Xarici qulaq şişləri , xarici qulaq keçəcəyində əmələ gələn piy vəzilərinin kistaları, osteoma və keloidlər qulaq keçəcəyinin tutulmasına səbəb olur ki, bu da öz növbəsində qulaq çirkinin yaranmasının qarşısını alır və ağır eşitməyə səbəb olur. Müalicəsi cərrahi yolladır.
Davamlı olaraq günəş şüalarına məruz qaldıqda isə çox vaxt yastıhüceyrəli və bazalhüceyrəli xərçəng əmələ gələ bilər. Erkən mərhələlərdə həmin nahiyəni yandırma, qazıyıb təmizləmə və şüa terapiyası tətbiq edilir. Sonrakı mərhələlərdə isə artıq qığırdaq da prosesə qoşulduqdan sonra cərrahi əməliyyat həyata keçirilir. Orta qulaq şişləri Yastıhüceyrəli xərçəng adətən, davamlı otoreya və xroniki otit zamanı meydana çıxır. Müalicə şüa terapiyası ilə birlikdə gicgah sümüyünün rezeksiyası olmaqla aparılır. Nexromaffin paraqanqliomalar orta qulaqda pulsasiya edən qırmızı kütlə şəklində əmələ gəlirlər. Xəstələrin əsas şikayətləri qulaqda səs pulsasiyası ilə sinxron olan, ağır eşitmə, başgicəllənmədir. Müalicə cərrahi yolladır, böyük ölçülü şişlərdə şüa terapiyası aparılır. Eşitmə sinirinin nevrinoması Şvann hüceyrələrindən əmələ gəlir. Klinik əlamətləri eşitmənin zəifləməsi, qulaqda səs, başgicəllənmədir. Müalicəsi cərrahi yolladır, ölçüsü çox da böyük olmayan şişlər zamanı mikrocərrahiyyə həyata keçirilir.
Seruminlər isə qulaq keçəcəyində qulaq çirkini əmələ gətirən vəzilərdən yaranır, histoloji olaraq xoşxassəli, klinik olaraq isə bədxassəlidirlər, ona görə də müalicəsi cərrahi yolladır.