İslamda övlad tərbiyəsi

İslamda övlad tərbiyəsi

İmam Sadiq (ə) buyurur: “Yeddi il icazə ver uşaq oynasın, ikinci yeddi ildə ona yazı yazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah Təalanın əhkamında olan halal və haramı öyrət.”
Uşaqlar dərketmə həddinə çatan kimi onlara hədislər öyrət. Həzrəti Əli (ə)-ın məhəbbətini onların qəlbinə salmaq, onlara Quran öyrətmək, onlarla ədəb-ərkanla rəftar etmək və onları yaxşı adlarla çağırmaq lazımdır. (Kafi, 6-cı cild, səh.47)
İmam Sadiq (ə) buyurmuşdur: “Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara İslami məsələləri öyrədin.”
Uşaqlıq çağlarında övladın şuluq və şıltaq olması böyüyəndə onun səbirli və bilikli olacağının əlamətidir. Uşaqla kobut rəftar etmək və ağır işləri uşağa tapşırmaq düzgün deyil. Hər vaxt övladına bir şey vədə verdin, ona əməl etməlisən. Bunları da İmam Sadiq buyurur. (Kafi, 6-cı cild, səh-50, hədis 5-8)
Həmişə uşağı mehribanlıqla öpmək savab işlərdəndir. Rəvayətdə nəql olunub ki, hər kəs öz övladını əzizləyib öpərsə, Allah ona savab yazar. Övladını sevindir, ki Qiyamət günü Allah-təala səni sevindirsin. Uşaqla uşaqlar kimi oyna. Heç vaxt övladlar arasında fərq qoymayın. Yalnız o vaxt bu işi evdə edə bilərsiniz ki, o uşaq elmi, əməli və əxlaqi ilə fərqlənsin. Imam Sadiq (ə) buyurur: “Elə ki, uşaq üç yaşına çatdı, ona yeddi dəfə “ La ilahə illəllah” kəlməsini öyrədərlər. Uşağın üç yaş yeddi ay iyirmi günlüyündə ona yeddi dəfə “Muhəmmədin Rəsulullah” deməyi təlim verərlər. Dörd yaşı tamam olanda isə ona yeddi dəfə “Səlləllahu əla Muhəmmədin və alihi” kəlməsini öyrətmək lazımdır. Beş yaşı tamam olanda onu Allaha səcdə etməyə vadar edərlər. Altı yaşı tamam olanda ona namaz öyrədib namaza vadar edərlər. Yeddi yaşında ona dəstəmaz almaq və namaz qılmağı təlim edərlər. Doqquz yaşında isə bunların hamısını ona kamil şəkildə öyrətmək lazımdır. Əgər görsən dəstəmaz və namazı tərk edir, onu orta səviyyədə cəzalandırmaq lazımdır. O, bu işləri öyrənsə Allah-təala onun ata və anasını bağışlar.” (Məkarimül-əxlaq. 1-ci cild, səh.447)
Əgər uşağın əl və üzü yatmazdan qabaq çirkli olarsa, onu yumalısan, çünki şeytan yuxu əsnasında onları iyləyib qorxuda bilər, əməlləri yazan mələklər də əziyyət çəkərlər.
Top