HİV infeksiyası

HİV infeksiyası

Bəşər tarixinin ən dağıdıcı, ən təhlükəli epidemiyalarından biri ötən əsrin 80-ci illərində meydana çıxmış, qısa müddət ərzində bütün qitələrə yayılmış insanın immunçatışmazlığı virisu infeksiyası, artıq beynəlxalq aləmdə qəbul olunmuş terminologiya ilə söyləsək, HİV infeksiyasıdır. Məlumat üçün bildirmək istəyirəm ki, HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə ABŞ-da qeydə alınmış, 1982-ci ildə bu xəstəliyin ağır formasına "Qazanılmış immunçatışmazlığı sindromu" adı verilmiş, 1983-cü ildə fransız alimi Lyük Montana, 1984-cü ildə isə amerikan alimi Robert Qallo tərəfindən HİV virusu kəşf edilmişdir. Həmin vaxtdan ötən 25 il ərzində dünyada 63 milyon insan HİV infeksiyasına yoluxmuş, onlardan 25 milyonu bu səbəbdən dünyasını dəyişmişdir. HİV-ə yoluxanların və bu infeksiyadan dünyasını dəyişənlərin 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. HİV-ə yoluxan şəxslərin 70%-ni 15-39 yaşlı şəxslər, 43%-ni qadınlar təşkil edir.

HİV-AIDS symbolAzərbaycanda ilk HİV infeksiyası 1987-ci ildə Neft-Kimya İnstitutunun tələbəsi olan Uqanda vətəndaşında aşkar edilmişdir. Hazırda ölkəmizdə 2.224 nəfər insan HİV infeksiyasına yoluxmuş, 274 nəfər isə bu səbəbdən vəfat etmişdir. HİV-ə yoluxanların 2.138 nəfəri (96,1%) Azərbaycan vətəndaşları, 86 nəfəri (3,9%) isə əcnəbilərdir. Yaş tərkibinə görə HİV-ə yoluxanların 0,5%-i 15 yaşadək uşaqlar, 91,1%-i isə 19-49 yaşlarında olan şəxslərdir.
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" mövcud qanun 1996-cı ildə qəbul edilmişdir. Həmin vaxt Azərbaycanda cəmi 2 HİV infeksiyalı şəxs aşkar edilmiş, HİV-lə mübarizənin mükəmməl şəbəkəsi olmamışdır. Ötən müddət ərzində HİV-ə münasibət həm Azərbaycanda, həm də dünyada xeyli dəyişmişdir.

Görülən tədbirlərə baxmayaraq, əsasən, venadaxili narkotik istifadəçilərinin və əmək miqrantlarının hesabına, eləcə də HİV-lə bağlı sanitar-maarifləndirmə işinin lazımi səviyyədə olmaması, cəmiyyətdə bu şəxslərə qarşı stiqma və diskriminasiya yaradan stereotipin dominantlıq təşkil etməsi səbəbindən vaxtında müayinə və postkontakt müalicə üçün müraciətlərin edilməməsi, HİV-dən qorunma mədəniyyətinin formalaşmaması, zərərin azaldılması proqramlarına inamsız münasibət və bu sahədə lazımi hüquqi bazanın olmaması kimi səbəblərdən respublikamızda HİV-ə yoluxanların sayı ildən-ilə artmaqdadır. Qeyd etdiyim 2.224 rəqəmi yalnız müayinə olunaraq diaqnozu təsdiq edilmiş xəstələrin sayını göstərir. Əsil həqiqətdə isə ölkədə HİV-ə yoluxmuş, lakin aşkarlanmamış şəxslərin sayı rəsmi statistikadan bir neçə dəfə çoxdur.

