Əlbəttə ki, qəti şəkildə — “bütün xəstəliklərin səbəbi immunitetin zəif olması ilə əlaqədardır” — demək düzgün deyil.
Xəstəliklərin əksəriyyəti müxtəlif səbəblərin toplanması nəticəsində baş verir, bu səbəblər arasında immunitet olmaya da bilər. Eyni zamanda bir çox müxtəlif xəstəliklər (həmçinin ağır və təhlükəli xəstəliklər) də vardır ki, onlar öz inkişafına məhz immunitetin zəiflənməsi zamanı başlayırlar. Buna görə immun sistemini hər zaman «döyüşə» tam hazır vəziyyətdə saxlamaq çox-çox vacibdir. Bəs, bunun üçün nə etmək lazımdır?
Gəlin, bir anlığa bədənlərindəki əzələ kütləsini aramsız olaraq artırmaqla məşğul olan kulturistlərə nəzər yetirək. Hər bir kulturist yaxşı bilir ki, o öz bədənindəki əzələləri nə qədər çox məşq etdirərsə (əlbəttə ki, müəyyən bir həddə qədər), nəticə də daha yaxşı olacaq: əzələlərin kütləsi daha çox “şişirdilmiş” olacaqdır. Yəni əzələ kütləsini artırmaq üçün müəyyən dərəcədə olmaqla daimi fiziki gərginlik tələb olunur. Əgər əzələlərin məşq etdirilməsi dayandırılarsa, əzələ kütləsi azalmağa başlayacaq və bir müddət keçdikdən sonra həmin adamın əvvəllər qaldıra bildiyi çəkilərə (və ya həmin fiziki yüklənməyə) gücü çatmayacaqdır. Digər tərəfdən, əgər trenajorlarda əldən düşənə qədər məşq edilərsə, əlbəttə ki, bu da heç bir yaxşı nəticə verməz və orqanizm bir müddətdən sonra sadəcə olaraq zəifləyəcəkdir.
İndi isə gəlin, bizim immun sistemi barədə olan söhbətə qayıdaq. Əzələlər kimi bu sistemin orqanlarını da “məşq etdirmək” lazımdır. Əgər bu edilməzsə, immun sistemi orqanlarının funksiyası zəifləyir. Bu isə onların vəzifə fəaliyyətinin də (orqanizm üçün “yad” hesab olunanların hamısına qarşı tez və adekvat şəkildə cavab vermək) zəifləməsinə səbəb olur. Bu səbəbdən də insanlar tez-tez soyuqlayır, infeksion xəstəliklərə tutulurlar və s.
Bəs immun sistemi orqanlarını necə “məşq etdirmək” olar? Axı onlar əzələ deyil. Ancaq bunu etmək mümkündür.
Misal üçün, müşahidələrə görə, hər cür vasitələrlə valideynləri tərəfindən, hava cərəyanından (“skvoznyak”) qorunan, daim isti geyindirilən, cüzi soyuq olduqda təmiz havaya çıxarılmayan və s. üsullar vasitəsilə «qorunan» uşaqlar daha tez-tez və daha ağır xəstələnirlər. Bu, eyni qaydada böyüklərə də aiddir.
Beləliklə, yaxşı sağlamlığın və yaxşı immunitetin əsası – sağlam (təbii) həyat tərzidir. Əfsuslar osun ki, müasir insanlar bundan get-gedə daha da uzaqlaşırlar.
“Sağlam həyat tərzi” nə deməkdir?
— Düzgün, xeyirli, təbii qidalarla qidalanmaq. Heç zaman həddindən artıq yeməmək, vaxt olduqca yüngülləşdirici qida qəbulu günləri keçirmək. Ancaq bu zaman tam ac qalmamaq, uzun müddət ərzində kəskin pəhriz rejimləri də tətbiq etməmək tövsiyə olunur. Daim normal şəkildə qidalanmayan və ya daim həddən artıq yeyən insanların immun sistemi xeyli dərəcədə zəifləmiş olur!
— Özünü hər zaman kifayət qədər fiziki aktivliklə təmin etmək – gəzmək, trenajor zalına, hovuza getmək, rəqs etmək və s. Əlbəttə ki, bu zaman fiziki aktivlik müəyyən həddlərdə olmalıdır. Həddindən artıq fiziki gərginlik də immunitetin zəifləməsinə səbəb olur! Onu da qeyd etmək istərdik ki, daha yaxşı effekt verməsi üçün mümkün olduqca fiziki hərəkətləri açıq havada icra etmək lazımdır. Bu mümkün olmadıqda isə, sadəcə olaraq təmiz havada gəzmək və ya qaçmaq yaxşı olar. Yaponları yadınıza salın: onların kiçiklərindən tutmuş böyüklərinə qədər, hamı bədən tərbiyəsi ilə açıq havada məşğul olmağı çox sevirlər. Ola bilər ki, məhz buna görə, həmçinin kifayət qədər xeyirli və balanslaşdırılmış mətbəxə malik olmaları, onları dünyada ən üzun ömür sürən millətlərdən etmişdir.
Beləliklə, immun sisteminin ən güclü stimulyatorları – qida, hava və fiziki aktivlikdir. Məhz bu təbii vasitələrin köməyilə orqanizmi daim şəkildə stimulyasiya etmədən, immunitetini süni şəkildə möhkəmləndirmək cəhdləri, yalnız qısa bir müddət ərzində müsbət nəticə verə bilər.
Yadda saxlamaq lazımdır ki, istənilən orqan və ya sistemi məşq edilmədikdə onların funksiyasının zəifləməsinə gətirib çıxarır! Bu, bütün orqanlar kimi, əlbəttə ki, immun sistemi üçün də düzgün və ədalətli hesab olunur.
Mənbə: saglamolun.az