İmmun sistemi – xeyli sayda immun hüceyrələri və digər müdafiəçiləri olan yüksək döyüş qabiliyyətli bir «ordudur». Bu döyüşçülərdən ən məşhurları limfositlərdir. Onlar hələ uşaq ana bətnində olarkən xüsusi hazırlıq keçerək “özününkü” olmayanları (bakteriyalar, viruslar, yad hüceyrələr və s.) “özününkülərdən” (hüceyrələr, toxumalar, orqanizmin öz molekulları və s.) ayırmağı öyrənirlər. Ancaq əfsuslar olsun ki, immun sisteminin döyüşçüləri arasında orqanizmin öz hüceyrələrinə hücum edən «satqınlar» da olur. Onlar autoimmun (“auto” – özünükü, şəxsi sözündəndir) və ya autoreaktiv hüceyrələr adlanır.
İmmun sisteminin əsas vəzifələrindən biri belə «satqınları» izləyərək onları məhv etməkdən ibarətdir. Ancaq bunu etmək heç də hər zaman mümkün olmur.Əgər autoimmun hüceyrələr immun sisteminin nəzarətindən çıxarlarsa, onlar orqanizmin öz toxumalarını məhv etməyə başlayırlar ki, bu da insulindən asılı şəkərli diabet, revmatoid artrit və s. kimi avtoimmun xəstəliklərinin yaranmasına səbəb olur. Digər halda isə bu hüceyrələr orqanizmin öz toxuma və molekullarına qarşı anticisimlər hazırlayırlar ki, bunun da nəticəsində yayılmış skleroz, qırmızı qurd eşənəyi və s. kimi xəstəliklər yaranır. Ümumilikdə 80-dən artıq autoimmun xəstəlik növləri məlumdur.
Autoimmun xəstəlikləri bunlardır:
- miasteniya (bədənin müxtəlif əzələləri zədələnir);
- Şeqren sindromu (tüpürcək vəziləri, qara ciyər, qalxanvari vəzi, böyrək hüceyrələri zədələnir);
- autoimmun trombositopeniya (trombositlərin sayının azalması);
- sklerodermiya (ürək, dəri, böyrək və ağ ciyər hüceyrələri zədələnir);
- insulin asılılıqlı şəkərli diabet (mədəaltı vəzinin hüceyrələri zədələnir);
- revmatoid artrit (oynaqların birləşdirici toxumaları zədələnir);
- diffuz toksik zob (qalxanvari vəzi hüceyrələri zədələnir);
- qurd eşənəyi sistem xəstəliyi (dəri, oynaqlar, ürək, ağ ciyərlər, böyrəklər zədələnir);
- autoimmun hemolitik anemiya (qan hüceyrələri zədələnir);
- yayılmış skleroz (mərkəzi sinir sisteminin hüceyrələri zədələnir);
- vitiliqo (dəri hüceyrələri zədələnir) və s.
Autoimmun xəstəliklərin yaranması mexanizmi hələ tam öyrənilməmişdir. Məlumdur ki, autoimmun xəstəliklərinin səbəbi immun sisteminin bütün funksiyalarının və ya onun ayrı-ayrı komponentlərinin pozulmasıdır. Məsələn, qırmızı qurd eşənəyi sistem xəstəliyinin, miasteniyanın və ya diffuz toksik zobun inkişaf etməsində “günahkar” — öz funksiyasını kifayət dərəcədə yerinə yetirə bilməyən T-limfositlər-supressorlardır. Normal halda, bu limfositlər immun cavabı tormozlayaraq, onun inkişaf edərək orqanizmin özü üçün təhlükə törədə biləcək həddə çatmasına imkan vermirlər. Sklerodermiya zamanı T-xelper-limfositlərin aktivliyinin anormal şəkildə artması nəticəsində orqanizmin immun cavabı xeyli dərəcədə güclü olur və orqanizmin özünü də dağıtmağa başlayır.
Bu və ya digər autoimmun xəstəliklərinin heç birinin yaranmasının səbəbləri indiyə qədər də alimlər tərəfindən dəqiq öyrənilməmişdir. Ancaq o da məlumdur ki, bir sıra həm xarici, həm də daxili zərərli faktorlar onların inkişaf etməsinə təkan verə bilər. Belə faktorlardan bəzilərini nəzərinizə çatdırmaq istəyirik:
1. Genetik meyilliliyin olması. Məsələn, əgər sizin yaxın qohumlarınız arasında yayılmış sklerozu olan xəstə olarsa, bu halda sizin bu xəstəliyə düçar olma riskiniz 20-50% təşkil edir.
2. İnfeksion xəstəliklər. Hamıya məlumdur ki, istənilən xəstəlik immun sisteminin aktivləşməsinə, qoruyucu reaksiyalar «zəncirinin» işə düşməsinə səbəb olur ki, onlar da viruslara yoluxmuş hüceyrələri və ya bakteriyaları məhv etməyə başlayırlar. Ancaq bəzi hallarda belə xəstəliklərinə cavab olaraq yaranan immun reaksiya sonradan dayanmır. Bu zaman anormal bir vəziyyət yaranır – xəstəliyi törədən bakteriya və viruslar orqanzmdən xaric olsalar da, immun sistemi işləməkdə davam edir. Nəticədə orqanizmin normal hüceyrələrindən azca da olsa, fərqlənən öz hüceyrələri də onun hədəfinə çevrilir.