Dünyada tibbi, sosial, hüquqi baxımdan HİV-ə münasibəti bir-birinə tamamilə zidd olan 2 mərhələyə bölmək olar. Əgər XX əsrin sonlarına qədər müalicəsi olmayan və sürətlə yayılan bu xəstəliyi hətta tibb mütəxəssisləri və hüquq müdafiəçiləri "XX əsrin taunu" adlandırır və onu bu xəstəliyə ən çox tutulan narkomanlara və riskli cinsi davranış tətbiq edən şəxslərə Allahın cəzası hesab edir, xəstəliyin qarşısının alınmasının əsas yolunu belə şəxslərlə kontaktın azaldılması və hətta onların cəmiyyətdən izolyasiyasında görürdülərsə, XXI əsrin əvvəllərində 2 hadisə HİV-ə qarşı dünya ictimaiyyətinin fikrini tam əks istiqamətdə dəyişdi. Bunlar aşağıdakılardır:

1. Xəstəliyin istənilən mərhələsində infeksiyanın inkişafını dayandıran, xəstə şəxsin ömrünü və əmək qabiliyyətini xeyli uzadan, zədələnmiş immun sistemin fəaliyyətini bərpa edə bilən yeni nəsil antiretrovirus preparatlarının kəşf olunması;

2. BMT-nin Baş Assambleyası tərəfindən 2001-ci ilin iyununda HİV infeksiyasına və bu infeksiyaya yoluxmuş şəxslərə tibbi, sosial, hüquqi, mənəvi-əxlaqi münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsini tövsiyə edən "HİV/AİDS-lə mübarizə işində tərəfdaşlıq" Deklarasiyasının qəbul edilməsi. Bu Deklarasiya HİV/AİDS-lə mübarizənin 12 rəhbər prinsipini müəyyənləşdirdi və üzv dövlətlərə tövsiyə etdi.

Hazırda Milli Məclisin müzakirəsində olan "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi yuxarıda qeyd olunan zərurətlər, Azərbaycandakı və dünyadakı reallıqlar nəzərə alınmaqla, ÜST-in və BMT-nin tövsiyələri, MDB-nin model qanunu, 12 ölkənin, o cümlədən, Portuqaliya, İspaniya, CAR, Uqanda, RF, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstan respublikalarının qanunları ətraflı təhlil edilməklə hazırlanmışdır. Qanun layihəsinin ilk variantında işçi qrupu mövcud qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tuturdu. Lakin layihə üzərində iş prosesində qanunun fəlsəfəsinin tamamilə dəyişdiyini və mahiyyətcə hər maddəyə əlavə və dəyişikliyin edilməsi labüdlüyünü nəzərə alaraq tamamilə yeni qanunun işlənməsini məqsədəuyğun saymışdır. 7 fəsildən, 30 maddədən ibarət qanun layihəsinin 6 maddəsini əhatə edən I fəslində ümumi müddəalar, əsas anlayışlar, HİV-lə mübarizənin əsas prinsipləri, bu sahədəki dövlət təminatı, maarifləndirmə və maliyyələşdirmə məsələləri öz əksini tapır.


Bu qanun layihəsi həm konseptual baxımdan, həm də məzmun etibarı ilə HİV/AİDS problemlərinə yeni baxışlar sistemini özündə ehtiva edir. Qanunun yenilikçi mahiyyəti ondan ibarətdir ki, bundan sonra ölkəmizdə HİV/AİDS hadisəsinə dəhşətli, sürətlə yayılan və əlacı olmayan ağır xəstəlik kimi deyil, bəşəriyyətin artıq 30 ilə yaxın tanıdığı və mübarizə apardığı, qorunma yolları məlum olan, yoluxma hadisəsi baş verdikdə müalicə üsulları və dərman preparatları ilbəil yeniləşən xroniki infeksiya kimi baxmağı öyrənək, HİV-ə yoluxmuş şəxslərə üzdə deyil, daxilən tolerant münasibət bəsləyə bilək, onlara nə ikrah hissi ilə baxmayaq, nə də onlara yazığımız gəlməsin. HİV-lə yaşayan şəxslərin statusunu cəmiyyət tərəfindən şəkərli diabet, hipertoniya, revmatizm və sairə xroniki xəstəliklərdə olduğu kimi insanın həyat tərzi olaraq qəbul edilməsinə çalışmalıyıq. Layihədə əks olunmuş zərərin azaldılması proqramları dünyanın bir çox ölkələrində həm HİV/AİDS infeksiyasının yayılmasının qarşısının alınması, həm də narkomaniya və onunla bağlı cinayətkarlığın azaldılması sahəsində uğurla tətbiq edilir.

Mənbə: Milli Məclis jurnalı
Müəllif: Musa Urud, Millət vəkili, tibb elmləri namizədi
Həmçinin bax: QİÇS
Top