Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, XXI əsr allergiyanın artması ilə müşayiət olunaraq, onun ən çox yayılmış xəstəliklər arasında ilk yeri tutması ilə nəticələnəcəkdir.
“Allergiya” terminini Avstriyalı həkim Klemens Pirke irəli sürmüşdür. Sonralar allergiyanı törədə bilən antigeni isə «allergen» adlandırmağa başladılar. Allergen rolunu nəinki mikrob və ya yad bir zülal, hətta, sadəcə olaraq orqanizm üçün yad olan istənilən bir molekul da oynaya bilər.
Allergen rolunu müxtəlif qida maddələri (çiyələk, yumurta, şokolad, balıq və s.), kosmetik vasitələr, məişət tozu, çiçəklərin tozcuğu, parfümeriya, kimyəvi boyalar, dərmanlar və digər adi maddələr də oynaya bilər. Əlbətdə ki, sadalan bu maddələr heç də insanların hamısında allergik reaksiyaya səbəb olmurlar.
Allergiyadan əziyyət çəkən şəxslərin immun sistemi, orqanizm üçün əksər hallarda zərərsiz olan müəyyən yad maddələrə qarşı qeyri-adekvat şəkildə — hiperreaksiya verir ki, bu da "allergik reaksiya" adlanır. Allergik reaksiyalar özlərini müxtəlif şəkildə – adi zökəm, asqırmaq, səpkilər, gözlərdə yanma hissiyyatından başlayaraq, bəzi hallarda hətta insanın ölümünə də səbəb ola bilən, ən agır allergik reaksiya olan anafilaktik şok şəklində də göstərə bilərlər.
İmmun sistemi belə bir «qərara» gəlir ki, insan üçün ən qorxulu «zəhər» tozağacı çiçəklərinin tozlarıdır və yazda bu ağac çiçəklənməyə başlayanda orqanizmi ondan aktiv şəkildə “qorumağa” başlayır. Bu mübarizənin xarici təzahürləri isə gözlərin yaşarması, asqırmaq, burun tənəffüsünün çətinləşməsi, burundan aktiv şəkildə seliyin xaric olunması kimi əlamətlər olur.
Kəskin allegik reaksiyalar zamanı (məsələn, dərmanın inyeksiya — iynə şəklində orqanizmə daxil edilməsi) damarlar, eritrositlər, ürəyin miokard qişası, tənəffüs və sinir hüceyrələri zədələnə bilər. Bunun nəticəsində, bəzi hallarda allergik reaksiya başlandıqdan sonra insan yaxın bir neçə dəqiqə və ya saat ərzində həyatını da itirə bilər.
Allergik reaksiyanın meydana çıxmasında bütün immun sistemi iştirak edir. Ancaq bu reaksiya zamanı əsas fəaliyyət ünsürləri — immunoqlobulin E, eozinofillər, tərkibində histamin maddəsi olan «tosqun» adlanan hüceyrələr olur. Antigen tərəfindən qıcıqlandırılan tosqun hüceyrələr histamin maddəsini xaricə buraxır ki, bu maddə də damar və toxumalarda patoloji dəyişikliklərin baş verməsinə səbəb olur. Antihistamin maddələr (dimedrol, suprastin, taveqil və s.) məhz tosqun hüceyrələr tərəfindən xaric olunan histaminin təsirini neytrallaşdırmaq üçün hazırlanmışlar.
İmmunitet əla yaddaşa malikdir. Yad maddə (antigen) ilə olan ilk təmas zamanı immun sistemi onu «yadda saxlamaq» və «tanımaq» xüsusiyyətini əldə edir. Sonrakı etapda immun sistemi antigenləri neytrallaşdırmaq üçün xüsusi anticisimlər hazırlamaqla cavab verməyə başlayır. Əgər həmin antigen yenidən orqanizmə daxil olursa, immun sistemi onu tanıyraq ilk etapda hazırladığı spesifik anticisimlərlə ona hücum edir. Buna görə də, məsələn, hər hansı bitki çiçəklərinin tozcuqlarına qarşı allergiyası olan insanda, immun sisteminin yad antigen kimi yadda saxladığı həmin tozcuqlarla hər bir növbəti təması zamanı xəstəliyin kəskinləşməsi baş verir.
