Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.
Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.
Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.
Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.
Uşaq doğulduğu gündən etibarən 2 saatdan az olmayaraq (buna uşağı tədricən öyrəşdirmək lazımdır) açıq havada olmalıdır. Bunun üçün «qırxın çıxmasını» gözləməyin! Gəzintiləri yalnız hava çox şaxtalı və küləkli olduqda təxirə salmaq olar.
Daha bir faydalı məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Bir yaşına qədər olan uşaqla (və ya uşaq gəzə bilmədiyi vaxta qədər) gəzintiyə çıxmağa hazırlaşarkən, uşağı həddindən artıq isti geyindirməmək üçün, çox sadə bir qaydaya əməl edin: uşağa geyindirdiyiniz paltar qatlarının sayı, sizin özünüzün geyindiyinizdən 1 qat artıq olmalıdır.
Uşağınız gəzməyə, daha sonra isə qaçmağa başladıqda, onun hərəkətliliyini də nəzərə almaq lazımdır. Bir yerdə qərar tutmayan uşağın “soyuqdan donması” böyüklərə nisbətən daha az ehimal olunur. Ona görə də uşağın paltarlarının qatının sayı sizdə olduğu kimi olmalıdır, artıq yox! Uşağın tərləməməsi üçün onun geyidiyi paltarlar təbii materiallardan olmalıdır. Yadda saxlamaq lazımdır ki, tərləmiş uşağın xəstələnmək ehtimalı çox yüksək olur.
Əksər hallarda biz uşağa ayaqyalın gəzməyi icazə vermirik. Bu zaman biz dərindən düşünməyərək, onu bu yolla bədənini möhkəmləndirməyin vacib üsullarından birindən məhrum etdiyimizi bilmirik. Həkimlər tez-tez ayaqyalın gəzən uşaqların immunitetinin xeyli dərəcədə yüksək olmasını qeyd edirlər. İnsanların pəncələrinin altında xeyli sayda bioloji aktiv nöqtələr mövcuddur ki, onların mexaniki və fiziki şəkildə stimulyasiyası orqanizmin immunitetini də yüksəldir. Ancaq bu zaman onu da nəzərə almaq lazımdır ki, uşağı ayağyalın gəzməyə (qışda isə nazik corablarda) alışdırmaq üçün bunu o gəzməyə başladığı ilk günlərdən, həm də sistematik şəkildə etmək lazımdır. Dəniz qumu və dəniz çınqılı üzərində ayağyalın gəzmək olduqca xeyirlidir. İmmunitetin möhkəmləndirilməsindən əlavə bu həm də yastipəncəliyin ən yaxşı profilaktik və hətta müalicə üsuludur.
İlin soyuq fəsillərində evdə xüsusi «trenajor» düzəltmək olar — vannaya qum və xırda çınqıl tökün və uşağı bu qumda gün ərzində bir neçə dəfə ayaqyalın «gəzdirin».
İmmunitetin mökəmləndirilməsi üçün digər yaxşı “trenajor” — xüsusi massaj xalçasının üzərində gəzməkdir.
saglamolun.az