Xərçəngin mənşəyi

Xərçəngin mənşəyi

Təbabətin aktual problemlərindən biri olan xərçəng xəstəliyinin səbəblərinin tapılması və müalicəsi müxtəlif müzakirələr doğurur. Aydındır ki, istənilən xəstəliyin mənşəyinin aşkar edilməsi  ona qarşı aparılan müalicənin effektli olmasını təmin edən vasitələrdən ən başlıcasıdır. Bu haqda dünya alimləri bir çox tədqiqatlar aparmış və aparmqdadır. Lakin onların gəldiyi  nəticələr fərqlidir.

Bu yaxınlarda isə Amerika kliniki onkoloqlar cəmiyyətinin alimləri sensasiya doğuran məruzələrlə çıxış  etmişlər. Onların məruzələrində deyilir ki, hazırda prostat vəzinin xərçəngindən əziyyət çəkən xəstələrdə təsadüf edilən viruslara əvvəllər yalnız xərçəng xəstəliyi olan siçanlarda rast gəlinirdi.  Deməli, əgər virus məlumdursa, ona qarşı vasitənin də tapılması mümkündür. Qeyd etmək lazımdır ki, həmin virus müəyyən genetik qüsuru olanlarda tapılır.
Tədqiqatın müəlliflərindən biri olan Klivlend klinikasının əməkdaşı  doktor Erik Kleyn vurğulayır: «Biz virusun birbaşa xəstəliyin səbəbi olduğunu təsdiq etmirik. Lakin bu tapıntı prostat vəzinin xərçənginin öyrənilməsinin yeni yolarını göstərir».

Tədqiqatçılar siçanların orqanizmindəki virusların insan orqanizminə necə daxil olduğunu hələ bilmirlər. Lakin bu, genetik də keçə bilər. Kaliforniya universitetindən doktor  Kleyn və onun həmkarı Derizi «genetik çip» texnologiyası tətbiq etmişlər. Derizi xüsusi lövhə  üzərində 20 min virusun genetik materialının xarakter hissələrini yerləşdirmişdir. Kleyn ona prostat vəzinin xərçingi olan xəstələrin toxumasından 86 nümunə təqdim etmişdir.  Onlardan DNT nümunələrini ayırmış və çipə yerləşdirmişlər. Mutant gen aşkar olunan 20 pasiyentin DNT-si siçanların onkovirusu ilə eyni olmuşdur. Aydın olmuşdur ki, orqanizmə daxil olan virusları məhv edən fermentlərin kodlaşdırılmasına cavabdeh olan genin ikiləşməsi nəticəsində mutasiya əmələ gəlmişdir.

Məlum olmuşdur ki, ikiləşmiş genə malik kişilərdə belə fermentlər çox az hasil olur. Normal genə malik 66 pasiyentdə virus yalnız müayinə olunanlardan birində aşkar olmuşdur. Alimlər virusla prostat vəzinin xərçəngi xəstəliyini ayırd etmək üçün yüzlərlə xəstə və sağlam insanı müayinə etmək fikrindədirlər. Amerika alimlərinin kəşfi  xərçəng xəstəliyinin virusogenetik nəzəriyyəsinin praktiki təsdiqi sayıla bilər. Lakin hələ ötən əsrin 40-cı illərində bunu rus alimi Lev Zilber bildirirdi.

Bu yaxınlarda  onun oğlu akademik Kiselevun «İzvestiya» qəzetinə verdiyi müsahibədə deyilir: «Xərçəng xəstəliyinin virus mənşəli olması barəsində hipotezlər hələ 20-ci əsrin əvvəllərində İlya Meçnikov tərəfindən irəli sürülmüşdü. Sonralar Lev Zilber zamanı qabaqlayaraq virsogen nəzəriyyə irəli sürdü. Alim şişlərin mexanizmini öyrənərək belə nəticəyə gəldi ki, sağlam orqanizmə düşən virus genetik əsasını dəyişir, ona görə də hüceyrələr nəzarətdən çıxır və maneəsiz olaraq bölünməyə başlayırlar. Nəticədə şiş əmələ gəlir. Lakin bu fikirlər öz təsdiqini yalnız 60-cı illərdə  aparılan təcrübələrdə tapdı»

Hazırda hesab edirlər ki, xərçəng şişlərinin 25%-i onkovirusların iştirakı ilə əmələ gəlir. Bu, xroniki hepatit B və C-ni törədən virusların qaraciyərin xərçəngini, insanın papilloması virusunun isə qadınlarda uşaqlıq boynu xərçəngi  əmələ gətirməsi faktlarını təsdiq edir. Lakin belə fikirlər də vardır ki, bu xəstəliklər virusların iştirakı olmadan da baş verə bilər, məsələn, süd vəzilərinin, mədənin və digər orqanların xərçəngi. O da  təsdiq olunmuşdur ki, heyvanlarda meydana çıxan bütün şişlər viruslar tərəfindən törədilir. Odur ki, bu sahədə irəliləyişlər olsa da tədqiqatlar hələ davam edir.  

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax:
Xərçəng xəstəliyi
Top