Sadə şəkildə bunu belə təsəvvür etmək olar: məsələn, qrip xəstəliyinin kəskin dövründə virus hər zaman ürək əzələsi hüceyrələrinə, qığırdaq toxumasına, qan hüceyrələrinə daxil olaraq, onlarda öz bioloji izini qoya bilir. Viruslarla mübarizəyə qarışan immun sistemi, bu hüceyrələri də “yad” hüceyrələr kimi qəbul edərək onları (bunula yanaşı olaraq, ürək, oynaqlar, böyrəklər və qanı da) da dağıtmağa başlayır. Nəticədə qrip keçirmiş insanda miokardit, artritlər (oynaqların zədələnməsi), qan xəstəlikləri və ya nefrit (böyrək xəstəliyi) kimi xəstəliklər də inkişaf edə bilər. Elə infeksiya törədiciləri vardır ki, onlarqara ciyərin, mədəaltı vəzinin və ya qalxanvari vəzinin hüceyrələrini zədələyir. Belə hallarda həmin orqanların autoimmun xəstəlikləri — qara ciyər sirrozu, diabetin müxtəlif formaları, zob inkişaf edir. Viruslar baş beyin qişalarını, görmə orqanlarını, dəri hüceyrələrini və s. toxumaları zədələmiş olarsa, immun sisteminin anormal işləməsi nəticəsində yayılmış skleroz, uveitlər,psoryaz və digər xəstəliklər də inkişaf edə bilər.
3. Xroniki intoksikasiyalar. Məsələn, metallurgiya (metal istehsalı), neftayırma və kimya sənayesi olan iri şəhərlərdə yaşayan əhali arasında autoimmun xəstəliklərinin səviyyəsi kənd yerlərində ekoloji təmiz şəraitdə yaşayanlara nisbətən daha yüksək olur.
4. Ultrabənövşəyi şüalanma, radiasiya. İnsanlar günəş altında normadan artıq dərəcədə “qaraldıqda”, həmçinin radiasiyanın təsirinə məruz qaldıqda onların orqanizmində olan normal maddələr öz qurluşunu dəyişə bilər. Bu halda, orqanizmin immun sistemi həmin dəyişilmiş maddələri yad substansiya (maddə) kimi qəbul edərək onlarla mübarizəyə başlaya bilər.
5. Dərman preparatları. Bəzi dərmanlar (məsələn, penisillin) eritrositlərlə (qırmızı qan hüceyrələri) birləşirlər. Ona görə də orqanizmin immun sistemi bu hüceyrələri “yad” antigenlər kimi qəbul edərək onlara hücum edir.
6. Balanslaşdırılmamış qidalanma (yüksək kalorili pəhriz, qidada kifayət qədər sellülozun olmaması) – yaxın qohumlarında şəkərli diabet olan insanlarda insulin asılılıqlı şəkərli diabetin yaranmasına səbəb ola bilər.
Bəzi autoimmun xəstəliklər müəyyən bir müddət keçdikdən sonra qəflətən başladıqları kimi, qəflətən də öz-özünə keçib gedə bilərlər. Anacaq əksər hallarda, onlar xroniki hala keçərək insanın bütün ömrü boyu müalicə tələb edir.
Bəs, immun xəstəliklərindən necə qurtulmaq olar? Əlbəttə ki, digər xəstəliklər kimi bu xəstəliklərdən də heç kim sığortalanmamışdır. Ancaq yaxın qohumlarında autoimmun xəstəliklər olan insanlar bu təhlükəyə daha çox məruz qalırlar. İrsən ötürülən risk — xəstəliyin özü yox, ona meyilliliyin olmasıdır. Xəstəliyin yaranması üçün müvafiq şərait yarandığı halda, bu meyllilik, xəstəliyin özünə çevrilə bilər. Ona görə də, ailələrində autoimmun xəstəliklər olan şəxslər bu xəstəliklərin profilaktikasına əməl etməlidirlər: kəskin və infeksion xəstəliklər vaxtında və düzgün müalicə olunmalı, zərərli adətlərdən imtina etməli, düzgün qidalanmalı, stresdən uzaq olmalı və s.
Yəqin ki, hər bir həkim-terapevt öz təcrübəsində, cavan kişi və qadınların xəstəlik tarixlərində, müalicə olunmayan və ya yarımçıq müalicə olunan infeksion xəstəliklərdən sonra onların başında, dərisində, qara ciyərində, oynaqlarında anlaşılmaz problemlərin yaranması kimi halları xatırlaya bilər.
“Sadəcə olaraq bir qədər soyuqlamışam” deyərək, biz bir çox hallarda xəstə ola-ola, hərarətin yüksək olmasına baxmayaraq işə çıxırıq. Bunun nəticəsi olaraq bu xəstəlikdən sonra bir dəstə fəsadlar (otit, tonzillit, bronxit və s.) almış oluruq. Belə fəsadlardan biri də autoimmun xəstəlik ola bilər. Məsələn, hazırda ən çox yayılmış autoimmun xəstəliklərdən biri hesab olunan — revmatoid artrit bir çox hallarda məhz angina xəstəliyi keçirdikdən sonra yaranır.
Əgər soyuqdəymədən tamamilə sağalmamış uşağı valideynləri uşaq bağçasına və ya məktəbə göndərirlərsə və bu zaman ona hər hansı bir infeksion xəstəliyə qarşı profilaktik peyvənd və ya vaksin də vururlarsa, bu daha da acınacaqlı nəticələrə gətirib çıxara bilər. Bu halda autoimmun xəstəliyin inkişaf etməsi ehtimalı dəfələrlə artır.
Bu deyilənlərdən ancaq bir nəticəyə gəlmək olar: həm özünüzün, həm də uşaqlarınızın orqanizminə çox ehtiyatla yanaşmaq, risk faktorlarını və orqanizmin imkanlarını düzgün qiymətləndirmək lazımdır. Bu halda, digər xəstəliklərlə yanaşı autoimmun xəstəliklərin inkişaf etmə ehtimalı azalmış olur.