Allergiya müalicə olunmadığı təqdirdə, bir müddət sonra allergik xəstəlik inkişaf edə bilər. Bronxial astma, allergik rinit, dərman və qida allergiyaları allergik xəstəliklərinə aiddirlər.
Hazırki elmi biliklərə əsasən, sonradan allergik xəstəliyin inkişafına səbəb ola biləcək allergiyanın aşağıdakı əsas səbəbləri qeyd edlir:
— İrsi meyillilik. Elmi cəhətdən sübut edilmişdir ki, allergiyaya meyillilik, valideynlərdən onların uşaqlarına da verilə bilər. Əgər valideynlərin hər ikisində allergiya olarsa, onların övladlarında allergiyanın inkişaf etməsi ehtimalı 80%-ə çatır.
- Tez-tez baş verən (xüsusən də uşaq yaşlarında) infeksion xəstəliklər gələcəkdə allergiyanın inkişaf etməsi üçün zəmin (şərait) yaradır.
- Məişət şəraitinin həddindən artıq dərəcədə steril olması. Çox qəribə də olsa, insanların həddindən artıq dərəcədə steril mühitdə yaşaması, infeksion törədicilərlə nadir hallarda təmasda olması, immun reaksiyaların allergiyaya tərəf meyillənməsinə şərait yaradır. Məhz buna görə allergiyalar kənd yerlərində yaşayanlara nisbətən şəhərdə yaşayan sakinlər arasında daha tez-tez təsadüf olunur. Allergiyanın sosial səviyyəsi yüksək olan əhali arasında daha geniş şəkildə yayılması da məhz bununla izah olunur.
- Ekoloji faktorlar. Müasir sivilizasiyanın “inkişafı” ona gətirib çıxarmışdır ki, insan doğulan gündən müxtəlif çoxsaylı kimyəvi maddələrlə təmasda olmağa başlayır. Belə ki, qəbul etdiyimiz qidaların tərkibində bioloji aktiv maddələr, antibiotiklər, hormonlar və s. kimyəvi maddələr vardır. İnsana həmçinin daim elektromaqnit şüaları da təsir edir. Belə təsir isə əlbətdə ki, izsiz keçib getmir. Allergik pozulmaların artması da bunu bir daha təsdiq edir.
- Daxili orqanların xəstəlikləri. Bəzi hallarda, daxili orqanların (məsələn, mədə-bağırsaq traktı, qara ciyər, endokrin, sinir sistemləri və s.) fəliyyətində olan pozulmalar da allergiyanın inkişaf etməsinə təkan verir.
- Sress – allergiyanın inkişaf etməsində əsas faktorlardan biridir. İstənilən stressdən sonra immun sisteminin fəaliyyəti «səhv» istiqamətdə gedə bilər. Və bunlar heç də boş sözlər deyil. Amerika psixoloqları sübut edirlər ki, əgər hamiləlik dövründə ana daim qorxu, həyəcan, emosional gərginlik vəziyyətində olarsa, bu halda 80% dəqiqliklə demək olar ki, gələcəkdə doğulacaq uşaq allergiyalı olacaq. Böyük yaşlarda isə allergiya bir çox hallarda xroniki stressə cavab olaraq yaranır.
- Allergiyaların sayının artmasının səbəblərindən biri kimi – orqanizmə lazım olan xeyirli qida maddələrinin kifayət qədər daxil olmaması fikridir. Bizim orqanizmimiz çox böyük bir «biokimyəvi laboratoriyadır» ki, bu da hər dəqiqə ərzində orqanizmə ən müxtəlif qida maddələrinin daxil olmasını tələb edir. Bu qida maddələrindən təkcə birinin uzun müddət ərzində çatışmaması da allergik reaksiyanın inkişaf etməsinə səbəb ola bilər. Xüsusən də bu, vitaminlərə və mikroelementlərə aiddir.
Bunlar ancaq allergiyanın səbəblərinin ən çox yayılmış və tanınmış nəzəriyyələridir. Əlbəttə, allergiyanın yaranmasında onların hər birinin öz yeri vardır. Məsələn, allergik xəstəliklərə irsi meyilliliyi olan şəxs ekoloji vəziyyəti pis olan şəhərdə yaşayır və daim stresslərə məruz qalır. Bu halda, böyük əminliklə demək olar ki, bu adamın immun sisteminin fəaliyyətində müxtəlif pozulmalar, həmçinin allergiya meydana çıxa bilər.
Mənbə: saglamolun.az