Antigenlərin təsnifatı.HLA antigenlər.

Antigenlərin təsnifatı.HLA antigenlər.

Antigenlərin təsnifatı

Antigenlər müəyyən meyarlara görə bir neçə növə bölünür:
A.Yerləşməsinə görə:
1.Hüceyrə AG - ləri (membran, nüvə, sitoplazmatik)
2.Humoral AG - ləri (hüceyrə xarici)
3.Stromal AG - ləri (kollagen, elastik və digər liflərin antigenləri)
B.Yadlığa görə:
Autoantigenlər - müəyyən şəraitdə spesifik əkscisimlərin sintezinə səbəb olan orqanizmin özünəməxsus antigenləri.
İzoantigenlər - genetik cəhətdən eyni olan orqanizmlərin antigenləri (bir yumurta əkizlərində).
Singen - bir genetik xəttə aid olan orqanizmlərin antigenləri.Məs., donor və resipient genetik cəhətdən bir nəslə aid olduqda (baba, ata, oğul və nəvə).
Allogen - eyni növün ayrı - ayrı fərdləri üçün səciyyəvi antigenlərdir.Məsş, insanlarda əsas histouyğunlaşma kompleksinin antigenləri - HLA.
Heterogen - müxtəlif növ orqanizmlərə (heyvan, mikroorqanizm növləri) aid ola AG.Bu antigenlər əsasən lipid və polisaxaridlər mənşəli olur.
C.İmmun cavab yaratma mexanizminə görə:
1.Timusdan asılı antigenlər.
Bu antigenlər T-limfositlərin (T-helperlərin) iştirakı ilə immun cavab yaradır, B limfositləri aktivləşdirir, İgM və İgG-nin sintezini stimulyasiya edir.
2.Timusadan asılı olmayan antigenlər.
Bu antigenlər isə T-limfositlərin istirakı olmadan birbaşa B limfositlərini aktivləşdirir və humoral immun cavabın yaranmasına təkan verir.


HLA antigenlər

Əsas histouyğunlaşma kompleksi - ƏHK (MHC - Major Histocompatibility Complex) haqqında anlayış XX əsrin 40-cı illərində George Snell tərəfindən toxuma uyğunluğunun qanunları müəyyən olunduqdan sonra meydana çıxmışdı.Bu kompleks bütün onurğalılarda mövcuddur.İnsanda bu kompleks 6-cı xromosomun kiçik qolunda yerləşərək HLA (Human Leucocyte Antigen) adlanır.HLA-antigenləri qlikoproteinlər olub, ilk dəfə leykositlərdə, daha sonra isə bütün nüvəli hüceyrələrin və trombositlərin plazmatik membranlarında tapılmışdır.
Quruluş və funksional cəhətlərinə görə bu antigenlər aşağıdakı siniflərə bölünür:
I sinif - klassik HLA-A, HLA-B, HLA-C lokuslarında yerləşən antigenlər.
Bütün siniflər içərisində ən geniş yayılanı I sinif antigenləridir.Bu antigenlər nüvəli hüceyrələrin, demək olar ki, hamısında, nadir hallarda isə beyin və epitelial hüceyrələrdə yerləşir.Yalnız eritrositlərdə MHC antigenləri təyin edilmir.I sinif MHC genləri - membran zülallarını kodlaşdırır və daha çox leykositlərdə və limfositlərdə yerləşir.
MHC I sinifin hər lokusu 44000 D molekul çəkisi olan α-polipeptid zəncirini kodlaşdırır.α-zəncirin 3 hüceyrə xarici domeni (α1, α2, α3), transmembran yüngül β2-mikroqlobulinlə bağlıdır.α1α2 domenlərin arasında T-limfositlər tərəfindən tanınan xüsusi sahə (cleft) var.
II sinif - bir sahə ilə əlaqələnən antigenlər (insanda HLA-DR, DQ, DP, siçanda-Ia).II sinif antigenlər əsasən B-limfositlərdə, makrofaqlarda, kapilyarların endotelində və epiteial hüceyrələrdə yerləşir.Bunlar membranlarda yerləşən heterodimer molekullar olub α zəncirindən (molekulyar çəkisi 34000 D) və β zəncirdən  (molekulyar çəkisi 29000 D) ibarətdir.Hüceyrə xaricində hər bir zəncirin 2 domeni yerləşir.α1 β1 domenlərin iştirakı ilə T-limfositlər tanıyan sahə formalaşır.
III sinif -  komplementin C4, C2 və B komponentinə aid olan qlikoproteidlərdir.
I və II sinif antigenlər immun sistemin yad antigenləri tanımasını təmin edir.Belə ki, mikroblar və onların həyat fəaliyyəti məhsulları T-limfositlər tərəfindən tanınmır.Yalnız müəyyən işlənmədən - denaturasiya və peptidlərə qədər proteolizədən sonra antigen hüceyrə səthindəki I və II sinif antigenlərlə birləşir və T-limfositlərin tanınması üçün uyğun olur.Bundan sonra antigenin B-limfositlər tərəfindən tanınması və əkscisim sintezi baş verir.
MHC I sinif molekullar T-limfositlərə hüceyrədaxili sintaz olunmuş peptid AG-ni təqdim edir.Bu mexanizm ilk növbədə viruslara və hüceyrədaxili törədicilərə qarşı müdafiə yaradır.CD8+  T-limfositlər MHC I sinif antigenləri ilə birlikdə virus əleyhinə immun cavabda rol oynayır.
HLA-antigenləri anormal mutant hüceyrələrin sitotoksik limfositlər tərəfindən tanınmasında və məhv edilməsində mühüm əhəmiyyət kəsb edir.Onlar konvertazaların əmələ gəlməsini və komplementin aktivləşməsini təmin edir, hüceyrələrin diferensiasiya və proliferasiyasını sürətləndirir, transplantatın tanınmasında və kənar edilməsində iştirak edir.Bundan başqa bəzi HLA antigenləri (I sinif antigenləri) timositlərin və hormonal reseptorların tərkibinə daxildir.
MHC II sinif molekulları antigenlərlə və T-limfositlərlə başqa cür əlaqə yaradır.Bəzi yolxucu törədicilər "superantigen" adlı maddələr sintez edir."Superantigenlər" öz kimyəvi xüsusiyyətlərinə görə antigen tanıdan hüceyrələrin xarici səthi ilə birləşir və T-limfositlərin aktivləşməsinə gətirib çıxarır.Bu zaman AG - spesifik aktivləşmənin yerinə poliklonal aktivləşmə baş verir.Adətən "superantigenlər" periferik CD4+  T-limfositlərin 2-20%-ni aktivləşdirə bilər.Bunlar isə öz növbəsində sitokinlər sintez edir və ifraz edərək orqanizmdə ümumi intoksikasiya sindromu yaradır.Bu prosesdən sonra aktivləşmiş T-limfəsitlər apoptoz yolu ilə məhv olur.Bu fenomen AİCD (Activatin İnduced Cell Death) - "aktivləşmədən sonra hüceyrə məhvi fenomeni" adlandırılır.Beləliklə, limfositlərin poliklonal aktivləşməsi apoptozla və sonrakı immundefisitlə nəticələnir.
"Superantigenlərə" stafilokokk enterotoksini (SE), endotoksik şok yaradan toksin, QİÇS, Epşteyn-Barr və quduzluq virusları aiddir.

Müəlliflər: Amalya Əyyubova


Gülnarə Nəsrullayeva


Kitab: Kliniki immunologiya



Top