir.
Göy sferi xəyali bir ox ətrafında fırlanır və gündə bir dövr edir. Ona görə bu fırlanma göy sferinin günlük fırlanması adlanır. Göy sferinin xəyali PP’ fırlanma oxuna dünya oxu deyilir (şəkil 1.4).
Əvvəlcədən qeyd edək ki, göy sferinin günlük fırlanması həqiqi olmayıb, zahiri və ya görünən hərəkətdir. Əslində Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır, Yer səthindəki müşahidəçiyə isə elə gəlir ki, göy sferi bütün göy cisimləri ilə birlikdə onun əksi istiqamətində şərqdən qərbə doğru fırlanır.
Dünya oxu iki nöqtədə göy sferi ilə kəsişir. Bu kəsişmə nöqtələri dünyanın qütbləri adlanır. Şərti olaraq dünyanın şimal qütbü o qütb götürülür ki, xəyalən kənardan ona baxdıqda göy sferinin fırlanması saat əqrəbi istiqamətində olsun. Şəkil 1.4-də P- dünyanın şimal qütbü, P’ - dünyanın cənub qütbüdur.
Göy sferində istiqamətlər Yerdəki istiqamətlərlə təyin olunduğundan dünya oxu Yerin fırlanma oxuna paralel olacaqdır.
Əgər Yerin ölçülərini nəzərə almasaq, dünya oxu Yerin fırlanma oxu ilə üst-üstə düşər, dünyanın şimal və cənub qütbləri uyğun olaraq Yerin şimal və cənub qütbləri istiqamətində olar.
Müstəvisi PP’ dünya oxuna perpendikulyar olan Q’WQEQ’ böyük göy dairəsinə göy ekvatoru deyilir.
Aydındır ki, göy ekvatoru müstəvisi göy sferinin mərkəzindən keçir və Yerin ekvator müstəvisinə paralel olur.
Göy ekvatoru göy sferini (və ya dünyanı) iki yarımsferə şimal qütbü yerləşən şimal yarımsferinə və cənub qütbü yerləşən cənub yarımsferinə ayırır.
Göy sferinin günlük fırlanması nəticəsində göy cisimləri gün ərzində müstəvisi ekvator müstəvisinə paralel olan kiçik göy dairələri cızır. Bu dairələrə günlük paralellər deyilir.
Göy sferində əsas istiqamət olaraq ZZ’ şaquli xəttin istiqaməti (ağırlıq qüvvəsinin istiqaməti) götürülür. Şaquli xətt göy sferini iki nöqtədə - başımızın üstündə (Z) və ona diametral əks nöqtədə (Z’) kəsir. Bu kəsişmə nöqtələri uyğun olaraq zenit Z və nadir Z’ adlanır.
Müstəvisi ZZ’ şaquli xəttə perpendikulyar olan NESWN bö yük göy dairəsinə riyazi və ya həqiqi üfüq deyilir.
Riyazi üfüq göy sferini iki yarımsferə bölür: təpəsində zenit olan görünən yarımsferə və təpəsində nadir olan görünməyən yarımsferə.
Göy ekvatoru ilə riyazi üfüq iki nöqtədə kəsişir. Bu kəsişmə nöqtələri şərq E və qərb W nöqtələri adlanır.
Dünyanın qütblərindən, zenitdən və nadirdən keçən PZQSP’Z’Q’NP bö yük göy dairəsinə göy meridianı deyilir.
Aydındır ki, göy meridianının müstəvisi dünya oxundan və şaquli xətdən keçir.
Göy meridianı göy sferini iki yarımsferə ayırır: şərq nöqtəsi yerləşən şərq yarımsferinə və qərb nöqtəsi yerləşən qərb yarımsferinə.
Göy meridianı iki nöqtədə göy ekvatoru ilə kəsişir. Onlardan zenitə yaxın olan Q nöqtəsi ekvatorun yuxarı nöqtəsi, nadirə yaxın olan Q’ nöqtəsi isə ekvatorun aşağı nöqtəsi adlanır.
Göy meridianı iki nöqtədə riyazi üfüqlə kəsişir. Bu kəsişmə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olanı şimal N nöqtəsi, dünyanın cənub qütbünə yaxın olanı isə cənub S nöqtəsi adlanır. Göy meridianı müstəvisinin riyazi üfüq müstəvisi ilə kəsişmə xətti NS günorta xətti adlanır.
Göy sferində ixtiyari M göy cismi götürək. Zenitdən, nadirdən və M göy cismindən keçən ZMZ’ bö yük göy yarımdairəsinə şaquli dairə və ya hündürlük dairəsi deyilir.
Bəzən şaquli dairə sadəcə şaqul adlanır. Şərq E və qərb W nöqtələrindən keçən şaquli dairə yə birinci şaquli dairə və ya sadəcə birinci şaqul deyilir.
Dünyanın P və P’ qütblərindən və M göy cismindən keçən PMP’ bö yük göy yarımdairəsinə meyl dairəsi və ya saat dairəsi deyilir.

Top