Ağız xərçəngi

Ağız xərçəngi

Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik mürəkkəb bir nahiyyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və spesifik müalicə xüsusiyyətləri ilə xarakterizə olunur.

Ağız boşluğu orqanlarına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyünün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, ön damaq qövsləri ayırd edilir.

Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına görə ağız boşluğu selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi leykozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.

Dünyada ağız xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecikmiş formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu və həkim stomatoloqlarda onkoloji sayıqlığın olmaması ilə əlaqədardır.

Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə baxmayaraq ağız boşluğu orqanlarının xərcəngi olan xəstələrin yaşama göstəriciləri əhəmiyyətli dərəcədə artmamışdər.

Ağız boşluğunun selikli qişasının xərcəngi rast gəlmə tezliyinə görə baş-boynun bəd xassəli şişləri arasında qırtlaq xərcəngindən sonra ikinci yeri tutur. Xərcəngin bu forması bütün bədxassəli şişlərin 2-10% təşkil edir və onkoloji xəstəliklərin ümumi strukturunda 8-9-cu yerləri bölüşdürür.

Yer kürəsində hər il ağız boşluğu xərcəngi ilə 600000-dən çox xəstələnmə hadisəsi qeydə alınır və bu göstərici artmağa meyllidir. Ağız boşluğu orqanlarının xərcəngi ilə yüksək xəstələnmə səviyyəsi Hindistanda, Orta Asiya ölkələrində, ABŞ-da, Brazilyada müşahidə olunur. Yer kürəsində ən yüksək xəstələnmə səviyyəsi Hindistanda qeyd olunur.

Xəstəlik kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinir və daha çox 60-70 yaşlı şəxslərdə müşahidə olunur. Adətən 40 yaşdan yuxarı xəstələnənlərin sayı artır, 80 yaşdan sonra isə azalır. Hərçənd ki daha cavan yaşlarda hətta uşaqlarda da ağız boşluğu orqanlarının xərçəngi haqda məlumatlar var. Ağız selikli qişasında risk faizi yüksək olan 7 sahə vardır. Bunlar alt dodaq, yanaq, retromolyar sahə, yumşaq damaq, dilin yan və alt kənarları və ağız dibidir.

Ağız xərçənginin risk amilləri:
1. Kimyəvi kanserogen amillər
2. Fiziki kanserogen amillər
3. Bioloji kanserogen amillər

Çox ehtimal ki, bədxassəli şişin əmələ gəlməsində eyni zamanda bir neçə amil iştirak edir.

Kimyəvi kanserogen amillərə aşağıdakılar aid edilir:
— siqaretçəkmə
— qidalanma
— alkoqol
— ekologiya
— peşə kanserogenləri

Siqaretçəkmə: ağız boşluğu xərçəngi olan xəstələrin 80-90%-i aktiv siqaret çəkənlər və ya tənbəki çeynəyənlərdir. Ağız boşluğunda xərçəngin əmələ gəlməsi ehtimalı siqareti daha tez-tez çəkənlərdə daha çoxdur. Ağız boşluğu xərçənginin çox rast gəlindiyi Hindistanda, həmçinin Qvineya və Kolumbiyada tüstülənən tərəfi ağız boşluğunda olan siqaretlərdən istifadə edilir. Bu siqaretlər «bidi» adlanıb adilərindən qısa olur. belə siqaretçəkmə zamanı ağız boşluğunun təkrari yanıqlara məruz qalması xərçəngin əmələ gəlməsi ehtimalını dəfələrlə artırır.

Qidalanma kanserogen amillər arasında siqaretçəkmədən sonra ikinci yeri tutur və xərçəngin əmələgəlmə səbəblərinin 20-25%-ni təşkil edir. Qidanın bir sıra komponentləri, o cümlədən heyvan mənşəli yağlar, xərçəngin əmələ gəlmə riskini artırır. Eyni zamanda vitaminlər — ilk növbədə C, A, beta-karotin, həmçinin bu vitaminlərlə zəngin qidalar ağız boşluğu xərçəngi ilə xəstələnmə riskini azaldır. Bundan əlavə duzlu, hisə verilmiş və konservləşdirilmiş məhsulların tərkibində bir sıra kanserogen maddələr (nitrozaminlər, polisiklik aromatik karbohidrogenlər) vardır. Xərçəngin əmələgəlmə riski həmçinin çox isti qida və çox duz istifadə edən şəxslərdə müşahidə olunur.

