Mədə və dodaq xərçəngi

Mədə və dodaq xərçəngi

Mədə xərçəngi dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində isə II yerdə durur. Mədə xərçəngi çox vaxt mədənin distal hissəsində rast gəlinir (antrum). Mədə xərçənginin klassifikasiyası isə onun lokalizasiyası və histoloji xüsusiyyətlərinə görə təyin olunur. Bir çox dəlillər var ki, Helicobakter Pylori (HP) adlanan mikrobun mədə xərçənginə gətirib çıxardığını sübut edir.

Nəzəri, klinik və epidemioloji tədqiqatlara görə, xərçəng xəstəliyini öyrənən beynəlxalq assosiasiya (LARC) bu mikrobu birinci sinif konserogen maddələrə aid etmişdir. Mərkəzi Avropa, Latın Amerikası və Uzaq Şərq ölkələrində cavan yaşlarda bu mikroba yoluxma səviyyəsi çox yüksəkdir. Mikrobla infeksiyalaşma nə qədər çox yayılarsa, mədə xərçənginə tutulma ehtimalı bir o qədər də yüksək olur. HP mikrobu ilə infeksiyalaşmadan əlavə xəstəliyin mədədə lokalizasiyası, mikrobun aqressivlik dərəcəsi və digər faktorlar xəstəliyin yaranmasında vacib rol oynayır.

HP mikrobu mədədə ilkin iltihabi proses yaradaraq, arakəsilmədən mədənin selikli qişasında dəyişikliklərə səbəb olur. Statistikaya əsasən, bu mikroba görə müalicə alan şəxslərdə xərçəngə tutulma ehtimalı müxtəlif səbəblərdən müalicə almayan şəxslərə nisbətdə çox azdır. Epidemioloji tədqiqatlar HP mikrobu ilə mədə xərçəngi arasındakı əlaqəni sübut edir. Müalicə: HP mikrobuna qarşı erkən mərhələlərdə aparılan müalicə həm xərçəngin, həm də xərçəngönü xəstəliklərin yaranmasını qarşısını alır: bağırsaq metoplaziyası və atrofiyası və s.

Dodaq xərçəngi

Statistikaya əsasən, dodaq xərçəngi bütün bədxassəli şişlər arasında kişilərdə 2%, qadınlarda isə 0.5% təşkil edir. Bundan başqa, xəstəlik qadınlarda 70, kişilərdə isə 60 yaşında sonra əmələ gəlir. 85-90% hallarda dodaq xərçəngi dodağın alt mərkəzi hissəsində yerləşir və çox vaxt bu yastıhüceyrəli olub, buynuzlaşmaya məruz qalan xərçəng növüdür. Dodaq xərçənginə səbəb olan faktorlardan aşağıdakıları göstərmək olar:

- Kanserogen maddələrin təsiri

- Zərərli vərdişlər (siqaret və spirtli içkilərdən istifadə etmək)

- Metereoloji faktorların təsiri (külək, temperatur, günəş radiasiyası)

- Dodaqların müxtəlif növ travmaları

- Dodaqların virus, göbələk və iltihabi proses nəticəsində əmələ gələn "qırmızı haşiyə"

- Mədə- bağırsaq traktının, qaraciyərin müxtəlif xəstəlikləri, A, C, E vitaminlərinin çatmazlığı

Klinik şəklinə gəldikdə isə dodağın üzərində qalın mütəkkəyəbənzər bir törəmə əmələ gəlir. Şiş böyüdükcə onda dağılma prosesləri güclənir və bu nahiyə bir növ infeksiya mənbəyinə çevrilmiş olur. Metastaz və limfatik düyünlər isə 10% hallarda boğazaltı və çənəaltı nahiyədə əmələ gəlir.

Diaqnoz və müalicə. Diaqnoz klinika, biopsiya və yaxmanın nəticəsinə və boyun limfa düyünlərinin USM müayinəsinə əsasən qoyulur. Müalicə xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Şüa terapiyası, kimyəvi terapiya və cərrahi müalicə tətbiq olunur.  Statistikaya əsasən, dodaq xərçəngi III və IV mərhələlərdə aşkarlanır. Belə vəziyyətdə də müalicə effektsiz, proqnoz isə daha pis olur.

Top