Alkoqol ağız boşluğunun selikli qişasına qıcıqlandırıcı təsir göstərir. Ağız boşluğu xərçəngi olan xəstələrin 70-75%-i alkoqoldan istifadə edənlərdir. Siqaretçəkmə və alkoqoldan müştərək istifadə ağız boşluğu xərçənginin əmələ gəlməsi ehtimalını daha da artırır.

Ekololoji amillər ağız boşluğu xərçənginin əmələgəlmə səbəblərinin 1-4%-ni təşkil edir. Ekoloji kanserogen amillərə ətraf mühitin (hava, su və torpağın) çirklənməsi aid edilir. Havanı çirkləndirən kanserogen maddələrə polisiklik aromatik karbohidrogenlər, xrom, formaldehid, benzol, asbest və bir sıra digər kimyəvi birləşmələr aid edilir. Ən geniş yayılmış su çirkləndiricilərinə suyun xlorlaşdırılması nəticəsində əmələ gələn kimyəvi birləşmələr, eyni zamanda su rezervuarlarının təmizlənməsində istifadə olunan üzvi birləşmələr, çaylara axıdılan istehsalat tullantıları aiddir.

Ağız boşluğu xərçənginin əmələ gəlməsi riskini artıran istehsalat zərərlərinə ağır metallar, ağac tozu, tekstil, mebel, dəri sənayesi məhsulları aid edilir.

Fiziki kanserogenlərin aşağıdakı növləri vardır:
— Travmalar
— İonizəedici radiasiya
— Radon
— Elektromaqnit şüalanması
— Ağız boşluğunda qalvanizim

Ağız boşluğu selikli qişasının xərçənginin əmələ gəlməsində travmalar xüsusi qeyd edilməlidir. Bizə müraciət edən xəstələrin 90-95%-i uzun müddət ağız boşluğunda düzgün düzəldilməmiş və ya istifadə müddəti bitmiş protez gezdiren insanlardır. Eyni zamanda protez hazırlanan plastik kütlənin tam polimerləşməməsi selikli qişanı daim qıcıqlandırır. Bu da xerçengin əmələ gəlmə ehtimalını artırır.

Ağız boşluğunda qalvanizim prosesi çıxan və çıxmayan ortopedik konstruksiyaların metal hisseleri arasında yaranır və ağız boşluğu xərçənginin yaranması və inkişafına öz təsirini göstərir.

Bioloji kanserogen amillərin aşağıdakı növləri fərqləndirilir:
— Bakteriyalar
— Viruslar
— Hormonlar
— Genetik amillər
— İmmunçatışmazlıq

Ağız boşluğunda uzun müddət davam edən iltihabi proseselər, sağalmayan yaralar həmin nahiyənin selikli qişa hüceyrələrinin genetik aparatında dəyişikliklərə səbəb olur ki, bu da həmin nahiyyənin xərçənginə səbəb olur. Bundan başqa bəzi virusların ağız boşluğu selikli qişasında xərçəng törətmə qabiliyyəti aşkar edilmişdir. Bu viruslara İnsan papilloma virusunun (HPV) 16-18 ci serotiplərini, İnsan herpes virusunu(HHV8-KSHV), Epşteyn-Barr virusunu (EBV), İnsan immunçatışmazlıq virusunu (HİV) aid edirlər. Ədəbiyyat məlumatlarına görə bu lokalizasiyalı şişlərin 5-10%-i HPV ilə əlaqədardır.

Məhəmməd Davudov
Üz-çənə və baş-boyun cərrahı

Top